Azərbaycan Dəmiryol Muzeyində ilk müasir incəsənət sərgisi – “Yaşıl qatar”

"Dəmiryolu yalnız şəhərləri və kəndləri birləşdirmir, o, həm də xatirələri, ailə hekayələrini və ekoloji düşüncələri bir araya gətirən metaforadır" - Bu fəlsəfi yanaşmanı təqdim edən “Yaşıl qatar” sərgisi rəssamları, sənəti və tarix anlayışını birləşdirərək tamaşaçıya unikal vizual təcrübə yaşadır.

Belə ki, noyabrın 25-də Azərbaycan Dəmiryol Muzeyində ilk müasir incəsənət sərgisi açılıb.

Sərgi qatarı sənaye infrastrukturu kimi deyil, şəxsi hekayələri və gələcək perspektivləri daşıyan canlı bir metafora kimi təqdim edilir. Rəssamlar bu sərgi vasitəsilə dəmir yolunun həm keçmişini, həm də gələcəyini araşdırır, unudulmuş mədəniyyət və ekoloji mesajlar üzərində düşünməyə dəvət edirlər.

AZƏRTAC-ın müxbiri, qatardan ilham alaraq yaradıcılıqlarını rəng, heykəltəraşlıq, tekstil və digər sənət vasitələri ilə ifadə edən rəssamlarla söhbət edib. Onlar "keçmiş xatirələrlə dolu qatardan gələcəyin yaşıl enerjisinə səyahət" ideyasını yaradıcılıqlarında əks etdiriblər.

Qatar gəlir uzaqdan taq..taq..taq

Sərgidə rəssamlar Zərnişan Yusif və Rəşad Ələkbərovun əsərləri bizə köhnə xatirələri yenidən xatırladır. Zərnişan Yusifin kollajlarında istifadə etdiyi köhnə məktublar və poçt markaları bir zamanlar dəmiryolunun uzaqda yaşayan insanları birləşdirən yeganə körpü olduğunu göz önünə gətirir.

Zərnişan Yusif bildirib ki, uzun illər ərzində Azərbaycan poçtu məktubları dəmiryol vasitəsilə daşıyırdı. Bu ənənə 19-cu əsrin sonlarında başlayıb. O zaman qatar ən təhlükəsiz nəqliyyat vasitəsi hesab olunurdu, çünki insanlar göndərdikləri məktubların vaxtında çatdırılmasını istəyirdilər. Z.Yusif əlavə edib: “Bu əsərdə orijinal poçt markalarından istifadə etmişəm ki, tamaşaçı keçmişin bu canlı izlərini hiss etsin”.

Rəşad Ələkbərov isə yaxınlaşan qatarın ritmini, onun yaratdığı dinamikliyi və enerjini vizual formaya çevirir. Sanki əsərin içində qatarın hərəkət gücü və zərif titrəyişi hiss olunur. Rəşad Ələkbərov bildirib ki, layihə onun üçün xüsusi əhəmiyyət daşıyır: “Qatarlarla bağlı xatirələrim uşaqlıq illərimə dayanır. Mən o hissələrimi bu layihədə yenidən yaşatmaq, tamaşaçıya ötürmək istədim”.

Relslərdə yaşayan yaddaş

Sərgidə rəssamlar Elnur Musayev və Mehin Hüseynli dəmir yolunu ailə yaddaşının və nəsillərarası bağlılığın canlı metaforası kimi təqdim edirlər. Onların əsərlərində hər rels keçmişdən gələcəyə uzanan görünməz bir körpü olur, hər stansiya isə bir ailənin dayanıb nəfəs aldığı, həyatın ən yaddaqalan anlarını yaddaşa köçürdüyü məkan kimi canlanır.

Rəssamların yaratdığı bu vizual səyahətdə dəmir yolu insanın öz köklərinə qayıdışı, babaların, anaların, uşaqlığın və itirilmiş zamanların xatirəsidir. Sanki hər metal xətt bir ailə sirrini daşıyır, hər qatar səsi keçmişdən gələn bir pıçıltı kimi tamaşaçının içində kövrək duyğular oyadır.

Dəmiryolunun ekoloji transformasiyası

Digər tərəfdən Leyli Ələkbərova, Aytən Abdullayeva, Fərid Rəsulov və Zaur Qəhrəmanov dəmir yolunun sənaye keçmişindən ekoloji gələcəyə doğru uzanan transformasiyasını vizual dillə yenidən düşünürlər. Onların yaratdığı kompozisiyalar cəmiyyətlərin inkişaf ritmini, ekosistemlərin taleyini və insanın texnologiya ilə münasibətini formalaşdıran canlı bir orqanizm kimi görünür.

Rəssam Fərid Rəsulov öz əsərində qatarı havada təsvir edərək onu relslərdən azad bir varlığa çevirir. Rəssamın sözlərinə görə, bu qatar gələcəkdən bizə doğru gələn bir işarə kimidir. O, artıq elektriklə çalışan mövcud sistemin məhdudiyyətlərinə bağlı deyil; təbiətə zərər vuran yanma proseslərindən doğan enerjiyə ehtiyac duymur.

Fərid Rəsulovun işi bir sualı səsləndirir: texnologiya təbiətə zidd olmadan da inkişaf edə bilərmi? Cavab isə əsərdə təsvir edilən qatarın özü vasitəsilə verilir: o göstərir ki, texnologiya təbiətə zərər vermədən də işləyə bilər, ekosistemi qorumaq mümkündür və insan təbiətə hörmətlə yanaşa bilər.

Rəssamlar Tamira İbrahim, Elnur Babayev, Nigar Səfərova və Səbinə Şıxlinskaya kollektiv iş vasitəsilə Bakı–Pirşağı xətti boyunca unudulmuş mədəni mirası, xüsusilə də “Qum hamamı”nı yenidən gündəmə gətirirlər. Onların əsərlərində keçmişlə bu gün arasında incə bir dialoq yaranır: bir tərəfdə zamanın tozuna bürünmüş tarix, digər tərəfdə isə müasir şəhər həyatının ritmi dayanır. Tamaşaçı bu işlərə baxarkən həm qədim ənənələrin nəfəsini, həm də bugünkü Bakının dəyişən dinamizmini eyni anda hiss edir.

Sərgidə iştirak edən rəssamlar Aytən Abdullayeva, Elnur Babayev, Elnur Musayev, Fərid Rəsulov, Leyli Ələkbərova, Mehin Hüseynli, Nigar Səfərova, Rəşad Ələkbərov, Səbinə Şıxlinskaya, Tamira İbrahim, Zaur Qəhrəmanov və Zərnişan Yusifdir. Sərginin kuratorları Ayna Moazzen və Sitarə İbrahimbəylidir.

Layihə meneceri isə Tənzilə Bağırovadır.

“Yaşıl qatar” sərgisi ziyarətçilərə yalnız vizual təcrübə təqdim etmir, həm də hər kəsi öz xatirələrinə, ailə hekayələrinə və ekoloji düşüncələrinə doğru relslər boyunca uzanan poetik bir səyahətə dəvət edir. Bu sərgi sənətin gücü ilə keçmişi və gələcəyi birləşdirir, dəmir yolunun sırf infrastruktur deyil, insan talelərini, yaddaş qatlarını və təbiətlə olan əlaqəni daşıyan canlı bir xətt olduğunu xatırladır.

Sərgi həm sənətsevərləri, həm də tarix və mədəniyyət həvəskarlarını bir araya gətirərək, dəmir yolunun çoxqatlı mənalarını yenidən kəşf etmək üçün zəngin bir mühit yaradır — burada hər əsər həm köhnə zamanların izini, həm də ekoloji şüurun formalaşdığı yeni dövrün nəfəsini daşıyır.