Azərbaycanda səhiyyə sistemi rəqəmsallaşma və keyfiyyət standartları əsasında yenilənir - Teymur Musayev (MÜSAHİBƏ)

Azərbaycanda səhiyyə sistemi rəqəmsallaşma və keyfiyyət standartları əsasında yenilənir.

Bunu Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə birgə müsahibəsində deyib. O qeyd edib ki, Azərbaycanda tibb müəssisələrinin akreditasiyası yeni tibbi xidmət mədəniyyətinin formalaşmasına xidmət edir.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin 15 may 2024-cü il tarixli fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində Tibb Müəssisələrinin Akreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılıb. Mərkəzin əsas məqsədi əhaliyə göstərilən tibb xidmətlərinin keyfiyyətinin qorunması, təmin edilməsi, təhlükəsizliyinin təmin edilməsi və tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı şəkildə artırılması və saxlanılmasıdır.

“Prezident İlham Əliyevin 15 may 2024-cü il tarixli fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində Tibb Müəssisələrinin Akreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradıldı. Mərkəzin əsas məqsədi əhaliyə göstərilən tibb xidmətlərinin keyfiyyətinin qorunması, təmin edilməsi, təhlükəsizliyinin təmin edilməsi və həmin müəssisələrin davamlı olaraq göstərilən tibb xidmətinin keyfiyyətinin artırılması və saxlanılması istiqaməti idi. Təbii ki, göstərilən tibbi xidmət bir neçə komponentdən ibarətdir. İlk öncə fikrimizə gələn həmin tibb müəssisəsinin quruluşudur, orada istifadə olunan standartlardır, həmin standartlara riayət olunub-olunmamasıdır. Orada baş verən tibbi proseslərin axınına nəzarətdir. İstifadə olunan dərman vasitələrinin keyfiyyətinə, düzgün istifadəsinə nəzarətdir. Tətbiq olunan cərrahiyyə əməliyyatlarında istənilən tibbi prosedurların və müalicə üsullarının standartlara uyğun olub-olmamasına nəzarətdir. Orada işləyən tibbi personalın bilik, bacarıq və metodlara düzgün riayət edib-edilməməsidir. Bunların hamısı kompleksdə müasir tibbi standartlara uyğun olub-olmamasıdır.

Bununla bağlı dünyada müxtəlif yanaşmalar var. Elə ölkələr var ki, öz tibb müəssisələrinin akreditasiyası və keyfiyyətə nəzarət üzrə institusional qurumları yoxdur. Onlar bunu sadəcə müxtəlif özəl şirkətlər üzərindən qururlar. Digər yanaşma məhz bizim ölkəmizdə qəbul olunan yanaşmadır. Bu yanaşma dövlətçilik baxımından, əhalinin qeyri-standart, yəni heç bir müasir standartlara uyğun olmayan tibbi prosedurlardan qorumaq məqsədilə ən ciddi yanaşmadır. Hazırda yaradılmış qurum əsaslı şəkildə bu proseslərin təminedici altsistemlərini hazırlayır. Bura təbii ki, müalicə üsullarının və metodların, xəstəliklər üzrə protokolların hazırlanması, digər tərəfdən tibb mütəxəssislərinin bilik və vərdişlərinin qiymətləndirilməsi prosesinin standartlaşdırılması daxildir. Xəstəxana daxili gedən proseslərin standartlar üzərindən qurulması və keyfiyyətinə nəzarət də bu istiqamətin tərkib hissəsidir.

İlkin baxışda bu yalnız yoxlama və hansısa inzibati tədbirlərin görülməsi kimi görünür. Amma bu belə deyil. Bu, yeni tibbi xidmət mədəniyyətinin bərqərar olması üçün olunub. Yəni, bu yalnız dəstək məqsədlidir. Dəstəyin də əsas hədəfi pasiyent təhlükəsizliyidir. Pasiyent təhlükəsizliyi dedikdə sonda hər bir vətəndaşın təhlükəsizliyi nəzərdə tutulur. Bu o qədər multidissiplinar və multiinstitusional yanaşmadır ki, tək bu mərkəzin işi deyil. Həmçinin Səhiyyə Nazirliyinin digər qurumları var ki, hamısı bir nöqtəyə yığışaraq məhz Azərbaycan vətəndaşının tibb müəssisəsində aldığı tibbi xidmətin ona təhlükəsiz və keyfiyyətli olmasını təmin etmək üçün fəaliyyət göstərir”.

Nazir əlavə edib ki, bu istiqamətdə koordinasiya prosesləri artıq həyata keçirilir və proseslər standart idarəetmə prinsipləri əsasında rəqəmsallaşdırılır.

“Bu proseslər standart proses idarəetməsi baxımından aparılır və bu proseslər də rəqəmsallaşdırılır. Yəni, bir az keçdikdən sonra bütün proseslərin rəqəmsallaşdırılaraq vahid rəqəmsal səhiyyə ekosisteminə inteqrasiyasını hazırlayırıq. Təbii ki, Azərbaycan vətəndaşı istənilən lisenziya qazanmış, akreditasiyadan keçmiş tibb müəssisəsinin qapısını açanda tam əminliklə öz sağlamlığını oradakı həkimlərə və tibb işçilərinə etibar edə biləcək”.

Tibb işçilərinin sertifikasiyası cəza mexanizmi deyil, peşəkar inkişafın təmin olunmasına xidmət edir

Nazirin sözlərinə görə, cəmiyyətdə geniş müzakirə olunan tibb mütəxəssislərinin sertifikasiyası prosesi cəza və ya təzyiq mexanizmi kimi qiymətləndirilməməlidir. Bu prosesin əsas məqsədi tibb işçilərinin davamlı peşəkar inkişafını təmin etmək və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltməkdir.

“Tamamilə düz qeyd etdiniz. Bu mövzu uzun müddət tibbi icmanın müzakirə mövzusuna çevrilmişdi. Səhiyyə Nazirliyinin mövqeyi daim bir olub. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən tibb işçisini layiqli davamlı tibbi təhsillə təmin etmək, davamlı peşəkar inkişaf imkanları yaratmaq və nəticə etibarilə insanlarımıza, vətəndaşlarımıza göstərilən tibbi xidmətin yüksək keyfiyyətdə təmin edilməsinə zəmanət vermək əsas məqsədimizdir. Sertifikasiya imtahanı özlüyündə heç bir cəza və ya hansısa basqı, sıxıcı məqam deyil. Təbii ki, elə insanlar var ki, imtahana girməkdən çəkinirlər, psixoloji çətinlikləri olur, bunu da anlayırıq.

Sertifikasiya imtahanından keçid faizi tibb işçiləri arasında ən qızğın müzakirələrin getdiyi dövrdə belə 97 faiz idi. Yəni səs-küy onun mahiyyətindən daha çox idi, amma hər beş ildən bir imtahan keçirməklə hər bir insanın bilik və bacarıqlarını qiymətləndirmək mümkündür, onları artırmaq isə mümkün deyil. Səhiyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olaraq və Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması istiqamətində lazımi tədbirlərin görülməsini əsas götürərək yeni təşəbbüslə çıxış etdi. Bu yaxınlarda bildiyiniz kimi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edildi. Həmin dəyişikliklərə əsasən artıq beş ildən bir keçirilən imtahanla yanaşı, hər bir həkim və ya tibb işçisi seçim edə biləcək. Onlar beş il ərzində Davamlı Peşəkar İnkişaf proqramı üzrə ümumilikdə 250 kredit balından az olmayaraq toplamaqla da həmin sertifikatı əldə edə biləcəklər”.

Teymur Musayev bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən sertifikasiya sual bazası da mütəmadi yenilənir və yaxın vaxtlarda bu istiqamətdə yeni rəqəmsal həll istifadəyə veriləcək.

“Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq sual bazası yenilənir. Buraya daha müasir yanaşmalar, müasir müalicə metodlarına dair məlumatlar daxil edilir. Bu yaxınlarda bu istiqamətdə də rəqəmsal yenilik olacaq.

Davamlı olaraq hər il orta hesabla 50 kredit balı toplamaq imkanı və ya vaxtı olmayan, çox intensiv çalışan mütəxəssislər üçün, yalnız imtahan vermək istəyənlərə xüsusi tətbiq təqdim olunacaq.

Həmin tətbiqdə bütün sual bazası öz əksini tapacaq. Burada gizlədiləsi heç nə yoxdur. Biliyi gizlətmək düzgün deyil, əksinə, onu təbliğ etmək və yaymaq lazımdır. Sual toplusunda hər bir sualın düzgün cavabı göstəriləcək, eyni zamanda onun akademik izahı təqdim olunacaq. Beləliklə, insanlar sadəcə hansı cavabın düzgün olduğunu deyil, məhz niyə həmin cavabın düzgün olduğunu da əlavə ədəbiyyat axtarmadan, tam akademik izahı ilə birlikdə görə biləcəklər”.

Tibbi Rəqəmsal Əkiz Sistemi Azərbaycanı rəqəmsal səhiyyə sahəsində qabaqcıl ölkələr sırasına çıxarıb

Nazir bildirib ki, səhiyyə sahəsində həyata keçirilən islahatlar çərçivəsində həkimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, davamlı peşəkar inkişafı və səhiyyə sisteminin rəqəmsallaşdırılması istiqamətində mühüm işlər görülür.

“Yaxın gələcəkdə. Hazırda bu istiqamətdə iş gedir. Əsas məlumat olaraq deyim ki, biz 65 ixtisas üzrə sual toplusunu əldə etmişik. Bu, Amerikada tətbiq olunan məşhur Board Exam imtahan sistemidir. Həmin 65 ixtisas üzrə sualları rəsmi şəkildə əldə etmişik. Onlar Azərbaycan dilinə tərcümə olunub və məhz həmin suallar əsasında imtahan bloku formalaşdırılır.

Təbii ki, bizim kurikuluma uyğun suallar da əlavə olunub. Burada heç bir çətinlik yoxdur, əksinə, bu yalnız dəstəkləyici bir təminatdır. Yenə deyirəm, imtahan öz yerində, amma çox istərdik ki, mütəxəssislərimiz Davamlı Peşəkar İnkişaf proqramlarına aktiv şəkildə qatılsınlar və orada kredit ballarını toplayaraq yeni biliklərə və yeni yanaşmalara daha yaxın olsunlar”.

Teymur Musayev qeyd edib ki, rəqəmsallaşma bu gün bütün sahələrdə olduğu kimi, səhiyyədə də prioritet istiqamətlərdən biridir və bu sahədə həyata keçirilən layihələr ölkənin səhiyyə sistemində yeni mərhələnin başlanğıcı hesab oluna bilər.

“Səhiyyə Nazirliyi davamlı olaraq Azərbaycan Respublikasında səhiyyə sisteminin rəqəmsallaşdırılmasını həyata keçirir və bunun məntiqi nəticəsi olaraq ötən ayın 3-də Gülüstan Sarayında hökumət nümayəndələri və geniş tibbi ictimaiyyət üçün Tibbi Rəqəmsal Əkiz Sisteminin təqdimatı keçirildi. Bildiyiniz kimi, rəqəmsal texnologiyalar və süni intellekt bu gün demək olar ki, bütün peşə sahiblərinin fəaliyyətini tamamilə dəyişib. Bu ümumi landşaftın ayrılmaz hissəsi olan səhiyyə də rəqəmsallaşma prosesinin aktiv iştirakçısıdır.

Rəqəmsallaşma təkcə texniki tətbiqlərin və ya proqram təminatlarının tətbiqi deyil, bu, yeni səhiyyə mədəniyyəti deməkdir. Bu baxımdan Tibbi Rəqəmsal Əkiz Sisteminin tətbiqi ölkəmizi dünyanın 20 qabaqcıl ölkəsi sırasına çıxarıb, istifadə olunan məlumat mübadiləsi standartlarına görə isə ilk onluqda qərarlaşdırıb. Tibbi Rəqəmsal Əkiz Sistemi vahid rəqəmsal platformadır. Bu platforma hər bir vətəndaşın dünyaya göz açdığı ilk andan son nəfəsinə qədər toplanan bütün tibbi məlumatları özündə ehtiva edir. Eyni zamanda bu platforma yalnız məlumat bazası deyil, həm də tibbi xidmətlər platformasıdır. Buraya həkim qəbuluna yazılma, dərman qəbulunun yaddaşı, xatırlatma mexanizmləri, teletibb sistemləri və hətta valideynlərin övladlarının sağlamlıq vəziyyətini izləməsinə imkan verən funksiyalar daxildir. Biz bu platformanın inkişafında üç əsas istifadəçi qrupunu görürük. Birinci qrup, təbii ki, vətəndaşlarımızdır. Onlar müraciət etdikləri tibb müəssisəsindən asılı olmayaraq əldə etdikləri tibbi məlumatların vahid platformada toplanması sayəsində, hətta xaricdə olarkən belə həmin məlumatları dünyanın istənilən ölkəsində həmkarlarımıza təqdim edərək öz sağlamlıqları ilə bağlı məsləhət ala biləcəklər.

İkinci qrup tibb işçiləridir. Onlar üçün qəbuluna gələn hər bir vətəndaşın sağlamlıq vəziyyətini düzgün, obyektiv və tam şəkildə qiymətləndirmək imkanı yaranacaq.

Üçüncü qrup isə hökumət nümayəndələridir. Toplanan məlumatlar əsasında strateji qərarların qəbul edilməsi imkanları genişlənəcək. Əhali arasında yoluxucu və qeyri-yoluxucu xəstəliklərin gələcək inkişafı, yayılması, müəyyən xəstəliklərin daha geniş yayılıb-yayılmaması barədə obyektiv məlumat əldə olunacaq və buna uyğun mühüm strateji qərarlar qəbul ediləcək. Ona görə də Tibbi Rəqəmsal Əkiz Sistemindən yararlanmaq üçün hər bir vətəndaşı bu platformaya aktiv şəkildə qoşulmağa dəvət edirəm”.

İşğaldan azad olunmuş ərazilərdə müasir səhiyyə infrastrukturu formalaşdırılır

Nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin əsas istiqamətlərindən biri də müasir səhiyyə infrastrukturunun yaradılmasıdır.

“Bu çox vacib məsələdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Ordumuzun azad etdiyi ərazilərdə öz doğma torpaqlarına qayıdan soydaşlarımız üçün faktiki olaraq tam sıfırdan yenidən salınan yaşayış məntəqələrinin, şəhərlərin və kəndlərin bərpasının ayrılmaz hissəsi həmin ərazilərdə səhiyyə sisteminin qurulmasıdır. Səhiyyə sistemi dedikdə biz ilkin səhiyyə xidmətlərindən başlayaraq ikinci səviyyəli xəstəxanaların tikintisindən danışırıq. İlkin səhiyyə xidmətlərinə kənd tibb məntəqələri, həkim məntəqələri, ailə sağlamlıq mərkəzləri və rayon mərkəzi xəstəxanaları daxildir. Səhiyyə Nazirliyinin öhdəliyinə məhz 8 rayon mərkəzi xəstəxanasının və 10 xüsusi ixtisaslaşmış tibb mərkəzinin tikilməsi daxildir. Bu mərkəzlər tikildikdən sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təhvil verilərək əhalimizin xidmətinə təqdim olunacaq.

İlk layihəmiz məhz Şuşada həyata keçirildi. Bildiyiniz kimi, Şuşa Müalicə-Sağlamlıq Mərkəzi tikilərək istifadəyə verildi. Bu, unikal mərkəzdir. Ümumi çarpayı fondu 90 çarpayıdır. Onlardan 50-si ümumi təyinatlı xəstəxana çarpayılarıdır. Buraya cərrahiyyə, doğum və uşaq şöbələri daxildir. Digər tərəfdən isə həmin mərkəzdə sanator-kurort xidmətləri də göstəriləcək. Bunun üçün ayrıca 40 çarpayı ayrılıb. Hələ sovet dövründə Şuşada məşhur Turşsu sanatoriyası fəaliyyət göstərirdi və insanların şəfa tapdığı bir məkana çevrilmişdi. Belə qərar qəbul olundu ki, məhz Şuşa Müalicə-Sağlamlıq Mərkəzində də bu xidmətlər əhalimizə təqdim olunsun, onların əlçatanlığı təmin edilsin və məşhur Turşsunun şəfaverici xüsusiyyətlərindən istifadə edilərək əhalimizin xidmətinə verilsin. Hazırda xəstəxana fəaliyyətə başlayıb. İnanırıq ki, qısa müddətdə tam gücü ilə fəaliyyət göstərəcək”.

Azərbaycanda orqan donorluğu sistemi tam şəffaf mexanizmlər əsasında fəaliyyət göstərir