İskəndəriyyə kitabxanası kitab ehtiyatına görə dünyanın ən zəngin kitabxanalarından biridir. Kitabxana bir çox bölmələrdən ibarətdir və bunların arasında əlyazmalar bölməsi nadir və qədim əlyazmaların qorunması baxımından diqqətli cəlb edir. Bu bölmədə on mindən çox əlyazma əsər mühafizə edilir.
Kitabxananın əlyazmalar bölməsi ilə tanış olarkən sərgi salonunda görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin (1201-1274) iki əsərinə rast gəldim. Bu kitablardan biri haqqında mühüm hesab etdiyim zəruri məlumatları paylaşmaq istəyirəm.
Bunu AZƏRTAC-a açıqlamasında Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri dosent Elnur Mustafayev söyləyib.
Alim bildirib ki, Nəsirəddin Tusinin “Təhrir-u usulil-həndəsə val-hisab li-İqlidis” – “Evkilidin başlanğıclar əsərinin redaktəsi” əsəridir: “Kitab İskəndəriyyə kitabxanasında 516 nömrəli inventar rəqəmi ilə mühafizə edilir. Kitabın hər səhifəsi 14 sətirdən ibarət olmaqla 240 səhifədən ibarətdir. Kitabın ölçüləri 12x19 santimetrdir. Əlyazma naməlum xəttat tərəfindən Hicri-qəməri 1170, Miladi 1756-cı ildə qələmə alınıb.
Evklidin təxminən eramızdan əvvəl 300-cü ildə yazdığı bu əsər həndəsə və ədədlər nəzəriyyəsinin sistemli şəkildə qurulmasına həsr edilib. Əsər antik riyaziyyatın zirvəsi, onun 300 illik inkişafının nəticəsi və sonrakı tədqiqatlar üçün əsası hesab olunur”.
E.Mustafayev qeyd edib ki, “Evkilidin başlanğıclar əsərinin redaktəsi” əsəri müasir dövrə qədər riyaziyyatın inkişafına böyük təsir göstərib, əsərin yüksək intellektual səviyyəsi və bütövlükdə elm üçün fundamental əhəmiyyəti dövrümüzün əsas alimləri tərəfindən qəbul edilib.
Görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi bu əsərdən ilhamlanaraq Evkilidin riyaziyyat, həndəsə, məntiq və digər elmlər barəsində mülahizələrini şərh edərək, bu fikirləri genişləndirib, riyaziyyat, həndəsə və məntiq mövzusunda öz yeni ideyalarını irəli sürüb.
“Hesab edirəm, Azərbaycanın yetişdirdiyi klassik alimlərin dünyanın müxtəlif kitabxanalarında qorunan əsərlərini təsbit etmək və azı elektron nüsxələrini ölkəmizə gətirmək çox vacib məsələdir. Daha sonra mütəxəssislər tərəfindən bu əsərlərin elmi-tənqidi mətnlərinin hazırlanması və nəşr edilməsi Azərbaycan tarixinin daha dərindən öyrənilməsi və bir sıra ideoloji məsələlərin həllində çox faydalı ola bilər”, - deyə alim vurğulayıb.