Tarixçi alim: Azərbaycanın erməni işğalı altında olan tarix və mədəniyyət abidələrinə qarşı Ermənistanın qeyri-insani siyasəti yolverilməzdir

İşğal dövründə Azərbaycanın dini, tarixi və mədəni abidələrinin Ermənistan silahlıları tərəfindən mənimsənilməsinə cəhd edilmiş, bəziləri dağıdılmış, təhqir olunması isə adi hal almışdı. 1992-2020-ci illər ərzində Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi faktiki olaraq ölkəmizi öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid etmişdi. Əslində bu, müharibə cinayəti idi. Ermənistan rəhbərliyi qeyri-qanuni iddiaları ilə işğal altında saxladıqları Azərbaycanın torpaqlarına sahib olmaq istəyinə haqq qazandırmaq niyyətində idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov səsləndirib.

O bildirib ki, məhz buna görə Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid olan daşınmaz tarix və mədəniyyət abidələrini, daşınan mədəni irs nümunələrini dağıdaraq bir qismini məhv edir, digər bir qismini isə mənimsəməklə qeyri-qanuni fəaliyyət həyata keçirirdi. Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasət nəticəsində Qarabağ və onun ətraf ərazilərində minlərlə yer, daşınmaz tarix və mədəniyyət abidələrinin adları, yüzlərlə toponim dəyişdirilərək erməni adları ilə əvəz edilib. Ermənistanın işğalı altında saxlanılan Azərbaycan ərazilərində azərbaycanlıların yaşadıqları kənd və şəhərlər xarabalığa çevrilib, çoxlu sayda erməni kilsələri inşa edilib. Həmçinin Azərbaycanın işğal altındakı bütün ərazilərində yüzlərlə erməni xaç nişanları quraşdırılıb, tanınmış erməni terrorçularının xatirəsinə memorial komplekslər tikilib.

“Ermənistanın hərbi təcavüzü nəticəsində 2645 tarix və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq, 747 arxeoloji, 64 bağ-park, monumental və xatirə abidəsi, 23 muzey, 102 min 757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 min arxivləşdirilmiş sənəd, 50 mindən çox vətəndaşın şəxsi kolleksiyalarına aid tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) dağıdılıb, məhv edilibvə ya mənimsənilib. 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya”ya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət göstərib qorumaqla yanaşı, həm də işğal olunmuş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var. 1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokol silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndirib. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin “işğal olunmuş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasını qadağan etməsi, qarşısının almasını təsbit edir”, - deyə tarixçi vurğulayıb.

F.İsmayılov qeyd edib ki, ermənilər işğal altında saxladıqları Azərbaycan ərazilərindən qarət etdikləri daşınan tarix və mədəniyyət abidələrini mənimsəyərək, onların bir qismini dünyanın müxtəlif ölkələrində satışa çıxarır, bir hissəsini nüfuzlu şəxslərə hədiyyə edir, digər qismini isə İrəvan şəhərinin müxtəlif müəsisələrində saxlayırlar. Buna sübut kimi bir neçə misalı göstərmək olar:

• 1993-cü ildə Laçın Tarix və Diyarşünaslıq Muzeyindən götürülmüş gümüş əl çantası Londondakı "Sothebychr("39")s" auksionunda 80.000 ABŞ dollarına satılıb;

• 1998-ci ildə bir yazılı daş nümunəsi erməni etnoqraflar tərəfindən İrəvan şəhərinə aparılaraq Matadaran qədim əlyazmalar muzeyində 3437 nömrə altında saxlanır;

• 1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə və digər ölkələrin qara bazarlarında erməni brendi altında Azərbaycandan qarət edilib aparılan xalçalar satışa çıxarılıb.

AMEA-nın əməkdaşının fikrincə, Azərbaycanın erməni işğalı altında olan tarix və mədəniyyət abidələrinə qarşı Ermənistanın qeyri-insani siyasəti qanunla yolverilməzdir. Mədəni dəyərlərin hüquqi statusunu tənzimləyən beynəlxalq normativ sənədlərə görə, erməni hərbi təcavüzü nəticəsində talan edilərək xarici ölkələrə aparılan, Azərbaycanın daşınan mədəni dəyərləri Ermənistan hökuməti tərəfindən Azərbaycana qaytarılması təmin edilməlidir.