İndoneziyada 7.7 bal gücündəki zəlzələdə ölənlərin sayı 71-ə çatdı
15 avqustda İndoneziyanın şərqində baş verən 7.7 bal gücündəki zəlzələdə ölənlərin sayının 71-ə çatdığı bildirilib.

İndoneziya Milli Fəlakət İdarəetmə Agentliyinin (BNPB) Fəlakət Məlumat, İnformasiya və Kommunikasiya Mərkəzinin müvəqqəti rəhbəri Berton Panjaitan, Flores adası və ətrafını təsir edən zəlzələ ilə bağlı son məlumatları onlayn mətbuat konfransında paylaşdı. Panjaitan, Nagekeo bölgəsində bir nəfərin daha həyatını itirməsi ilə ümumi ölüm sayının 71-ə çatdığını və həyatını itirənlərin ailələrinə başsağlığı dilədiyini bildirdi.

Panjaitan, zəlzələ səbəbindən 59,647 nəfərin yerindən edildiyini və ən çox təxliyyənin Manggarai bölgəsində baş verdiyini bildirdi. O, "Prioritetimiz, artçı təkan qorxusu ilə zədələnmiş evlərinə qayıtmaq istəməyən təxliyə edilmiş vətəndaşların ehtiyaclarını qarşılamaqdır. Xalqımızın qida, təmiz su, çadır, yataq, ədyal və gigiyena avadanlıqları kimi əsas ehtiyaclarının qarşılanması üçün işlərimiz davam edir" deyə qiymətləndirmə etdi.

Zəlzələdən sonra başlanan yardım əməliyyatlarının davam etdiyini vurğulayan Panjaitan, bölgəyə çatdırılan ümumi humanitar yardım miqdarının 398 tona çatdığını bildirdi. Rəsmi şəxs coğrafi şəraitin çətinliyinə diqqət çəkərək, quru yolu daşımacılığının əsas çatdırılma yolu olduğunu, lakin logistik dəstəyə ehtiyacı olan sahil bölgələrinə dəniz və hava yolu ilə də yardım göndərişlərinin mərhələli şəkildə davam etdiyini bildirdi.