Ərdoğanın istefaya göndərilən müşaviri Saral ilk dəfə danışdı: Belə hallar təbiidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsindən azad edilən Oktay Saral qərarla bağlı ilk dəfə açıqlama verib.

O bu barədə “Nefes” qəzetinə danışıb.

O.Saral vəzifədən azad edilməsi barədə qərarı şənbə günü öyrəndiyini bildirib. O, qərarı anlayışla qarşıladığını və Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına hörmətlə yanaşdığını qeyd edib.

“Prezidentimiz belə uyğun gördü. Bizim üçün də başımız üstə. Siyasətdə belə hallar təbiidir. Əsas odur ki, ölkəmiz yoluna davam etsin”, – deyə O.Saral bildirib.

O, vəzifədən azad edilməsi barədə məlumatı şənbə günü Prezident Administrasiyasının baş katibliyindən aldığını söyləyib.

“Baş katibimizlə görüşərək vəzifədən azad olunma məsələsini müzakirə edəcəyik. Mən belə olacağını düşünürəm. Amma dəqiq bilmirəm. Xəbəri şənbə günü baş katibimiz mənə çatdırdı. Mən də bunu böyük təmkinlə qarşıladım”, – deyə O.Saral əlavə edib.