Azərbaycan muzeylərinin yaddaqalan eksponatları: dəvələr üçün baş bəzəyi

“Azərbaycan muzeylərinin nadir eksponatları” silsiləsindən materiallar çərçivəsində AZƏRTAC oxucuları ölkəmizin muzey kolleksiyalarının unikal nümunələri ilə tanış etməkdə davam edir.

Bu dəfə agentlik Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına daxil olan dəvə qoşqusu üçün iki bəzək əşyası haqqında məlumat verir.

Dəvələr uzunmüddət ərzində Azərbaycan tarixində xüsusi yer tutub. Nadir hallarda rast gəlinsə də, Qobustanda onların qayaüstü təsvirləri aşkar edilib.

Hələ qədim dövrlərdə Azərbaycanın aran bölgələrində dəvəçilik inkişaf etmişdi. Bu heyvanlar indiki Abşeron, Beyləqan, Bərdə və Biləsuvar ərazilərində saxlanılırdı. Dəvələr həm minik, həm də qoşqu vasitəsi kimi istifadə olunurdu, onlarla yüklər, o cümlədən neft, pambıq, balıq, su və s. daşınırdı. “Səhra gəmiləri” bəzən minlərlə kilometr məsafəni qət edirdilər. Xüsusilə, duz və neft daşınmasında dəvələrin rolu böyük idi, belə ki, bunlar Bakının əsas ixrac məhsulları idi.

O dövrdə Azərbaycan şəhərlərində dəvə karvanlarının küçələrdən keçməsi o qədər adi hal idi ki, heç kəsi təəccübləndirmirdi. Çünki ölkə Böyük İpək yolunun üzərində yerləşdiyindən hər tərəfi karvan yolları kəsib keçirdi. Alış-veriş üçün gələn tacirlərin çoxu bir neçə dəvəyə, bəziləri isə bütöv dəvə karvanlarına sahib olurdu.

Dəvələr xalq şənliklərinin və mərasimlərin də bir hissəsinə çevrilirdi. Xüsusilə Novruz bayramı günlərində. Dəvələri bəzəyib onları təmtəraqlı və əzəmətli göstərmək ənənəsinə bu gün də rast gəlinir. Qeyd etmək lazımdır ki, ərəbcə dəvə və gözəllik sözləri eyni kökdən yaranır.

Bayram günlərində dəvə xüsusi örtüklə bəzədilir, üzərindəki dəlik isə dəvənin güvənindən keçirdi. Güvənin özünü “kapan”la bürüyür, üst hissəsinə “cahaz” və örtük salınır, bütün bunlar isə “örkən” kəndiri ilə bağlanırdı. Heyvanın başı da diqqətdən kənarda qalmırdı. Bu gün də Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan, gözoxşayan işlənmə tərzi ilə seçilən dəvələr üçün baş bəzəkləri ilə tanış olmaq mümkündür.

Birinci eksponat XIX əsrin sonlarına aiddir. Ölçüləri 41x53 sm-dir. Əsas hissəsi arğacdan toxunub, naxışverici sapı yundandır. Toxuma, dolaşdırma və qurama üsulu ilə işlənib hazırlanıb.