Müasirliklə qədimliyin vəhdətindən yaranan sənət əsərləri

Naxçıvanda yaşayan Ülviyyə Məmmədova uşaqlıq illərindən xalçaçılıq sənətinə könül bağlayıb. Bu sənətin çətinliklərini görsə də, sevgisi, marağı onu saatlarla hana arxasında işləməyə sövq edərək, uğurlar qazanmasına səbəb olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, o, 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hazırda isə xalçaçı-rəssam Kamil Əliyevin adını daşıyan Naxçıvan Dövlət Xalça Muzeyinin direktorudur.

Ülviyyə xanım deyir ki, xalçaçılıq sənətinə yiyələnməyində atasının böyük rolu olub: “Atam mərhum Qədirullah Bağırov bu sənətə yiyələnməyimdə əsas dəstəkçilərimdən olub. O, ömrünün 45 ilini rəssamlığa həsr edib. Səhhətində yaranan narahatlıqlara baxmayaraq, biz onu daim molbert arxasında işləyən görürdük. Həyatının 20 ildən çoxu isə xalçaçılıq sənəti ilə bağlıdır. Portret janrında onlarla xalçanın müəllifidir. Romantik şairimiz Hüseyn Cavidin 100 illiyinə də xalça həsr edib. Ümummilli Lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, neçə-neçə tarixi şəxsin, görkəmli insanların portret xalçalarını da ərsəyə gətirib. Demək olar ki, evimizin divarlarını atamın xalçaları bəzəyib”.

Söhbət zamanı məlum olur ki, Naxçıvan Dövlət Xalça Muzeyində nümayiş olunan xalçaların bir çoxunun çeşnisi elə Ülviyyə Məmmədovaya aiddir. “Bildiyiniz kimi, ötən il muxtar respublikanın 100 illik yubileyi təntənəli və yaddaqalan tədbirlərlə qeyd olundu. Biz də muzey kollektivi kimi yubileyə öz töhfəmizi verdik. “Naxçıvan Muxtar Respublikası – 100” adı ilə hazırladığım xalça maraqla qarşılandı. Çeşnisi mənə aid olan və Gülsüm Kəngərli ilə Rübabə Əliyeva tərəfindən toxunan həmin xalçanın ötən il dekabrın 24-də Bakı şəhərində fəaliyyət göstərən Milli Xalça Muzeyinə təqdimat mərasimi keçirildi”, - deyə müsahibimiz əlavə edir.

Ülviyyə Məmmədova qeyd edir ki, xalça toxunmasında həmişə al-əlvan rənglərdən istifadə etməyə çalışır. Bu baxımdan Naxçıvanın qədim sənətkarlıq nümunələrindən də ilhamlanır. İstəyir ki, ərsəyə gətirdiyi xalçalarda klassik rəng tonları da əksini tapsın. Başqa sözlə, müasirliklə qədimliyin vəhdətindən gözoxşayan sənət əsərləri yaratmaq əsas amalıdır. O, yun xalçalarla yanaşı, çətin ərsəyə gələn ipək xalçalar da toxuya bilir.

Xalçaçı rəssam deyir ki, çeşnilərində Naxçıvanın qədim xalça naxışlarından istifadə etməyə çalışır. Xüsusən də həndəsi motivlərə daha çox üstünlük verir. Memar Əcəmidən miras qalan naxış elementlərinə geniş yer ayırır. Bu mənada Möminə Xatun türbəsinin təbii rəngləri onun diqqətini çəkir. 2019-cu ildə toxuduğu, “Tənzərə” yallısı əks olunan xalçası sərgilərdə böyük maraqla qarşılanıb.

Ülviyyə xanımla hana arxasında söhbət edə-edə Naxçıvan Dövlət Xalça Muzeyində sərgilənən bir-birindən dəyərli və gözəl xalçalara baxırıq. Xalqımızın milli təfəkküründən süzülən, zövq oxşayan xalçaçılığın necə çətin sənət olduğunu düşünür və bu sənəti yaşadanlara “əhsən” deyirik. Muzeydə gördüklərimiz bizdə əminlik yaradır ki, tarixi minilliklərə sığan qədim xalça sənətimiz qorunub yaşadılır və gələcək nəsillərə ötürülür.