ABŞ idxal edilən dronlara 100%-ə qədər gömrük vergisi tətbiq edir
ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik və təchizat zənciri narahatlıqlarını əsas gətirərək idxal edilən dronlar və onların hissələrinə 10% ilə 100% arasında dəyişən əlavə gömrük vergiləri tətbiq edən bəyannaməni imzaladı.

ABŞ Prezidenti Donald Tramp idxal edilən dronlara yeni tarif məhdudiyyətləri gətirən bəyannaməni imzaladı. Ağ Evdən verilən açıqlamaya görə, milli təhlükəsizlik və təchizat zənciri narahatlıqları əsas gətirilərək qəbul edilən qərarla; maksimum uçuş çəkisi 25 kiloqramı aşan və ya termal görüntüləmə kimi xüsusi qabiliyyətlərə malik dronlar, onların yer stansiyaları və bəzi kritik hissələrinə 100% gömrük vergisi tətbiq olunacaq. Milli təhlükəsizlik baxımından risk yaratmayan və müəyyən xüsusiyyətlərdən məhrum daha kiçik ölçülü dronlar və digər hissələrə isə 25% vergi tətbiq ediləcək.

Avropa İttifaqı (Aİ), Yaponiya, Lixtenşteyn, Cənubi Koreya, İsveçrə və Tayvandan idxal edilən dron və hissələrinə 15% vergi tətbiq edilərkən; avadanlıq, proqram təminatı və texnologiyasının demək olar ki, hamısının sözügedən ölkələrdən və ya ABŞ-dan qaynaqlanması şərti ilə Böyük Britaniyadan edilən idxalata 10% vergi tətbiq olunacaq. Beləliklə, idxal edilən dronlar və hissələrinə 10% ilə 100% arasında dəyişən əlavə gömrük vergisi tətbiq edilmiş oldu.

Vergilərin böyük bir hissəsi bəyannamə imzalandıqdan 21 gün sonra, həssas xarakterli olmayan hissələrə yönəlik vergilər isə 180 gün sonra qüvvəyə minəcək. Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən azadolma təsdiqi alan məhsullar üçün isə vergi tətbiqi 180 gün sonra başlayacaq.

Digər tərəfdən fərmanla ABŞ Ticarət Naziri Howard Lutnick, dron və hissə istehsalında yeni investisiyalar edən şirkətlər üçün istehsalı ölkəyə çəkməyi hədəfləyən bir yerli istehsal proqramı qurmaqla səlahiyyətləndirildi. Ağ Ev, bu addımların yerli dron istehsalını artırmağı və kritik hissələrdə xarici asılılığı azaltmağı hədəflədiyini bildirdi.