Miniatür rəssamın seçdiyi səthdən asılı olmayaraq, həmişə incə əsərdir. İstər kiçik hazırlanmış lövhədə, istər mis, istər fil sümüyü, istərsə də perqamentdə olsun, hər bir təsvir rəssamların kiçik detalları çatdırmaq və vurğulamaq səyini özündə daşıyır. Miniatür sənəti əsrlər boyu və müxtəlif qitələrdə inkişaf edərək, əsasları İran, Qərbi Azərbaycan və Mərkəzi Asiya məktəblərində qoyulmuş orijinal təməlləri qoruyub saxlamışdır. Miniatürlar onilliklər ərzində yüksəliş və eniş dövrlərini yaşasa da, sənətkarları daim cəlb edib. Bu gün miniatürlar müasir incəsənətin mühüm bir seqmentidir və tamaşaçıları daha yaxından baxmağa və özü üçün miniatür formada yeni dünyalar kəşf etməyə dəvət edir.
2020-ci il dekabrın 16-da “Miniatür sənəti” Özbəkistan, Türkiyə, Azərbaycan və İranın birgə nominasiyası olaraq UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
AZƏRTAC-ın müsahibi rəssam, Rəssamlıq Akademiyasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəmilə Həşimovadır. Onun əsərləri Belçika, Fransa, Almaniya, İsveçrə, Bolqarıstan, Türkiyə və digər ölkələrdə fərdi sərgilərdə nümayiş etdirilib. Son illərdə o, yaradıcılığı ilə yanaşı, müsəlman incəsənəti ilə bağlı tədqiqatlar aparır. Söhbət miniatür sənətinin müasir rolundan başladı…

- Onun vizual tərəfi bizə məlum olmayan sirlərlə doludur…
- “Doğru və yanlışın hüdudları kənarında sahə var. Mən səni orada qarşılayacağam”, - deyə Rumi bildirir. Böyük mistikin bu sözləri, bəlkə də, miniatürün mahiyyətini ən dəqiq şəkildə izah edir. “Doğru” və “yanlış” insan zehninin kateqoriyalarıdır. Ruminin “sahəsi” isə saf varlıq məkanı, daxili birlik yeridir: sevgi və işıq sahəsi, “mən” və “sən” arasındakı sərhədlərin kənarında olan bir vəziyyətdir. Sufi ənənəsində ona “həqiqət” - əsl reallıq deyilir.
“Mən səni orada qarşılayacağam” sadəcə iki insan arasında görüş vədi deyil. Bu, ruhun həqiqətlə, insanın ilahi ilə, sənətkarın forma və məna mənbəyi ilə görüşüdür.
Miniatür də təbiətinə görə ənənəvi standartlardan “o tərəfdə” yaşayır: o xətti perspektivə tabe olmağa məcbur deyil, dünyanı “əsas” və “ikinci dərəcəli” sərt iyerarxiyaya endirmir, müxtəlif zamanları və məkanları sərbəst şəkildə birləşdirir. Sufi “sahəsi” kimi, o da varlığın müxtəlif planlarını tək bir obrazda toplayır, dünyəvi və səmavini birləşdirir və təsvirdən çox simvolizm vasitəsilə danışır... tamaşaçını seyr etməyə dəvət edir...

- Miniatür sənəti həyatınıza necə gəldi?
- Miniatür həyatıma birdən-birə və ya təsadüfən gəlmədi. Mən obraz, simvol, abstraksiya ilə işləyirdim, hətta buna bu və ya digər ad vermədən. Amma bir gün aydın şəkildə hiss etdim ki, etdiyim işin arxasında daha qədim, fərdi bədii axtarışlardan daha dərin bir şey dayanır. Özümü bu axında hiss etdim...
Mən heç vaxt kopiyalamağa çalışmamışam, amma miniatür dilini, onun bizə nə dediyini hiss etmək mənim üçün vacib idi... Tədricən dərk etdim ki, miniatür bir üslub və ya texnika deyil. Bu, bir düşüncə üsuludur. Bu, sərt iyerarxiyasız, dominantlıqsız, perspektiv zorakılığı olmayan bir dünyadır. Zamanla gördüm ki, bütün əsərlərim, istər rəsm, istərsə də qrafika olsun, demək olar ki, bütün yaradıcılığım bu və ya digər şəkildə miniatür ənənəsi ilə əlaqəlidir.
Odur ki, miniatür həmişə mənim daxilimdə, mədəni yaddaşımın bir parçası, genetik kod, düşüncə quruluşu kimi olub. Yeri gəlmişkən, bu, digər sənətkarlarımızla da bu və ya digər dərəcədə də baş verir.

- Miniatür sənəti Şərqin dünyaya bəxş etdiyi möcüzələrdən biridir. O, ArtEl qrupunun diqqət mərkəzindədir. Bu yaradıcı birlik haqqında bizə danışın.
- Bu birliyi mən, miniatürun müasir interpretasiyası ilə məşğul olan rəssam və tədqiqatçı Cəmilə Həşimova və Şərq mədəniyyətini araşdıran, uzun illər ərəb ölkələrində yaşayan və Şərq ənənələrini dərindən bilən tarixçi Afaq Məmmədova yaratmışıq. Bizim görüşümüz təsadüfi deyildi. Hər birimiz miniatür sənətinə yolu ilə gəlib.
ArtEl bu iki yolun, bədii və tədqiqat yolunun kəsişməsində yarandı. Bizim məkanımızda miniatür keçmiş kimi deyil, canlı bir ənənə kimi; illüstrasiya kimi deyil, insanları birləşdirə bilən bir dil kimi qəbul edilir. Bu, Şərqin və onun müasirlik nöqteyi-nəzərindən dərk edilməsi ilə bağlı müəyyən təcrübə, sənət vasitəsilə ümumi məqamlar barədə danışmaq cəhdidir.

- Bu gün artıq başqalarını da dəvət edirsiniz...
- 2022-ci ildə Afaq Məmmədova ilə birlikdə ArtEl birliyini təşkil edərək, nisbətən qısa müddətdə ideyadan onun canlı mədəni təcəssümünə keçdik. Biz bəyanatlardan deyil, işdən, miniatür sənətini canlı bir ənənə kimi anlamaqdan və müasir mədəniyyət sahəsindəki yerini geri qaytarmaq cəhdindən başladıq. Bu dövrdə biz aşağıdakılara nail olduq: eyni düşüncəli rəssamlar, tədqiqatçılar, kuratorlar və sənətkarlardan ibarət bir icma yaratmaq; ortaq mədəni irs kimi türk miniatür sənəti mövzusunda ictimai və peşəkar dialoqa başlamaq; və Fəlsəfə və Sosiologiya İnstitutunun dəstəyi ilə İçərişəhərdə müxtəlif ölkələrdən tədqiqatçıları və praktikləri bir araya gətirən beynəlxalq konfrans keçirmək; miniatüru ənənəvi türk incəsənəti kontekstində təqdim edərək iki beynəlxalq sərgi keçirmək; rəssamlar və geniş ictimaiyyət üçün açıq olan dəvət olunmuş mütəxəssislə ustad dərsi təşkil etmək; tamaşaçıları türk miniatürlərinin fəlsəfəsi və coğrafiyası ilə tanış edən “Kölgəsiz dünya” sənədli filmini çəkmək; (Türk Fondunun dəstəyi ilə); bilik, dialoq və ilham məkanı kimi İçərişəhərdə Azərbaycan Miniatürləri Muzeyinin yaradılmasında və açılışında iştirak etmək (İçərişəhər Meriyası və ART GROUP şirkətinin dəstəyi ilə).
Bizim ən vacib nailiyyətimiz miniatür sənətinin keçmişdə qalmadığını nümayiş etdirməyimizdir. O, indiki zamanda yaşayır və insanları, mədəniyyətləri və zamanları birləşdirmək gücünə malikdir. ArtEl üçün bu, yalnız başlanğıcdır.

- Azərbaycan miniatür sənəti ilə haradan tanış olmağa başlamaq lazımdır?
- Düşünürəm ki, burada sadəcə əsaslardan başlamaq vacibdir. Buna görə də, Azərbaycanda ənənələri dirçəltməli və ən azı əsas səviyyədə miniatür sənəti məktəbləri açmalıyıq. Bir istiqamət olaraq, bu sahədə milli irsin diqqətlə qorunub saxlanıldığı, ciddi şəkildə öyrənildiyi, inkişaf etdirildiyi və müasirləşdirildiyi Özbəkistan təcrübəsinə müraciət etmək olar. Xüsusilə miniatür sənəti ilə məşğul olan ixtisaslaşmış bir qurumun çalışdığı Türkiyənin təcrübəsi də eyni dərəcədə ibrətamizdir. Buna görə də, mən tam əminəm ki, ənənəvi sənət olan və mədəniyyətimizin bir hissəsi olan bu sənətə xalçaçılıq, kəlağayı, muğam kimi eyni hörmət və məsuliyyətlə yanaşmaq lazımdır...
- Məhz buna görə də “Kölgəsiz dünya” filminin meydana çıxması əvvəlcədən müəyyən edilmişdi?
- Bizim üçün miniatürün nə olduğunu, niyə “kölgəsiz dünya” adlandırıldığını tamaşaçıya izah etməyimiz vacib idi. Bu, bacarıq çatışmazlığı və ya “sadəlövhlük” barədə deyil, reallığı fərqli şəkildə görmək barədədir: miniatürdə işıq fiziki fenomendən çox məna əlamətidir. O, optika qanunlarına tabe olmaq məcburiyyətində deyil; o, hekayə və simvolizm qanunlarına tabedir. Buna görə də, fərqli zamanlar, fərqli məkanlar və fərqli miqyaslar yanbayan mövcud ola bilər: rəssam dünyanı “gözün gördüyü kimi” deyil, “ürəyin anladığı kimi” birləşdirir.
Biz türk miniatür sənətinin tək bir üslub deyil, bütöv bir qarşılıqlı əlaqə sistemi olduğunu nümayiş etdirməyə çalışdıq: rəssamın marşrutları, oxşar ornament naxışları, ortaq mövzular, vahid rəng zövqü və xətt ritmi. Səmərqənd və Buxara məktəbləri plastikliyi, dekorativ quruluşu, şəhər mühitinə və gündəlik həyata diqqəti ilə maraqlıdır; Uyğur ənənəsi tarixi dərinliyi ilə. Təbriz miniatür sənəti isə müxtəlif yerli variasiyalarda özünü göstərən bir oxdur: Bakı-Şirvan, Osmanlı və müasir interpretasiyalarda.
Filmin ayrı bir təbəqəsi miniatürun heç vaxt “muzey dili” olmadığı fikridir. O formalarını dəyişib: əlyazmalardan tutmuş molbert qrafikasına, kitab illüstrasiyasına, dizayna, animasiyaya və rəqəmsal mediaya qədər, lakin mahiyyətini və fəlsəfəsini qoruyub saxlayıb. Məhz buna görə də o müasir insan üçün anlaşılan ola bilər: miniatür realizmlə mübahisə etmir, o fərqli bir diqqət tərzi təklif edir - yavaş, seyrçi və mənalı.
Daha bir məqam: vurğulamaq istərdik ki, bu irs həqiqətən də Türk dünyasını şüarla deyil, “maddi mədəniyyət dili” ilə birləşdirir. Tamaşaçı kompozisiyanın, ornamentin, məkana münasibətin ümumi məntiqini öyrəndikdə, ayırıcı fərqləri deyil, oxşarlığı görməyə başlayır. Bu mənada “Kölgəsiz günya” filmi sadəcə “öyrənmək” üçün deyil, görməyi öyrənmək üçün dəvətdir.
