Aşıq Hüseyn Saraçlı - Orta Asiya və Türk dünyasının ortaq mədəni irsi - Saraçlı kəndindən REPORTAJ

15-ci doğum günündə atası gözləri önündə bolşeviklər tərəfindən qətl edilən, sazın, sözün sehrini, elin adını yaşadan ustad Aşıq Hüseyn Saraçlının dünyaya gəlişindən 106 il ötür…

“Report”un Gürcüstan bürosu Bolnisi rayonunun Saraçlı kəndinə gedərək aşığın məzarını ziyarət edib, doğulub boya-başa çatdığı evdə, atası Qurban kişinin qətl edildiyi Qaraqayada olub, kənd sakinləri ilə söhbətləşib.

İlk olaraq məlumat verək ki, Aşıq Hüseyn Saraçlı 1916-ci il fevralın 15-də Bolnisinin Saraçlı kəndində anadan olub. 400-dən çox dastan və rəvayət bilən mahir aşıq olub. Onun adı Qafqazda, Türkiyədə və Orta Asiyada məşhurlaşıb. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda ciddi məclislər keçirib. 1975-ci ildə “Tütək səsi”, “Firəngiz”, “Ələsgər”, “Xalqlar dostluğu” kimi filmlərdə saz havaları ifa edib. “Tütək səsi” filmində çaldığı “Ruhani” havası xüsusilə seçilib.

O, 1980-ci ildə Gürcüstan SSR-in “Əməkdar Mədəniyyət İşçisi” adına layiq görülən yeganə Borçalı aşığı olub. Ömrünün sonuna qədər Bolnisi Rayon Mədəniyyət Evi, Aşıqlar Ansamblının rəhbəri kimi fəaliyyət göstərib. Neçə-neçə yetirmələri, davamçıları var.

Ustadın Bakıda son konserti 1987-ci ilin fevralında Azərbaycan Dövlət Filarmoniyasında keçirilib. 1989-cu ildə Estoniyanın paytaxtı Tallində 4 metrlik heykəli hazırlansa da, təəssüf ki, Saraçlı kəndinə gətirilə bilmir və hələ də Tallin şəhərində qalır. 1997-ci ildən isə Saraçlı kəndində büstü ucaldılır.

Bu günə kimi də Aşıq Hüseyn Saraçlı Cənubi Azərbaycanda, Türkiyədə, Orta Asiyada sevilməkdədir, yəni onun irsi yaşamaqdadır...

Saraçlı və Ağbaba: Tarixdən gələn bağlar

Saraçlı kəndi və Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya bölgəsi arasında dərin tarixi və mədəni bağlar mövcuddur. Bu əlaqələr nəinki coğrafi, həm də mənəvi bir körpü rolunu oynayır. Saraçlıdan vaxtilə Ağbabaya köç etmiş Qarannılar nəsli yaşayıb, Hüseyn Saraçlının da bir tərəfi bu nəslə bağlı olub.

Bu gün Saraçlı kəndi həm də Qərbi Azərbaycana mənəvi bir bağdır deyə bilərik. Kənddə Ağbabadan, Göyçədən gələn nəfəs bu gün də hiss olunur.

Saraçlı sakini Rəşad Əliyevin dediklərinə görə, Nağı kişi (Əzimov Nağı) məhz Ağbabadan köç edərək Saraçlıda məskunlaşıb. Aşıq Hüseyn Saraçlının Bakıda yaşayan bacısı Xoşqədəm isə ailələrinin Ağbabada qohumları olduğunu bildirib.

Yəni Saraçlı və Ağbaba arasındakı mədəni və mənəvi bağlar zamanın sınaqlarından keçsə də, bu gün də yaşayır və yaşamağa davam edir.

Kənd camaatının, ağsaqqalların dilində Aşıq Hüseyn Saraçlının adı, gözlərində ona olan ehtiramın işığı vardı. Hiss olunurdu ki, bu kənddə Hüseyn Saraçlı təkcə bir aşıq yox, bir məktəb, bir yol, bir yaddaşdır. Onun haqqında elə danışdılar ki, sözlər sanki sazın telinə toxunan bir pərdəyə bənzəyirdi. Bir sözlə, onun keçdiyi yollar, dediyi misralar, çaldığı havalar bu elin yaddaşına həkk olunub.

"Ustad Aşıq Hüseyn Saraçlının yerlilərinə salam olsun!" demişdik ki, kənd ağsaqqalları fərəh hissi ilə bizi çox isti qarşıladılar. Bir anlıq özümü buranın sakini kimi hiss etdik. Onlar Aşıq Hüseynin ağsaqqallığından, sazının sehri, sözünün gücündən ağızdolusu danışdılar.

Eldar adlı sakin bildirdi ki, o, təkcə Borçalının deyil, bütün Azərbaycanın, hətta Türkiyənin məşhur aşıqlarından biri olub.

Digər sakinlər də həvəslə Aşıq Hüseyn Saraçlı ilə bağlı xatirələrini bölüşdülər. Biri onun məclislərdə oxuduğu misralardan səsləndirdi:

Çay qırağı məhsul əkmə,
Əgər əksən, selə gedər.
Qalmaqallı bir məclisə salam vermə,
Əgər versən, yelə gedər...

Aşıq Hüseyn Saraçlının evi

Dədə Hüseyn Saraçlının doğulub böyüdüyü, yaşadığı evdəyik. Bu evdə zamanında sazın səsi susmazdı. Lakin indi divarlarda zamanın izləri, toz basmış əlyazmalar, saralmış "Fəxri Fərman"lar, köhnə afişalar, illərlə toxunulmamış geyimlər və bir küncdə sükuta qərq olmuş büst, saz və qəlyan…

Saraçlının sazı susub, sanki illərin naləsi, elin dərdi, ruhun titrəyişi də onunla birlikdə qüssəyə qərq olub. Hər biri sanki sahibinin xiffətini çəkir.

Bu, daş-divardan ibarət sadə ev deyil, bir dövrün, bir mədəniyyətin şahididir. Amma, təəssüf ki, indi baxımsız, bərbad və unudulmuş vəziyyətdədir. Halbuki evdəki əşyaların hər biri bir muzeyin eksponatı ola bilər...

Saraçlı (indiki adı Mamxuti) kəndi

Tarixi faktlar sübut edir ki, ermənilər daim qonşu dövlətlərin ərazilərinə göz dikib, işğalçılıq siyasəti yürüdüblər. Tarixin müxtəlif dövrlərində, müxtəlif coğrafiyalarda bu iddiaların şahidi olmuşuq. Tarixi Azərbaycan torpaqlarında dövlət qurmazdan əvvəl Ermənistan Gürcüstanla da müharibə edib. 1918-ci il martın 31-də Azərbaycanda soyqırımı törədən ermənilər eyni təfəkkürü həmin ilin dekabrında Gürcüstanda reallaşdırıb. Bunun əsas səbəbi hər iki ölkənin Borçalı qəzası, xüsusilə də Lori və Axalkalaki bölgələrinə olan ərazi iddiaları idi.

Birinci Dünya müharibəsinin sonunda Almaniya və Osmanlı qoşunlarının bölgədən çəkilməsi ilə yaranan hakimiyyət boşluğu, bu ərazilərin kimə məxsus olması məsələsini gündəmə gətirdi. Hər iki tərəf bu strateji bölgələrə nəzarət etmək uğrunda mübarizə aparırdı.

Hərbi əməliyyatlar 1918-ci il dekabrın 12-də erməni qoşunların Gürcüstanın sərhəd bölgələrinə qəfil hücumu ilə başlayıb. Dekabrın 29-da Şulaver-Sadaxlı döyüşlərində hər iki tərəf ciddi itkilər verib. Ümumilikdə, bu müharibə nəticəsində 900-ə yaxın Gürcüstan əhalisi həlak olub.

Dekabrın sonunda, xarici təzyiqlər və daxili problemlər səbəbindən, tərəflər atəşkəsə razılaşdılar. Nəticədə Axalkalaki rayonu Gürcüstanın nəzarətində qaldı, Lori və Borçalı bölgələri isə Gürcüstan və Ermənistanın birgə idarəçiliyinə verildi.

Bu münaqişə Cənubi Qafqazda məskunlaşan ermənilərin sərhəd məsələləri və ərazi iddiaları səbəbindən Gürcüstanın, eləcə də Azərbaycanın qarşılaşdıqları çətinlikləri göstərən tarixi sübutdur.

Erməni-gürcü müharibəsi zamanı Saraçlı kəndi də döyüş meydanına çevrilib, kəndin cəsur oğulları yurdlarını qorumaq üçün silaha sarılıblar. Müharibə kənd ərazisinə qədər yayıldığı üçün Saraçlının ahıl sakinləri təhlükəsizlik məqsədilə Faxralı kəndinə sığınıb, gənclər isə kəndi müdafiə etmək üçün vuruşublar.

Bu gün də Saraçlı kəndinin şəhid övladlarının xatirəsi yaşadılır. Təsadüfi deyil ki, Birinci Qarabağ Müharibəsində Saraçlıdan dörd nəfər, İkinci Qarabağ müharibəsində isə bir nəfər - Elvin İlham oğlu Əlimərdanov şəhidlik zirvəsinə ucalıb. Həmçinin, 2023-cü ildə Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı qəhrəmancasına döyüşən Sahib Natiq oğlu Daşdəmirov da, əslən Saraçlıdandır və Azərbaycan uğrunda canından keçib. Onların şərəfinə indi Saraçlı kəndində xatirə abidəsi də ucaldılıb.

Qaraqaya, yoxsa göz dağı? - Günahsızların güllələndiyi yoxuş

Saraçlı kəndində Qaraqaya deyilən ərazidəyik. Burada üzü kəndə baxan bir neçə məzar var. Rusiyanın sosialist dövlətinə çevrilməsini təmin edən bolşeviklər o zaman ziyalıları, fikir adamlarını repressiyalara, qətllərə məruz qoyublar. Xalqa göz dağı vermək üçün Bolnisinin Saraçlı kəndindəki Qaraqaya ərazisində də bolşeviklər tərəfindən törədilən qətliamların izləri hələ də görünür. Onlardan biri İsmayıl Naibovun məzarıdır. Onu məhz güllələndiyi yerdə - Qaraqaya yoxuşunda dəfn ediblər...