AZƏRTAC Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı silsilə yazıları davam etdirir. Budəfəki müsahibimiz Kanadada yaşayan Lalin Həsənovadır. 1980-ci ildə Bakı şəhərində anadan olan Lalin Həsənova Xarici Dillər Universitetinin məzunudur. Həyat yoldaşı ilə birlikdə “Skilled Worker” proqramı vasitəsilə Kanadaya köçüb. Toronto Universitetinin doktorantura proqramına qəbul olunub. Lalin Həsənova aktiv ictimai fəaliyyətlə də məşğuldur. Toronto şəhərində “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin yaradıcısı olan müsahibimiz, eyni zamanda, “Azərbaycan Evi”nin rəhbəridir.
- “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin yaranma ideyası necə meydana gəldi?
- Hər şey 2014-cü ildə evdə uşaqlara rəqs dərsləri keçməyimizlə başladı. Əvvəlcə məqsədimiz uşaqlara milli rəqslərimizi öyrətmək idi. Dərslərə maraq artdıqca gördüyümüz işi daha geniş miqyasda təqdim etmək və icmamızı bir araya gətirmək barədə düşündük. İlk tədbirimiz böyük maraqla qarşılandı və Torontoda Azərbaycan mədəniyyətini yaşatmaq, tanıtmaq üçün belə bir mərkəzə ehtiyac olduğunu göstərdi.
Beləliklə, 2015-ci ilin martında “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzi rəsmi şəkildə yaradıldı. Həmin il iyunun 15-də - Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə ölkəmizin Kanadadakı müvəqqəti işlər vəkili Ramin Səfərli və konsul Faiq Babayevin icma ilə görüşü keçirildi. O vaxtdan Azərbaycanın tarixindəki mühüm hadisələri işıqlandırmağa, milli günlərimizi qeyd etməyə başladıq. Toronto Universitetində uşaqların “Müharibəyə yox” adlı rəsm sərgisini təşkil etdik. 2016-cı ildə Torontoda 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı qaldırıldı. Həmin il Toronto Universitetində Xocalı faciəsinə həsr olunmuş ilk tədbirimizi keçirdik. Məqsədimiz Azərbaycan tarixini və həqiqətlərini Kanada ictimaiyyətinə çatdırmaq, insanları ölkəmiz haqqında məlumatlandırmaq idi.
- Mərkəzin əsas məqsədi və fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz?
- İnsan doğulduğu torpaqdan uzaqda yaşasa da, Vətən anlayışı onun yaddaşından və qəlbindən silinmir. Bəzən bir mahnı, milli rəqs, ana dilində eşidilən söz, yaxud Novruzun tanış ab-havası minlərlə kilometr uzaqdakı Azərbaycanı insana yenidən yaxınlaşdırır. “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin fəaliyyətinə də məhz bu duyğudan yanaşmaq lazımdır. Biz Azərbaycanla bağlılığı qorumağa, milli dəyərləri yaşatmağa və ölkəmizi Kanada cəmiyyətinə tanıtmağa çalışırıq.
Fəaliyyətimiz bayram tədbirləri ilə məhdudlaşmır. Musiqimizi, milli rəqslərimizi, incəsənətimizi, ədəbiyyatımızı, mətbəximizi, adət-ənənələrimizi və bayramlarımızı həm soydaşlarımıza, həm də Kanada ictimaiyyətinə təqdim edirik. Bu tədbirlər Kanadada yaşayan azərbaycanlılar üçün görüşmək və milli mühitlərini yaşatmaq imkanı yaradır.
Uşaqlar və gənclərlə işimiz xüsusi əhəmiyyət daşıyır. Xaricdə böyüyən uşaqlar Azərbaycan dilində danışmalı, tariximizi bilməli, musiqimizi eşitməli, milli rəqslərimizi görməli və bunların kimliklərinin ayrılmaz hissəsi olduğunu hiss etməlidirlər. “Mənim Azərbaycanım” həftəsonu məktəbində uşaqlara Azərbaycan dili və tarixi ilə yanaşı, musiqimiz, rəqslərimiz, rəsm və dram sənəti də öyrədilir. Şagirdlərimiz Kanada festivallarında və multikultural tədbirlərdə Azərbaycanı təmsil edirlər. Beləliklə, onlar həm öz kökləri ilə bağlarını gücləndirir, həm də Kanada cəmiyyətində mədəniyyətimizin elçilərinə çevrilirlər.
Azərbaycan tarixinin və ölkəmizlə bağlı həqiqətlərin Kanada cəmiyyətinə çatdırılması da fəaliyyətimizin mühüm hissəsidir. 2021-ci ildən Azərbaycanın tarixinə həsr olunan qısametrajlı filmlər üzərində işləyirik. Elçin Muxtarovun çəkdiyi iyirmiyə yaxın filmdə Azərbaycanın qədim tarixi, Qarabağ, Xocalı, Şuşa və tariximizin digər mühüm səhifələri Kanada auditoriyasına təqdim olunur. Son layihələrimizdən biri “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusuna həsr edilib.
“Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzi, həmçinin Toronto və ümumilikdə Kanadada yaşayan azərbaycanlıların bir araya gəlməsi üçün platformadır. Diasporun gücü ortaq dəyərlər ətrafında birləşməkdə, bir-birinə dayaq olmaqda və bu dəyərləri gələcək nəsillərə ötürməkdədir.
- “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzi Kanadanın siyasi dairələri ilə işini necə qurub?
- Mərkəzin ən mühüm nailiyyətlərindən biri ölkəmizi Kanadanın siyasi və ictimai mühitində daha geniş tanıtmaq, Azərbaycanı və üçrəngli bayrağımızı Kanada parlamentlərində layiqincə təmsil etməkdir.
2019-cu ildə Komitənin təklifi ilə “101 dama” adlı şahmat turniri keçirdik. Tədbirdə müxtəlif millətlərin nümayəndələri də daxil olmaqla 160-dan çox şəxs iştirak etdi. Bu, Azərbaycanı idman və mədəniyyət vasitəsilə daha geniş auditoriyaya tanıtmaq üçün yaxşı imkan oldu.
Ontario Əyalət Parlamentində Azərbaycan bayrağı 2008-ci ildə bir dəfə qaldırılmışdı. Uzun fasilədən sonra, təşkilatımızın təşəbbüsü ilə 2022-ci ildən bu ənənə bərpa olundu və hər il davam etdirilməyə başladı. Sonuncu tədbirimizdə 14 əyalət parlament üzvünün iştirakı Azərbaycan icmasına və fəaliyyətimizə göstərilən diqqətin mühüm göstəricisi oldu.
Kanada Federal Parlamentində Azərbaycan bayrağının qaldırılması mərasimi də 2023-cü ildən etibarən təşkilatımızın təşəbbüsü ilə keçirilir. Həmin il ilk dəfə Federal Parlamentdə Azərbaycan İrs Gününü qeyd etdik. Tədbir yalnız Toronto icmasını deyil, Kanadanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan təşkilatlarını da bir araya gətirdi. Kalqari, Monreal və digər şəhərlərdən Azərbaycan icmasının və təşkilatlarının nümayəndələri tədbirə qatıldılar.
Tədbir böyük uğurla keçdi və Azərbaycan diasporunun birlik və həmrəyliyinin gözəl nümunəsinə çevrildi. Bu münasibətlə Kanadanın Baş naziri də təşkilatımıza təbrik məktubu ünvanladı. Son tədbirimizdə həm Federal Parlamentin, həm də Ontario Əyalət Parlamentinin üzvləri bir araya gəldilər.
Son üç ildə hər il Kanadanın ən tanınmış simvollarından biri olan Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır. Eyni zamanda, Azərbaycan bayrağı Niaqara şəhərində şəhər merinin iştirakı ilə qaldırılır. Bu əlamətdar günlərdə icma üzvlərimiz bir araya gələrək Azərbaycan bayrağının Niaqara şəlaləsi üzərində əks olunan rənglərini böyük qürur və sevinc hissi ilə qeyd edirlər.
Bu tədbirlər yalnız milli rəmzlərimizin nümayişi deyil, eyni zamanda, Kanadada yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin gözəl ifadəsidir. Belə təşəbbüslər Azərbaycan adının, mədəniyyətinin və milli dəyərlərinin Kanadanın geniş ictimaiyyətinə çatdırılmasına, eləcə də icmamızın bu ölkənin çoxmədəniyyətli həyatında daha fəal və görünən şəkildə təmsil olunmasına mühüm töhfə verir.
2024-cü ildə Kanadadakı Azərbaycan diaspor təşkilatları arasında ilk dəfə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş xüsusi tədbir keçirdik. Bu təşəbbüs sonrakı illərdə də davam etdirilərək ənənəyə çevrildi. 2026-cı ildə isə ilk dəfə Azərbaycanlı Universitet Tələbələri və Gənclər Forumunu təşkil etdik. Məqsədimiz müxtəlif universitetlərdə təhsil alan gəncləri bir araya gətirmək, əlaqələrini gücləndirmək, təhsil, karyera və ictimai fəaliyyət imkanlarını müzakirə etmək idi.
2025-ci ildə 10 illik yubileyimizi keçirdik. Tədbirdə 20-yə yaxın kanadalı siyasi və ictimai xadim, ziyalılar, icmamızın üzvləri və çoxsaylı qonaqlar iştirak etdilər. Ontario Parlamentinin üzvləri, Kanadanın keçmiş multikulturalizm və vətəndaşlıq naziri Toni Ruprext, Türkiyə, Özbəkistan, Türkmənistan, Krım tatarları və digər icmaların nümayəndələri çıxış etdilər.
Tədbirdə “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin Azərbaycanın zəngin tarixini, mədəni irsini və adət-ənənələrini Kanada cəmiyyətinə çatdırmaq üçün gördüyü işlər vurğulandı. Toni Ruprext Mərkəzin fəaliyyətindən danışdı. Ontario Parlamentinin üzvlərinin çıxışlarından da görünürdü ki, onlar Azərbaycan haqqında daha çox məlumatı bizim mərkəz vasitəsilə əldə ediblər.
Yubiley təkcə keçmişə nəzər salmaq üçün deyil, gördüyümüz işlərin Kanada cəmiyyətində necə qarşılandığını anlamaq baxımından da yaddaqalan oldu. “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin 10 illiyini Ontario Əyalət Parlamentində qeyd etmək Azərbaycan icmasının, mədəniyyətimizin və fəaliyyətimizin əyalət səviyyəsində təqdim olunması demək idi. Hər bir tədbir və layihənin, uşaqlar və gənclərlə görülən işlərin Azərbaycanla Kanada arasında körpülərin qurulmasına xidmət etdiyini bir daha hiss etdik.
- 2023-cü ildə Toronto Azərbaycan Evi açıldı. Həm “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin, həm də Azərbaycan Evinin rəhbəri kimi bu qurumların fəaliyyətini necə uzlaşdırırsınız?
- Azərbaycan Evinin yaradılması icmamızın uzun müddət arzuladığı məsələlərdən biri idi. Azərbaycan Evi ilə “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzi paralel fəaliyyət göstərir və bir-birini tamamlayır. Mərkəz əsasən mədəniyyətimizin və Azərbaycan irsinin təbliği istiqamətində çalışır. Azərbaycan Evi isə daha geniş mənada icma üçün infrastruktur, görüş və bir araya gəlmək məkanı rolunu daşıyır.
- Gələcək planlarınız və qarşıdakı dövr üçün əsas hədəfləriniz nələrdir?
- Gələcəkdə əsas məqsədimiz əlaqələri daha da möhkəmləndirmək, Azərbaycanı Kanadada daha geniş tanıtmaq, mədəni və ictimai layihələrimizin miqyasını artırmaq, ölkəmizin tarixini, mədəniyyətini və milli irsini daha geniş auditoriyalara çatdırmaqdır. Qarşıda yeni təşəbbüslərimiz və həyata keçirmək istədiyimiz çoxsaylı layihələr var.