Yaxın Şərqdə gərginliyin dördüncü günündə BMT mülki əhalinin qorunmasına çağırıb, həmçinin artan humanitar ehtiyaclar və köçkünlük barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, BMT-nin İnsan Hüquqları Ofisinin (OHCHR) sözçüsü Ravina Şamdasani şənbə günü İranın cənubundakı Minab şəhərində qızların ibtidai məktəbinə edilən hücumu xatırladıb. Burada məktəbli qızlar və işçilər də daxil olmaqla 160-dan çox insan həlak olub, onlarla insan yaralanıb.
“Uşaqlar, kiçik qızlar dərs gününün əvvəlində öldürüldü. Üzərində qan olan çantalar – bu, tamamilə dəhşətli mənzərədir”, - deyə o bildirib. Sözçü əlavə edib: “Bu münaqişənin dağıdıcı nəticəsini, ümidsizliyi, mənasızlığı və vəhşiliyin mahiyyətini əks etdirən görüntülərdir”.
Onun sözlərinə görə, bu cinayəti araşdırmaq məsuliyyəti məhz hücumu həyata keçirən qüvvələrin üzərinə düşür. “Biz bu hadisənin araşdırılması nəticələrini ictimaiyyətə açıqlamağa və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etmək üçün mümkün olan hər şeyi etməyə çağırırıq”, - deyə Şamdasani vurğulayıb.
“Əgər zərbələrin xüsusi olaraq mülki şəxslərə yönəldiyi və ya ayrı-seçkilik edilmədiyi müəyyən edilərsə, bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması hesab ediləcək və müharibə cinayəti kimi qiymətləndirilə bilər”, - deyə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi qeyd edib.
Şamdasani, həmçinin qeyd edib ki, İran və İsraildən əlavə, döyüşlər evlərin, müəssisələrin, hava limanlarının və enerji infrastrukturunun dağıdıldığı 12 başqa ölkəyə də təsir edib. Livanda “Hizbullah” silahlı hərəkatı münaqişəyə qoşulub və bu da İsrailin zərbələrinə səbəb olub. BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNHCR) sözçüsü Babar Baloç bildirib: “Livanın cənubundakı bir neçə bölgədə, Bekaa vadisində və Beyrutun cənub ətraflarında insanların genişmiqyaslı köçü qeydə alınıb”.
Baloç bildirib ki, bazar ertəsi günü təxminən 30.000 insan kollektiv mərkəzlərdə qeydiyyata alınıb. O əlavə edib: “Bir çox insan gecəni maşınlarında yolun kənarında keçirib və ya cənubdan Beyruta doğru yola düşdükdən sonra hələ də tıxaclarda qalıb”.
UNHCR nümayəndəsi vurğulayıb ki, münaqişədən təsirlənən ölkələrin çoxu artıq milyonlarla qaçqına və məcburi köçkünə ev sahibliyi edir. O əlavə edib ki, zorakılığın daha da artması və yeni didərginlik dalğaları köçkünləri qəbul edən icmalara dözülməz bir yük yarada bilər.
Bu arada, regionda artan döyüşlər səbəbindən yükdaşımalarda yaranan ciddi fasilələr artıq humanitar təchizat marşrutlarına təsir göstərir.
BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Samer Əbdül-Cabir bildirib ki, Hörmüz boğazı və Qırmızı dəniz vasitəsilə təchizatda yaranan fasilələr bu marşrutlardan asılı olan əməliyyatların əksəriyyətinin xərclərini artıracaq. “Dənizlərin münaqişə zonasına çevrilməsi və hava məkanının bağlanması ilə Türkiyə, Misir, İordaniya və Pakistan kimi digər ölkələrdəki tədarükçülərimizin şəbəkələrini uyğunlaşdırmağı və istifadə etməyi, quru dəhlizlərini dəstəkləməyi düşünürük”, - deyə o bildirib.
ÜƏP nümayəndəsi əlavə edib ki, Misir limanları və Süveyş kanalı təşkilatın Qəzza zolağında, eləcə də Sudandakı əməliyyatlarını dəstəkləmək üçün əsas mərkəzlərdir.
“Bizdə yalnız on günə kifayət edəcək qədər buğda unu var və ərzaq bağlamaları proqramlarımızı yalnız iki yarım həftə dəstəkləyəcək... Qəzza zolağına davamlı və genişlənə bilən qida axınını da təmin etməliyik”, - deyə Əbdül-Cabir sözlərini yekunlaşdırıb.