Avropa Şurası terroru müdafiə edən orta əsr təfəkkürlü radikal dini kluba çevrilib ŞƏRH

Biz ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyətimizi bəyan etmiş və o cümlədən də AŞPA-ya da bu istiqamətdə əlverişli platforma kimi yanaşmışıq. Hətta 2001-ci il yanvarın 25-də Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar təntənəli mərasimdə çıxış edən Ulu Öndər Heydər Əliyev “Bir sıra problemlərin vahid Avropa ailəsi daxilində həllini tapacağına” ümid ifadə etmişdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

“Etiraf edək ki, biz Avropa Şurasının Nizamnaməsinin preambulasında ifadə olunan “Ədalətə və beynəlxalq əməkdaşlığa əsaslanmış sülhün möhkəmləndirilməsinin insan cəmiyyətinin və sivilizasiyanın qorunması üçün həyati əhəmiyyət daşıdığına" inanırdıq. Eyni zamanda, təsisata qoşulmaqla, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın preambulasında ifadə olunan, “10 dekabr 1948-ci il İnsan hüquqları haqqında Ümumi Bəyannamənin məqsədinin, bəyan etdiyi hüquqların hamılıqla və səmərəli tanınmasının və həyata keçirilməsinin təmin edilməli olması" tezisinə əməli dəstək iradəsi ortaya qoymuşduq. Çünki bu yanaşma Konstitusiyamızın 10-cu maddəsinə müvafiq olaraq başqa beynəlxalq subyektlərlə münasibətlərimizi hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarında nəzərdə tutulan prinsiplər əsasında qurulması bəyanı ilə üst-üstə düşürdü. Lakin 23 illik üzvlük dönəmimizdə dəyişməyən bir həqiqətə şahidlik etdik ki, Avropa Şurası bəşəri ideallar naminə Azərbaycanın gözləntilərini faktiki olaraq doğrultmayan bir təşkilatdır. Yalnız öz bölgəmizə münasibətdə diqqət yetirsək, elə son bir neçə ildə, Rusiya-Gürcüstan, Rusiya-Ukrayna, o cümlədən artıq başa çatmış Azərbaycan-Ermənistan münaqişəsi üzrə Avropa Şurasının tamamilə effektsiz və təsir gücünə malik olmayan struktur kimi özünü təsdiq etdiyini görərik. O cümlədən də Avropa Şurasının aidiyyəti təsisatları, ələlxüsus AŞPA və Avropa Məhkəməsi də təşkilatın selektiv yanaşmada ehtiva olunan mövqeyindən fərqli siyasət yürütmür”, - deyə deputat bildirib.

O qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının açılış günü Almaniya nümayəndə heyətindən deputat Frank Şvabenin təklifi ilə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi də məhz heç bir hüquqi əsasa söykənməyən, qərəz və ikili standarta əsaslanan bu siyasətin tərkib hissəsidir. Görünən odur ki, Fransa və Avropadakı erməni milyarderləri ittifaqı Avropa Parlamentinin ardınca AŞPA-nı da anti-Azərbaycan platformasına çevirə biliblər. Nəticə etibarilə AŞPA-nın Azərbaycana münasibətdə davranışları ilə ASALA terror qruplaşmasının, yaxud siyasiləşmiş terror təşkilatı olan Daşnaksütyunun fəaliyyəti arasında faktiki olaraq fərq qalmayıb. Daha da təəssüf doğuran məqam, Fransanın Almaniyanı da bu prosesin çirkli iştirakçısına, daha dəqiq desək, Şvabenin timsalında Almaniyanı muzdlu icraçıya çevirməsidir. Nəticədə, 74 il öncə insan hüquqları və əsas azadlıqlarının dəstəklənməsi, vahid səylərlə hərəkət edən və siyasi ənənələrin, idealların, azadlığın və hüququn aliliyinə sədaqət yolu ilə üzvləri arasında böyük birliyə nail olmaq kimi məqsəd müəyyən etmiş Avropa Şurası bu gün neoimperialist məqsədlər üçün alətə çevrilən, işğal, separatizm, ən dəhşətlisi isə terroru müdafiə edən orta əsr təfəkkürlü radikal dini kluba çevrilib.

“Xüsusən AŞPA özünü təşkilatın Nizamnaməsi və hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarında nəzərdə tutulan prinsiplərə zidd gedərək bəşəri dəyər olan insan haqları və demokratiya kimi meyarları özünün fəaliyyətində ucuz təsir alətinə çevirən ermənipərəst, islamofob və türkofob dairələrin platforması kimi doğrultmaqdadır. Təşkilatın Nizamnaməsinin 3-cü maddəsində qanunun aliliyi, insan hüquqları və əsas azadlıqlarından bütün şəxslərin bəhrələnməsi prinsipindən bəhs etdiyi halda, Azərbaycana münasibətdə bu yanaşma faktiki işlək olmayıb. 2020-ci ilə qədərki periodda davam edən işğal faktoru nəticəsində bir milyona yaxın Qarabağ və Şərqi Zəngəzur sakininin təməl haqları bu qurum üçün, ümumiyyətlə, maraqlı olmayıb. Azərbaycanda 2023-cü ilin sentyabr ayına qədər mövcud olmuş separatizm probleminə dair AŞPA bir dəfə də olsun real mövqe ifadə etməyib. Çünki imperialist niyyətlərin əsiri olan Avropa Şurası üçün məqbul situasiya işğal və təcavüzdə ehtiva olunan status-kvo idi. Bu mənada, Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Azərbaycanın beynəlxalq humanitar hüququn prinsiplərini rəhbər tutmaqla işğala, təcavüzə son qoyması çoxsaylı Qərb təsisatları kimi Avropa Şurası üçün də gözlənilməz və arzuolunmaz sürpriz oldu və xüsusən lobbi yuvası AŞPA bu reallığı isterika ilə qarşıladı. Nəticədə, bu gün Ermənistanın özünün yeni reallıqla barışdığı bir mərhələdə, hətta Bakı və İrəvanın birbaşa təmaslara başladığı, sülh prosesi çərçivəsində müzakirə olunan sənəd layihəsində Qarabağ adlı bir məqamın olmadığı bir situasiyada AŞPA rəsmən “Qarabağdan erməni sakinlərin zorakılıqla çıxarılması” kimi absurd iddialar irəli sürməklə Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad mühitini, beləliklə bölgədə sülh və sabitliyi təhdid edir. 350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna qayıtmaq hüququnu görməzdən gələn, hətta elə yanvarın 22-də Şuranın İnsan haqları üzrə komissarının məruzəsində bu məsələyə, ümumiyyətlə, toxunmaqdan imtina edən AŞPA-nın sayı hər ötən gün şişirdilən Qarabağ ermənilərinin könüllü köçünü gündəmdə saxlaması da bu mənada təsadüf deyil”, - deyə B.Məhərrəmov vurğulayıb.

Bu gün Azərbaycanın Avropa ilə sağlam əməkdaşlıqda maraqlı olduğunu qeyd edən deputat deyib: “Qoca qitədə ayrılıqda strateji müttəfiqlik münasibətlərində olduğumuz ciddi tərəfdaşlıqlarımız mövcuddur. Hətta Azərbaycan bir sıra Avropa subyektlərinin enerji təhlükəsizliyini birbaşa təmin etməklə həmin dövlətlərin milli təhlükəsizliyində rol alır. Bizim Avropa ilə münasibətlərimizin ciddi perspektivləri var. Fransanın muzdlu ruporu kimi çıxış edən AŞPA və Avropa Şurasının ayrı-ayrı rəsmiləri artıq bu reallığı başa düşməlidir ki, bizim üçün Avropa ikili standartlar yuvasına çevrilmiş Avropa Şurasından ibarət deyil. Azərbaycan özünə münasibətdə çirkin gedişləri layiqli formada cavablamaqdan, adekvat davranışlardan və siyasi addımlardan çəkinməyəcək. Avropa Şurası və onun təsisatları ilə münasibətlərimiz Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın barometri ola bilməz”.