Vens: ABŞ Yaxın Şərqdə uzunmüddətli müharibəyə cəlb olunmayacaq

ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün zərbələri nəzərdən keçirsə də, Vaşinqton Yaxın Şərqdə uzunmüddətli müharibəyə cəlb olunmayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens “The Washington Post” qəzetinə müsahibəsində bildirib.

“Yaxın Şərqdə illərlə davam edən bir müharibədə olacağımız fikri – bunun başvermə ehtimalı yoxdur”, – deyə o vurğulayıb.

Vitse-prezident qeyd edib ki, Trampın İranla bağlı hansı qərarı verəcəyi hələ bəlli deyil. Onun sözlərinə görə, “İranın nüvə silahı əldə etməməsini təmin etmək üçün” həm hərbi variant, həm də diplomatik həll yolu mümkündür.

“Düşünürəm ki, hamımız diplomatik varianta üstünlük veririk. Amma bu, iranlıların addımlarından asılıdır”, – deyə Vens əlavə edib.

O həmçinin özünü xarici hərbi müdaxilələrə şübhə ilə yanaşan siyasətçi kimi xarakterizə edib və bildirib ki, bu yanaşma Prezident Trampa da aiddir.