Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tailand Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfəri çərçivəsində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasına (UNESCAP) sədr seçilib. Ölkəmizin növbəti bir il ərazində UNESCAP-a sədrlik etməsi nəzərdə tutulub.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, “Heç kəsi geridə qoymamaq: Asiya və Sakit okean regionunda bütün yaşlar üçün cəmiyyətin irəlilədilməsi” mövzusuna həsr olunmuş sessiyanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sessiya iştirakçılarına ünvanlanmış müraciəti nazir Ceyhun Bayramov tərəfindən səsləndirilib.
Nazirlikdən verilən məlumatda bildirilib ki, Prezident İlham Əliyevin müraciətində qlobal miqyasda artan geosiyasi gərginliklərin beynəlxalq sülh və təhlükəsizlik üçün yaratdığı çağırışlar qeyd olunub, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyəti bir daha vurğulanıb.
Müraciətdə Azərbaycanın suverenliyini tam bərpa etməsi, Ermənistanla normallaşma prosesində əldə olunan irəliləyişlər, Böyük Qayıdış proqramı, mina təhlükəsinin yaratdığı təhdidlər, dayanıqlı inkişaf göstəriciləri, Orta Dəhlizin artan rolu və ölkənin enerji təhlükəsizliyi ilə regional bağlantıya töhfəsi önə çəkilib.
Müraciətdə Azərbaycanın beynəlxalq təşkilatlar və platformalarda artan fəallığı diqqətə çatdırılıb. Türk Dövlətləri Təşkilatına, AQEM-ə sədrlik, COP29-un uğurla təşkili və tarixi nəticələri, D-8 üzvlüyümüz, qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumu və digər təşəbbüslər vurğulanıb.
Daha sonra, nazir Ceyhun Bayramov sessiyanın sədri qismində çıxış edərək Azərbaycanın inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşıl enerji, regional əlaqəlilik və çoxtərəfli əməkdaşlıq sahələrində prioritetlərini təqdim edib.
Çıxışda vurğulanıb ki, sürətlə dəyişən qlobal şəraitdə inklüzivlik əsas istiqamət olaraq qalmalıdır. Bu yanaşmanın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində həyata keçirildiyi və bilik əsaslı, rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşdırılmasını hədəflədiyi diqqətə çatdırılıb.
Rəqəmsal texnologiyalar, onlayn dövlət xidmətləri və süni intellekt tətbiqləri idarəetmənin səmərəliliyini artırdığı qeyd edilib.
Çıxışda bərpa olunan enerji mənbələrinin həm iqlim, həm də iqtisadi dayanıqlılıq baxımından əhəmiyyəti vurğulanıb. Bakıda keçirilmiş COP29 çərçivəsində əldə edilmiş tarixi razılaşmalar, o cümlədən ildə ən azı 300 milyard ABŞ dolları həcmində iqlim maliyyəsinin səfərbər olunması öhdəliyi xatırlanıb. Bu öhdəliklərin praktiki layihələrə çevrilməsinin vacibliyi qeyd olunub.
Nəqliyyat, ticarət və logistika əlaqələri inklüziv inkişafın mühüm vasitəsi kimi qiymətləndirilib. Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşən strateji mövqeyi vurğulanaraq Orta Dəhlizin regional əməkdaşlıq və dayanıqlılıqda roluna diqqət çəkilib.
Çıxışda bölgəmizdə sülh quruculuğu səylərinin, Cənub–Cənub əməkdaşlığı, çoxtərəfli diplomatiyanın önəmi qeyd olunub.
Sessiya çərçivəsində ümumi müzakirələr zamanı həmçinin xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edib. Çıxış zamanı, regionda inklüziv və dayanıqlı inkişafın təşviqi, sosial bərabərliyin gücləndirilməsi və bütün təbəqələrin inkişaf prosesinə cəlb olunmasının əhəmiyyəti vurğulanıb.
BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına sədrliyin Azərbaycana həvalə olunması ölkəmizə göstərilən yüksək etimadın, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və qlobal və regional proseslərdəfəal iştirakının bariz təzahürüdür.
UNESCAP Asiya və Sakit okean regionunda iqtisadi vəsosial əməkdaşlığı təşviq edən BMT-nin əsas regional platformalarından biri olmaqla, dayanıqlı inkişaf, inklüziv artımvə sosial rifah məsələləri üzrə dialoq üçün mühüm rol oynayır.
xxx
10:08
Xarici işlər naziri Ceyhun Bayramov “Heç kimi geridə qoyma: Asiya və Sakit okean regionunda bütün yaş qrupları üçün cəmiyyətin inkişafı” mövzusu altında Banqkokda keçirilən BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyasında iştirak edib və iclasa sədrlik edib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sessiyanın açılışında Prezident İlham Əliyevin yazılı müraciəti nazir Ceyhun Bayramov tərəfindən səsləndirilib.
Bildirilib ki, sessiya zamanı Azərbaycan ümumi çağırışların həlli və inkişafın faydalarının cəmiyyətin bütün təbəqələrinə çatdırılması üçün regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Nazir Bayramov inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşıl enerji keçidi, regional bağlantılar, sülh quruculuğu və Cənub-Cənub əməkdaşlığına fokuslanan Azərbaycanın əsas siyasət mesajlarını diqqətə çatdırıb.
“Heç kimi geridə qoyma” gündəliyi çərçivəsində Azərbaycanın insan mərkəzli, dayanıqlı və qarşılıqlı əlaqəli regional gələcək vizyonu təqdim olunub.
Sessiya zamanı “Azərbaycan 2030” sosial-iqtisadi inkişaf üzrə milli prioritetlərinin – inklüziv iqtisadi artım, təhsil və səhiyyəyə bərabər çıxış, rəqəmsal ictimai xidmətlərin genişləndirilməsi, nəsillər arasında bərabər imkanların təmin edilməsi kimi istiqamətləri xatırladılıb.
Bununla yanaşı, Avrasiya üzrə bağlantıların inkişafında Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb.
Sessiyanın əsas nəticələrindən biri Asiya və Sakit okean regionunda bütün yaş qrupları üçün sosial inkişafın təşviqinə dair Bakı–Banqkok Bəyannaməsinin qəbul edilməsi olub. Bu sənəd inklüzivlik və davamlı tərəqqiyə dair ortaq öhdəliyi əks etdirir və ESCAP-ın inklüziv inkişaf gündəliyi ilə birbaşa uyğunluq təşkil edir.
Sessiya region üzrə inklüziv artım, sosial bərabərlik və davamlı inkişaf mövzularında dialoqu inkişaf etdirmək məqsədilə üzv dövlətlərin yüksək səviyyəli nümayəndələrini, beynəlxalq təşkilatları və BMT tərəfdaşlarını bir araya gətirib.
Azərbaycan çoxtərəfli diplomatiyada fəal rol oynamaqda davam edir və ümumi inkişaf məqsədlərinə dəstək məqsədilə Asiya-Sakit okean regionu ilə əməkdaşlığını daha da dərinləşdirməyə sadiqdir.
Həmrəylik, innovasiya və ortaq məsuliyyət prinsiplərini rəhbər tutaraq, Azərbaycan insanı mərkəzə qoyan, regional bağlantıları gücləndirən, rəqəmsal və yaşıl keçidləri sürətləndirən, sülh və əməkdaşlığı möhkəmləndirən inkişaf modelini təşviq edir.