Amerikalı nazir İranın təhdidlərinə görə evindən köçüb

ABŞ-nin maliyyə naziri Skott Bessent İranın təhdidlərindən sonra Vaşinqtondakı evindən hərbi bazaya köçüb.

Bu barədə “The New York Times” qəzeti vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, son həftələrdə ABŞ hakimiyyəti İranın fəaliyyətdə olan və keçmiş amerikalı rəsmilərə qarşı hücumlar hazırladığı barədə kəşfiyyat məlumatları əldə edib. Təhdid edilən şəxslər arasında avqust ayından etibarən Tehrana qarşı iqtisadi təzyiq kampaniyasına rəhbərlik edən Bessent də olub. Kampaniya sanksiyalar və ticarət marşrutlarına tətbiq edilən məhdudiyyətlər vasitəsilə İranın maliyyə təcridinə yönəlib.

 

Məqalədə qeyd olunur ki, maliyyə nazirinə qarşı təhdidlərin nə dərəcədə ciddi olduğu hələlik aydın deyil. ABŞ rəsmiləri İranın ABŞ ərazisində genişmiqyaslı hücumlar təşkil etmək imkanlarının məhdud olduğunu hesab edirlər. Bununla belə, ayrı-ayrı Amerika vətəndaşlarına qarşı təhdidlərə ciddi yanaşırlar.

Bessent təhlükəsizlik mülahizələrinə görə Vaşinqton ətrafındakı evini tərk edən Donald Tramp administrasiyasının növbəti nümayəndəsi olub. “The New York Times”ın məlumatına görə, ötən il azı altı rəsmi şəxs, o cümlədən hazırkı Ağ Ev Aparatının rəhbəri Stiven Miller və keçmiş baş prokuror Pem Bondi hərbi bazalara və ya mühafizə olunan digər yaşayış məntəqələrinə köçüb.

ABŞ Maliyyə Nazirliyindən nəşrə bildirilib ki, İranın təhdidləri Bessenti Tehrana qarşı iqtisadi təzyiq siyasətindən çəkindirməyəcək. Bu kampaniyanın məqsədlərindən biri də İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) maliyyə mənbələrindən məhrum etməkdir.