Səfir: Qəhvə Türkiyə cəmiyyətinin sosial həyatında müstəsna mühüm yer tutur

UNESCO-nun qərarı ilə 5 Dekabr - Beynəlxalq Türk Qəhvəsi Günü kimi tanınıb. Bununla əlaqədar hər il dekabrın 5-də Türkiyənin xarici ölkələrdəki nümayəndəlikləri xüsusi qonaqların iştirakı ilə Türk Qəhvəsi Gününə həsr olunmuş tədbirlər keçirir.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün məlumat verib.

Diplomatın sözlərinə görə, qəhvə Türkiyə cəmiyyətinin sosial həyatında müstəsna yer tutur: “XVI əsrdən başlayaraq qəhvə Osmanlı ənənəsinin bir hissəsi kimi həm ali dövlət dairələrində, həm dünyəvi cəmiyyətdə, həm də sadə xalq arasında geniş qəbul olunub. Əsas məqam ondan ibarətdir ki, qəhvə görüşmək üçün bəhanə rolunu oynayır, ünsiyyət və sosiallaşma vasitəsi kimi çıxış edir. Nişan mərasimlərində, toyda, ev ziyarətlərində, dəyər verdiyimiz, hörmətimizi, dostluğumuzu və səmimi münasibətimizi bildirmək istədiyimiz qonaqlar gəldikdə ilk növbədə qəhvə təqdim edirik”, – deyə B.Akgün vurğulayıb.

Səfir qeyd edib ki, qəhvə mahiyyət etibarilə dostluq, söhbət və mənəvi yaxınlıq mədəniyyətidir.

“Qəhvə, təbii ki, Türkiyədə yetişdirilmir, lakin türk qəhvəsini digər növlərdən fərqləndirən əsas xüsusiyyət onun hazırlanma üsuludur. O, vam odda, yavaş-yavaş, xüsusi diqqət və dəqiqliklə dəmlənir. Köpük nə qədər qatı və davamlıdırsa, qəhvə fincanda nə qədər gözəl görünürsə, onun dəyəri artır. Bu mənada türk qəhvəsi bizim üçün son dərəcə mühüm və simvolik bir mədəni dəyərdir”, – deyə diplomat əlavə edib.

Türkiyə və Azərbaycanın çay–qəhvə mədəniyyətini müqayisə edən Birol Akgün iki ölkənin qardaşlıq əlaqələrinin əsasında ortaq mədəni və tarixi köklərin dayandığını vurğulayıb: “Biz oğuzların davamçılarıyıq və oğuz mədəniyyətində çay, qəhvə, söhbət və məclis, yəni dostyana toplaşmaq xüsusi əhəmiyyət daşıyır. Ənənəmiz daha çox şifahi mədəniyyətə söykənir. Məsələn, “Kitabi-Dədə Qorqud” həmin ənənənin ən parlaq nümunələrindən biridir. Bu, bizim dastanlarımıza da aiddir. Bu dastanlar, Dədə Qorqud hekayələri əsrlər boyu məhz söhbət və ünsiyyət mühiti olan qəhvəxanalarda, çayxanalarda, insanların toplaşdığı yerlərdə ağsaqqallar tərəfindən nəql olunub”, – deyə səfir bildirib.

Diplomat əlavə edib ki, bu baxımdan Anadolu türkləri ilə Qafqaz türkləri arasında son dərəcə güclü oxşarlıq var. Onun sözlərinə görə, çay və qəhvə ilə qonaqpərvərliyi bir növ “sənətə” çevirmək sahəsində iki ölkə arasında xoşməramlı rəqabət də mövcuddur. Türk qəhvəsi daha çox Anadolu ilə assosiasiya olunur, lakin harada türk varsa, orada türk qəhvəsi də var. Daha sonrakı dövrlərdə çay daha geniş yayılıb, lakin buna baxmayaraq xalq qəhvədən də imtina etmir.

Azərbaycan və Türkiyənin birgə layihələrinə toxunan səfir əsas istiqamətlərdən birinin, yəni Zəngəzur dəhlizinin açılmasının iki xalqın daha sürətli yaxınlaşmasına ciddi təkan verə biləcəyini vurğulayıb.

“Biz istəyirik ki, Anadolu əhalisi, məsələn, Qarsdan və ya İğdırdan yola düşən biri qatara minib günorta Bakıya çatsın, burada çay və ya qəhvə içsin, nahar etsin və axşam geri qayıtsın”, – deyə B.Akgün qeyd edib.

O əminliklə bildirib ki, bu quru nəqliyyat dəhlizinin operativ reallaşdırılması Türkiyə və Azərbaycan xalqları arasında ünsiyyətin, dostluğun, qardaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək.