Qanun layihəsi ölkəmizin gömrük sisteminin modernləşdirilməsi, beynəlxalq ticarət proseslərinə daha effektiv inteqrasiya və dövlət nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Layihə ümumilikdə mütərəqqi yanaşmalar üzərində qurulsa da, bir sıra müddəalar əlavə dəqiqləşdirmə və balanslaşdırma tələb edir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili vurğulayıb ki, layihənin mühüm istiqamətlərindən biri gömrük auditinin institusional çərçivəsinin genişləndirilməsidir:
“Kameral və səyyar audit mexanizmlərinin ayrılması, müddətlərin konkret müəyyən edilməsi və audit prosesinin mərhələli tətbiqinə imkan yaradılması müsbət addım kimi qiymətləndirilməlidir. Bu yanaşma sahibkarlar üçün daha proqnozlaşdırıla bilən mühit yaradır. Lakin səyyar gömrük auditinə verilən geniş səlahiyyətlər müəyyən risklər doğura bilər. Xüsusilə də audit müddətinin uzadılması imkanları, təkrar yoxlamaların aparılması və sahibkarın fəaliyyət məkanına daxil olma prosedurlarının geniş çərçivədə tənzimlənməsi inzibati müdaxilənin arta biləciyini düşünməyə əsas verir. Bu baxımdan, yaxşı olar ki, səyyar auditin aparılması üçün “əsaslı şübhə” meyarları normativ qaydada konkretləşdirilsin, auditlərin ümumi sayı və müddəti üzrə əlavə məhdudiyyətlər müəyyən edilsin. Eyni zamanda audit prosesində videoqeydiyyatın aparılmasının və bunun norma kimi müəyyənləşdirilməsi zəruridir”.
Deputat bildirib ki, müsbət yeniliklər sırasında gömrük təmsilçiliyi institutunun yenidən qurulması da qeyd olunmalıdır:
“Eyni zamanda dolayı və birbaşa təmsilçilik modellərinin tətbiqi beynəlxalq təcrübəyə uyğundur. Lakin bu sahədə tam liberallaşma keyfiyyətə nəzarətin zəifləməsinə səbəb ola bilər. Buna görə də gələcəkdə qanunvericilik çərçivəsində olmasa da, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalarla dolayı gömrük təmsilçiləri üçün minimum peşə hazırlığı, məsuliyyət sığortası və etik standartların müəyyən edilməsi vacibdir”.
E.Mirzəbəyli qeyd edib ki, layihə gömrük sisteminin rəqəmsallaşdırılması, prosedurların sadələşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm addım hesab oluna bilər. Lakin burada əsas hədəf “asanlaşdırma” və “nəzarət” arasındakı balansın qorunması olmalıdır.