Minilliklərə səyahət – Azərbaycan Təbiət Tarixi Muzeyindən REPORTAJ

Azərbaycan Təbiət Tarixi Muzeyi tariximizin ən qədim qatlarının canlandığı məkandır. Hər bir eksponat keçmişin şahididir, özünəməxsus tarixə malikdir. Burada Azərbaycanın zəngin faunasının sirlərini açan qədim balinaların, öküzlərin və kərgədanların skeletlərini, nadir heyvanların müqəvvalarını görə bilərsiniz.

Bu elm müəssisəsinin zəngin muzey kolleksiyası tədqiqatçılar üçün tükənməz mənbə olmaqla yanaşı, həm də qədim tarixlə maraqlanan hər kəs üçün uzaq və naməlum aləmlərə qərq olmaq imkanıdır. Muzeyi gəzərkən, milyonlarla il əvvəl olduğu kimi, dünyanı kəşf edərək minilliklərə səyahətə çıxdığınızı hiss edirsiniz.

Dəvəquşu, zürafə və fillər: Azərbaycanın qədim onurğalı heyvanları

Təbiət Tarixi Muzeyində Azərbaycanda tapılan və bəzilərinin on milyonlarla il yaşı olan onurğalıların böyük kolleksiyası var. Onların arasında çoxlu sayda nadir tapıntılar, o cümlədən quşlar, dəniz samuru (alimlərin fikrincə, başqa heç bir yerdə rast gəlinməyən dəniz faunasının nadir növü), dəniz tısbağaları, həmçinin Azərbaycana endemik olan çoxlu sayda fosil balıqları görmək olar.

Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Eybatov deyir: “Qarşımızda bu ərazidə qorunub saxlanılan Binəqədi keyrəkli laylarında fosillərin unikal kolleksiyası. Bunlar Azərbaycanda müəyyən dövrdə yaşamış sonuncu Pleystosen epoxasının heyvanlarıdır və bu ərazidə onların sayı heyranedici dərəcədə çox olub. Bu tapıntılar üzvi maddələr də daxil olmaqla əla mühafizəsi ilə seçilir. Onlardan DNT əldə etmək mümkün oldu. Ekspozisiya çoxlu sayda unikal elementi ehtiva edir”.

Muzeyin direktoru bildirdi ki, bu yaxınlarda Azərbaycanda meşə filinin qalıqları aşkar edilib. İlk dəfə olaraq, qədim öküz qalıqları da tapılıb. “Ölkədə öküz qalıqları olduqca nadirdir. Bu, Qafqazda yeganə öküzdür ki, muzeyimizin kolleksiyasında təmsil olunur”, - deyə həmsöhbətimiz qeyd edir.

Ölkə ərazisində 12 xortumlu heyvan növü yaşayırdı. Bunlar mastodontlar, dinoteriyalar, hairolofodontlardır, onların arasında çöl və meşə filləri də daxil olmaqla iki növ mastodont var. Həqiqi fillər arasında düzalınlı, cənub, çöl və meşə növləri var. Azərbaycanda sonuncu meşə filinin nəsli 300 min il əvvəl kəsilib. “Bu fosillər buradakı flora və faunanın əslində tropik olduğunu göstərir. Qədim zamanlarda burada dəvəquşu qaçırdı, zürafələr yaşayırdı, hətta meymunlar da var idi. Flora və fauna həqiqətən unikal idi”, - deyə Tariyel Eybatov diqqətə çatdırır.

Xəzər suitilərinin ekologiyası sahəsində ölkədə yeganə mütəxəssislər

Muzeydə bir neçə istiqamətdə elmi tədqiqatlar aparılır. Bunlardan birincisi, paleontologiyadır. Burada ilk növbədə onurğalılar öyrənilir. İkincisi, geoloji proseslərin arxeologiyaya təsirini müəyyən edən tamamilə yeni elm olan arxegeologiyadır. Üçüncüsü, arxeozoologiyadır. Qazıntılar aparan arxeoloqlar tapdıqları kəllə sümüklərini və əmək alətlərini götürür, bütün qalıq materialları qədim əcdadlarımızın qida mənbələri ilə bağlı araşdırmaların aparıldığı muzeyə gətirirlər.

Tariyel müəllimin sözlərinə görə, muzey işçiləri Xəzər suitilərinin ekologiyası ilə də məşğul olurlar: “Artıq 54 ildir ki, Xəzər suitilərinin ekologiyası ilə məşğul oluruq və praktiki olaraq respublikada bu sahədə yeganə mütəxəssisik. Biz quş ekologiyası ilə də işləyirik. Əməkdaşlarımız həm dənizdə, həm də quruda quşlar üzərində araşdırma aparırlar. Suitilərin həm sahil, həm də dəniz tədqiqatları həyata keçirilir.

Muzey əməkdaşlarının məşğul olduğu bir çox elmi sahələr arasında botanika və paleobotanika da var.

Qeyd edək ki, muzey Xəzəryanı ölkələrin alimləri ilə fəal əməkdaşlıq edir. Bu günlərdə Tariyel Eybatov Mahaçqalada keçirilən “Xəzər suitisi: Xəzər ekosisteminin vəziyyətinin göstəricisi” mövzusunda beynəlxalq elmi konfransda çıxış edib. Beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif səviyyələrdə və fərqli ixtisası olan mütəxəssislərin iştirakı ilə əməkdaşlıqlar yaradılır, informasiya mübadiləsi aparılır.

Azərbaycanın qədim tarixinin öyrənilməsi üzrə beynəlxalq layihələr

Təbiət Tarixi Muzeyi öz tədqiqatlarına dünyanın aparıcı alimlərini də cəlb edir. Son illər bir sıra mühüm layihələr həyata keçirilib.

“2023-cü ilin oktyabrında Paleolit erası üzrə mütəxəssis olan əməkdaşımız, arxeoloq Azad Zeynalov mütləq yaşı müəyyən etmək üçün Danimarka alimlərini, DNT mütəxəssislərini və geoloqları Azərbaycana dəvət edib. Biz Azıx mağarasına ekspedisiyada idik, burada həyata keçirilən layihə ilə həm bu mağaranın genetik tərkibini öyrənməyə, həm də təbəqələrin mütləq yaşını müəyyən etməyə başladı. Bundan əlavə, o, yapon alimləri ilə birgə Qazax rayonunda, eləcə də Naxçıvanda yerləşən Damcılı mağarasında tədqiqatlar aparır. Qeyd etmək istərdim ki, biz hazırda bir neçə layihə həyata keçiririk, onların davamı da olacaq”, -deyə Biogenetik analiz şöbəsinin müdiri Natəvan Abdullayeva deyir.

O, həmçinin tapılan qalıqların bərpası prosesindən danışır: “Elə materiallar var ki, sərgiyə qoyula bilər, elələri də olur ki, görünüşünü itirib, amma informasiya mənbəyi kimi faydalıdır. Bərpa prosesini muzeyimizin əməkdaşı - taksidermist aparır. O, formalində həm yaş preparatlar yaradır, həm də müqəvva və skeletləri toplayır. Bərpaçılar ən əlverişsiz materialdan belə qədim heyvanların əsl görünüşünü canlandırmağa çalışırlar”.

Onun sözlərinə görə, texnologiyanın inkişafı ilə həm bərpaçılar, həm də paleontoloqlar üçün yeni imkanlar yaranır. Yeni binada (muzey yaxın gələcəkdə yeni binaya köçəcək – redaktorun qeydi) yəqin ki, daha keyfiyyətli, daha interaktiv və informasiya ilə zəngin eksponatlar yaratmaq mümkün olacaq. Hazırkı məhdud yer muzeyin zəngin kolleksiyasını tam şəkildə təqdim etməyə imkan vermir.

“Hər il bölgələrdə ekspedisiyalar keçiririk. Biz həm paleontologiya, həm də geologiya ilə bağlı materiallar toplayırıq. 2020-ci ildən 2022-ci ilədək Gədəbəy, Daşkəsən, Balakən, Mingəçevir, Naxçıvan, Qazax və digər rayonlarda ekspedisiyalarda olmuşuq, oradan çoxlu müxtəlif materiallar gətirmişik. Məsələn, minerallar, qiymətli və ya yarıqiymətli daşlar, metallar, filizlər. Bu yaxınlarda Tariyel müəllim camış buynuzlarını aşkar edib”, - deyə Natəvan xanım qeyd edir.

Muzeyi hər yaşdan olan tarix həvəskarları və qədim heyvanların canlandırılmış fiqurlarına heyran qalan xarici turistlər ziyarət edir. COP29 iqlim konfransı zamanı “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın dəvəti ilə amerikalılar muzeyi ziyarət edib, onların arasında balina mütəxəssisi də olub.

Xatırladaq ki, BMT-nin iqlim konfransı çərçivəsində COP29 ərazisində və Dənizkənarı Milli Parkda sərgi keçirilib. Sərgidə tamaşaçını sualtı aləm ilə tanış edən və dünya sularında məskunlaşan bütün canlıların əhəmiyyətini nümayiş etdirən, eyni zamanda onların qorunub saxlanmasının vacibliyini vurğulayan fotoşəkillər nümayiş etdirilib.

“Canlandırmanın” sirləri

Eksponatlarında zamanın donduğu Təbiət Tarixi Muzeyində müasir insana məlum olmayan bir heyvanın unudulmasından bəri onun hərfi mənada canlandırılması möcüzəsinin baş verdiyi xüsusi otaq var. Taksidermistin bacarıqlı əlləri sayəsində qədim kərtənkələ və ya tarixdən əvvəlki faunanın başqa bir nümayəndəsi yenidən həyat qazanır. Bundan əlavə, mütəxəssislər müasir heyvanların müqəvvasını yaradırlar.

Hər şey heyvan haqqında məlumatı diqqətlə toplamaqdan başlayır. Taksidermist onun anatomiyası, vərdişləri və yaşayış yeri haqqında hər şeyi öyrənməlidir. Sonra əsas mərhələ başlayır. Əvvəlcə heyvanın cəmdəyindən dəri çıxarılır və emal edilərək mikrobları öldürmək üçün xüsusi məhlula qoyulur. Emaldan sonra dərini qurutmaq məqsədilə bir kənara qoyur, sonra heyvanın cəmdəyinin ölçülərini götürürlər. Karkasın ölçüsünə əsasən, hazır dərinin uzandığı bir forma hazırlanır. Heyvan böyükdürsə, bu forma gücləndirilir ki, daha da möhkəm olsun.

Muzeyin əməkdaşı, taksidermist Tahir İlyasov deyir ki, işləmək üçün ən maraqlı, eyni zamanda, emal edilməsi ən çətin olan heyvan qalın piy qatına malik olan suitiləridir. O əlavə edir: “Taksidermist həm heykəltaraş, həm də rəssam olmalı və formanı uyğun formaya salmaq üçün heyvanın anatomiyasını yaxşı bilməlidir”.

Muzeyin maraqlı eksponatlarından biri - əvvəllər Azərbaycan ərazisində yaşamış Turan pələnginin müqəvvası diqqəti cəlb edir. Tahir müəllimin sözlərinə görə, müqəvva çoxdan hazırlanıb və saxlama şəraiti düzgün aparılmadığından heyvanın tükləri xarab olub, habelə rəngini itirməyə başlayıb. Tahir İlyasovun gərgin əməyi sayəsində nadir heyvanın müqəvvasını qorumaq mümkün olub. İndi Turan pələngi öz təbii yaşayış mühitini əks etdirən kiçik, yenidən qurulmuş guşədə ziyarətçilərə zəhmlə “baxır”. “Rəssam heyvanın təbii yaşayış mühitini mümkün qədər dəqiq çatdırmaq üçün rəngləri, bitkiləri və digər elementləri düzgün seçməlidir”, - deyə T.İlyasov izah edir.

Tahir müəllimin yaratdığı digər maraqlı muzey kompozisiyasında zebu ilə bəbirin ölümcül döyüşü əks olunub: zebu buynuzları ilə bəbirin qabırğalarını deşib, bəbir isə onun yuxu arteriyasını dişləyib. Bu, sadəcə bir kompozisiya deyil, əsl bədii əsərdir.

Muzeyin kolleksiyasını 55 min il yaşı olan Binəqədi kərgədanının skeleti bəzəyir. Bu, Azərbaycanda yaşayan kərgədanların sonuncu növüdür (ümumilikdə 10-a yaxın növ aşkar edilib). Bu kərgədan Təbiət Tarixi Muzeyinin emblemi və loqosudur.

Təbiət Tarixi Muzeyindəki hər bir eksponat sadəcə səssiz bir obyekt deyil, uzaq tarixin bir parçasıdır. Siz Bakının mərkəzində yerləşən bu muzeyi ziyarət etməklə təbiətin sirlərini öyrənə, Azərbaycanın qədim flora və faunası haqqında daha çox məlumat əldə edə bilərsiniz.