Azərbaycanla Vyetnam arasında dostluq münasibətləri möhkəm tarixi təməllərə söykənir. Bu əlaqələrin inkişafında ölkələr arasında rəsmi təmaslarla yanaşı, xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti, xalqlar arasında mədəni tanışlıq və qarşılıqlı ünsiyyət də mühüm rol oynayır. Vyetnamda yaşayan azərbaycanlılar da milli kimliyimizin, mədəniyyətimizin və ənənələrimizin tanıdılması istiqamətində öz töhfələrini verirlər.
Vyetnamda sahibkarlıq və təhsil sahələrində fəaliyyət göstərən Məryəm Əliyeva AZƏRTAC-a müsahibəsində bu ölkədəki həyat təcrübəsi, Azərbaycan-Vyetnam münasibətləri, soydaşlarımızın diaspor fəaliyyəti və xalqlarımız arasında əlaqələrin genişləndirilməsi imkanları barədə danışıb.
- Vyetnama köçmək qərarınız necə yarandı? Bu ölkədə yaşadığınız müddətdə Vyetnamın gündəlik həyatı, insanlarının dünyagörüşü və Azərbaycan haqqında məlumatlılığı ilə bağlı hansı maraqlı məqamlarla qarşılaşmısınız?
- Məni Vyetnama cəlb edən, ilk növbədə, bu ölkənin füsunkar təbiəti, zəngin mədəniyyəti və özünəməxsus həyat tərzi oldu. Bütün bunları sadəcə kənardan müşahidə etmək deyil, şəxsən yaşamaq, yerli mədəniyyəti yaxından tanımaq istəyirdim. Beləliklə, Vyetnama köçmək qərarına gəldim.
Burada yaşadığım illər ərzində bu qərarıma görə heç vaxt peşman olmamışam. Vyetnamlılar çox mehriban, səmimi və qonaqpərvərdirlər. Onların bu xüsusiyyətləri mənə öz xalqımızı xatırladır. Həm azərbaycanlılar, həm də vyetnamlılar qonaqpərvərliyə, qarşılıqlı qayğıya və ailə dəyərlərinə böyük önəm verirlər.
Azərbaycan haqqında danışarkən vyetnamlıların ölkəmizə böyük maraq göstərdiyini görürəm. Onlar ölkəmizin iqlimi, məşhur yeməklərimiz, gündəlik həyatımız, geyim tərzimiz və hətta idmançılarımızla bağlı çoxsaylı suallar verirlər. Məni xüsusilə sevindirən məqamlardan biri də bəzi vyetnamlıların Azərbaycanın məşhur idmançılarını tanımasıdır. Çünki belə məqamlar coğrafi məsafəyə baxmayaraq, xalqlarımız arasında qarşılıqlı marağın və müəyyən tanışlığın olduğunu göstərir.
Diqqətimi çəkən digər oxşarlıq isə ailə dəyərləridir. Vyetnamda ailə bağları çox güclüdür. İnsanlar ailələrinə, valideynlərinə və yaxınlarına böyük dəyər verirlər. Bu baxımdan vyetnamlıları özümüzə çox yaxın hiss edirəm.
Vyetnamda mənim üçün ən maraqlı mədəni fərqlərdən biri də həyatın sürətidir. Burada hər şey sanki çox sürətlə baş verir. Düşünürəm ki, bu, həm insanların həyat tərzi, həm də nəqliyyatın xüsusiyyətləri ilə bağlıdır. İlk vaxtlar bu sürət mənə bir qədər qeyri-adi gəlsə də, zamanla Vyetnam həyatının ən maraqlı və sevdiyim xüsusiyyətlərindən birinə çevrildi.
- Azərbaycan-Vyetnam əlaqələrinin əsası hələ sovet dövründə qoyulub. Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfəri, vyetnamlı tələbələrin ölkəmizdə təhsil alması, azərbaycanlı mütəxəssislərin Vyetnamda çalışması bu münasibətlərin tarixində mühüm yer tutur. Bu irs bu gün Vyetnamda nə dərəcədə tanınır və xatırlanır?
- Vyetnamda yaşadığım müddətdə yaşlı nəslin nümayəndələri ilə dəfələrlə söhbət etmək imkanım olub. Belə söhbətlər zamanı bəziləri gənclik illərində keçmiş Sovet İttifaqı ölkələrində olduqlarını, təhsil aldıqlarını və ya işlədiklərini danışırlar. Maraqlıdır ki, bu söhbətlərdə Azərbaycanın adına da tez-tez rast gəlirəm.
Bir dəfə tibbi müayinədən keçmək üçün xəstəxanaya getmişdim. Orada yaşlı bir həkim haradan olduğumu soruşdu. Azərbaycanlı olduğumu deyəndə onun gözləri sevincdən parladı. Məlum oldu ki, o, gənclik illərində Azərbaycanda təhsil alıb. Hətta mənimlə Azərbaycan dilində “Salam” deyərək ünsiyyət qurmağa çalışdı. Daha sonra Bakıda keçirdiyi günləri, həmin illərlə bağlı xatirələrini böyük sevgi və həvəslə danışmağa başladı. Bu, mənim üçün həqiqətən də təsirli və unudulmaz bir an idi.
Məni xüsusilə təsirləndirən başqa bir hekayə də var. Bir vaxtlar Azərbaycanda təhsil almış vyetnamlılardan biri müharibənin başa çatması xəbərini Bakıda olarkən aldıqlarını danışmışdı. O, bu xəbərə necə sevindiklərini, azərbaycanlı tələbə yoldaşlarının da sevinclərini bölüşdüyünü və həmin anın yaddaşında necə dərin iz buraxdığını böyük həyəcanla xatırlayırdı.
Məncə, burada ən dəyərli məqam illər, hətta onilliklər keçməsinə baxmayaraq, Bakıda təhsil almış insanların həmin xatirələri unutmaması, Azərbaycanla bağlı xoş təəssüratlarını qoruyub saxlaması və öz hekayələrini başqaları ilə bölüşməsidir. Onların bir çoxu bu gün də məzunlar şəbəkəsi vasitəsilə əlaqələrini davam etdirir, Azərbaycanla Vyetnam arasındakı dostluq münasibətlərinin yaşadılmasına töhfə verirlər.
- Hər iki xalqın tarixində müstəqillik uğrunda mübarizə, müharibə və sonrakı bərpa dövrü mühüm yer tutur. Bu tarixi təcrübələrin Azərbaycan və Vyetnam xalqlarının xarakterinə, milli yaddaşına və bugünkü inkişaf yoluna təsirində hansı paralelləri görürsünüz?
- Məncə, Azərbaycan və Vyetnam xalqlarının tarixində kifayət qədər maraqlı paralellər var. Hər iki xalq çətin tarixi dövrlərdən keçib, müstəqillik və azadlıq uğrunda mübarizə aparıb, müharibələrin ağır nəticələri ilə üzləşib. Bütün bunlara baxmayaraq, öz milli kimliyini, mədəniyyətini və gələcəyə inamını qoruyub saxlamağı bacarıb. Sonrakı mərhələdə isə ölkələrin bərpası və inkişafı naminə böyük səylər göstərilib.
Mənim fikrimcə, bu tarixi təcrübələrin hər iki xalqın xarakterində formalaşdırdığı ən mühüm xüsusiyyətlər dözümlülük, əzmkarlıq və gələcəyə inamdır. İnsanların çətinliklərə baxmayaraq həyatlarını davam etdirmək, ailələrini qorumaq, övladlarının təhsilinə və gələcəyinə yatırım etmək istəyi hər iki cəmiyyətdə müşahidə etdiyim ortaq cəhətlərdəndir.
Vyetnamda yaşadığım müddətdə insanların öz tarixinə, milli kimliyinə və mədəniyyətinə bağlılığı xüsusilə diqqətimi çəkib. Burada tarixə böyük hörmət var. İnsanlar ölkələrinin müstəqillik uğrunda mübarizəsini unutmur, bu tarixi yaddaşı qorumağa çalışırlar. Azərbaycanda da milli tariximizə, torpaqlarımıza, dilimizə və ənənələrimizə bağlılığın nə qədər güclü olduğunu yaxşı bilirik.
Digər tərəfdən, bu yaxınlığı gündəlik həyatda insanların davranışlarında da hiss etmək mümkündür. Hər iki xalq ailə dəyərlərinə, qarşılıqlı dəstəyə və doğmalarına qayğıya böyük önəm verir. Düşünürəm ki, çətin tarixi dövrlər insanlara ailənin və cəmiyyətin birliyinin, bir-birinə dayaq olmağın nə qədər vacib olduğunu daha dərindən anladır.
- Prezident İlham Əliyevin 2026-cı ilin noyabrında Vyetnama rəsmi səfəri və strateji tərəfdaşlığın inkişafı istiqamətində əldə olunan razılaşmalar ikitərəfli münasibətlərə yeni dinamika verir. Bu mərhələdə hansı əməkdaşlıq istiqamətlərini daha perspektivlidir?
- Hesab edirəm ki, ilk növbədə, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. Azərbaycanın enerji və nəqliyyat sahələrində topladığı təcrübə, Vyetnamın isə sürətlə inkişaf edən iqtisadiyyatı bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bununla yanaşı, rəqəmsal transformasiya, innovasiya və texnologiya sahələrində təcrübə mübadiləsini də perspektivli hesab edirəm.
Mənim üçün xüsusi əhəmiyyət daşıyan sahələrdən biri də təhsil və mədəniyyətdir. Universitetlər arasında əməkdaşlığın genişləndirilməsi, tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə layihələr və mədəni tədbirlər xalqlarımızın bir-birini daha yaxından tanımasına şərait yarada bilər.
Vyetnamda yaşayan bir azərbaycanlı kimi hesab edirəm ki, turizmin inkişafı və insanlararası əlaqələrin genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. İnsanların qarşılıqlı səfərləri, bir-birinin mədəniyyəti və ənənələri ilə yaxından tanış olması ölkələrimiz arasında qarşılıqlı anlaşmanı möhkəmləndirməklə yanaşı, mövcud dostluq münasibətlərinin daha da dərinləşməsinə xidmət edəcək.
- Vyetnamda yaşayan azərbaycanlılar arasında diaspor əlaqələri necə qurulub? Soydaşlarımızın Azərbaycan dilini, milli mədəniyyətini və ənənələrini yaşatmaq, Vyetnam cəmiyyətində ölkəmizi tanıtmaq istiqamətində fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Vyetnamda yaşayan azərbaycanlılar arasında kifayət qədər səmimi və mehriban münasibətlər formalaşıb. Burada yaşayan soydaşlarımız daim əlaqə saxlayır, bir-birimizə dayaq olmağa və ehtiyac yarandıqda dəstək göstərməyə çalışırıq. Milli bayramlarımızı, xüsusilə Novruzu və digər əlamətdar günləri birlikdə qeyd edirik. Düşünürəm ki, Vətəndən uzaqda yaşadığımıza görə, belə görüşlər və birlik hissi bizim üçün daha böyük əhəmiyyət daşıyır. Bu, həm milli kimliyimizi və ənənələrimizi qoruyub saxlamağa, həm də özümüzü Vətənə daha yaxın hiss etməyə imkan verir.
Bu məqamda Azərbaycanın Vyetnamdakı səfirliyinin fəaliyyətini də xüsusi qeyd etmək istərdim. Səfirliyimiz bu istiqamətdə həqiqətən böyük işlər görür. Onların dəstəyini hər zaman hiss edir, ehtiyac yarandıqda yanımızda olduqlarını görürük.
- Azərbaycan və Vyetnam arasında əlaqələrin yalnız rəsmi və iqtisadi müstəvidə deyil, insanlar arasında da möhkəmlənməsi üçün hansı addımlar atılmalıdır? Diasporun bu prosesdə iştirakı, xüsusilə gənclər mübadiləsi, təhsil, mədəni layihələr və turizm sahəsində hansı imkanları aça bilər?
- Hesab edirəm ki, Azərbaycan və Vyetnam arasında münasibətlərin daha da möhkəmlənməsi üçün, ilk növbədə, insanlararası əlaqələri genişləndirmək lazımdır. Xüsusilə turizmin inkişafını vacib hesab edirəm. Daha çox azərbaycanlının Vyetnama səyahət etməsini istərdim. Son zamanlar iki ölkə arasında birbaşa çarter reyslərinin açılması ilə bağlı müzakirələrin aparılması da sevindirici haldır. Ümid edirəm ki, gələcəkdə bu imkanlar daha da genişlənəcək və insanlar Vyetnamı daha rahat kəşf edə biləcəklər. Çünki Vyetnam həqiqətən də görməyədəyər ölkədir. Möhtəşəm təbiəti, gözəl çimərlikləri, qədim şəhərləri, zəngin tarixi və rəngarəng mədəniyyəti ilə ziyarətçilərə unudulmaz təəssüratlar bəxş edə bilər.
Məncə, xalqları bir-birinə yaxınlaşdıran vasitələrdən biri də milli mətbəxdir. Azərbaycan və Vyetnam mətbəxləri bir-birindən fərqlənsə də, hər iki xalqın kulinariya ənənələri ilə tanışlıq qarşılıqlı marağı artıra bilər. Bu baxımdan milli mətbəx festivallarının və müxtəlif kulinariya tədbirlərinin təşkili maraqlı təşəbbüs olardı.
Digər mühüm istiqamət təhsil və tələbə mübadiləsidir. Azərbaycanlı və vyetnamlı gənclərin qarşılıqlı olaraq digər ölkədə təhsil alması, dil öyrənməsi və yerli mədəniyyətlə yaxından tanış olması gələcəkdə daha möhkəm əlaqələrin qurulmasına şərait yarada bilər.
Vyetnamda yaşayan bir azərbaycanlı kimi düşünürəm ki, bəzən bir ölkəni tanımaq üçün onun haqqında oxumaq kifayət etmir. Həmin ölkədə olmaq, insanları ilə ünsiyyət qurmaq və gündəlik həyatını yaxından müşahidə etmək lazımdır. İstərdim ki, daha çox azərbaycanlı Vyetnamı kəşf etsin, vyetnamlılar da Azərbaycanı yaxından tanısınlar. Çünki xalqlar bir-birini tanıdıqca, aralarında qarşılıqlı anlaşma və dostluq münasibətləri də daha da möhkəmlənir.