Trampdan İrana 'iqtisadi müharibə' elanı
ABŞ Prezidenti Donald Tramp, İrana qarşı tarixdəki ən ağır sanksiyaları tətbiq edəcəklərini bildirərək, Tehran rəhbərliyinə yardım edən ölkələrin də böyük iqtisadi nəticələrlə qarşılaşacağını qeyd etdi.

ABŞ Prezidenti Donald Tramp sosial media hesabından İranla bağlı tətbiq olunacaq yeni sanksiya qərarlarına dair açıqlamalar verib. Tehran rəhbərliyinə anlaşma üçün fürsət verildiyini, lakin bunun dəyərləndirilmədiyini müdafiə edən Tramp, “Bu günə qədər hər hansı bir ölkəyə qarşı aparılan ən əzici iqtisadi əməliyyatı elan edirəm. Bu, misli görünməmiş miqyasda bir iqtisadi müharibə və təcrid olacaq. Donanmaları məhv edildi, hava qüvvələri məhv edildi, hərbi fabrikləri xarabalığa çevrildi, valyutaları dəyərdən düşdü və ölkələri ipdən asılı vəziyyətdədir” ifadələrini işlədib.

İranla ticarət və maliyyə əlaqələrini davam etdirən ölkələrə xəbərdarlıqlar edən Tramp, “Maliyyə qurumlarının, müəssisələrinin, hava limanlarının və ya dövlət qurumlarının İrana hər hansı bir növ həyat xətti təmin etməsinə icazə verən hər hansı bir ölkə də çox böyük iqtisadi nəticələrlə üzləşəcəkdir” qiymətləndirməsində bulunub.

Qeyri-qanuni fəaliyyətlərin dərhal dayandırılmasının vacibliyini vurğulayan Tramp, “Neft qaçaqmalçılığı, swap xətləri, nağd pul köçürmələri, valyuta mübadiləsi, gəmi qeydiyyatları, paravan şirkətlər. Bunların hamısı dərhal dayandırılmalıdır. Kim olduğunuzu bilirsiniz. Bu, 'iqtisadi D-Day' (Çıxarma Günü) olacaq və İran təhdidini təcrid edib məğlub etmək üçün bütün müttəfiqlərimizin Amerika Birləşmiş Ştatlarının yanında durmasına ehtiyacımız var. Bu tarixi tədbirlər onları və dünya miqyasında terror estirmə qabiliyyətlərini iflic edəcəkdir. İran heç vaxt nüvə silahına sahib olmayacaq” ifadələrini işlədib.