Bənzərsiz teatr sənətçisi - İsmayıl Dağıstanlı

Bənzərsiz yaradıcılığı ilə özündən sonrakı aktyor nəsillərinə örnək olan, intəhasız zəhməti ilə sənətin uca zirvələrinə yüksələn sənətkarlarımızdan biri də Xalq artisti İsmayıl Dağıstanlı olub. Azərbaycanın və SSRİ-nin Xalq artisti, görkəmli sənətkar İsmayıl Dağıstanlı sənətin, səhnənin ona ehtiyacı olduğu, ən gərəkli, lazımlı vaxtlarda səhnəyə çıxıb. Məsləyinə sarılaraq müxtəlif xarakterli rolları maraqlı, koloritli təqdim etməklə çoxsaylı tamaşaçı auditoriyasının diqqətini çəkib, sevgisini qazanıb.

AZƏRTAC unudulmaz sənətkarımızın anadan olmasının 119-cu ildönümündə onun sənət dünyasına qısa nəzər salır.

Akademik Dram Teatrının aparıcı aktyorlarından olan sənətkar geniş potensiala və sənət duyumuna görə kinorejissorların diqqətini çəkib, müxtəlif janrlı 10-a yaxın filmdə yaddaqalımlı ekran obrazları yaradıb.

Müasirləri, görkəmli sənət adamları onun yaradıcılığını, aktyorluq qüdrətini yüksək qiymətləndiriblər. Tanınmış rejissor və pedaqoq Aleksandr Tuqanov İ.Dağıstanlı haqqında söz düşəndə deyib: “İsmayıl Dağıstanlı Şekspir obrazlarını oynamaq üçün səhnəyə gəlib”.

U.Şekspirin “Otello”, A.N.Ostrovskinin “Tufan”, A.P.Çexovun “Vanya dayı”, C.Cabbarlının “1905-ci ildə”, “Od gəlini”, S.Vurğunun “Vaqif”, “Xanlar” və s. tamaşalarda ifa etdiyi baş rollar İ.Dağıstanlının geniş diapazonlu aktyor olduğunu göstərib.

Kinoda debüt (Səbuhi) rolunu “Səbuhi” filmində ifa edən İsmayıl Dağıstanlı Azərbaycan maarifçisi, dramaturqu, filosofu Mirzə Fətəli Axundzadənin prototipini özünəməxsus ifa və jestlərlə yaradıb. Dövrünün qabaqcıl ideyaları uğrunda mübariz kimi çıxış edən mütəfəkkirin həyat mövqeyini, düşüncələrini inandırıcı göstərməyə nail olub. İstedadlı aktyorun “Koroğlu” tarixi-bioqrafik filmində oynadığı vəzir surəti də orijinal üslub tərzinə görə maraqlı və baxımlıdır.

Tamaşalarda İsmayıl Dağıstanlı ilə tərəf müqabili olan Xalq artisti Rafiq Əzimov onun haqqında belə deyib: “İsmayıl Dağıstanlının çox gözəl yaradıcılıq fəaliyyəti vardı. Onun səhnəyə qədəm qoyması çox böyük çətinliklər bahasına başa gəlmişdi. Çünki o dövrdə səhnəyə çıxmaq böyük hünər istəyirdi. İsmayıl müəllim teatrın həyatında çox fəal idi, xeyirxah işlərlə məşğul olurdu. Həmişə insanlara əl tutub, yardım edib. Ona görə də bu gün İsmayıl Dağıstanlı kimi sənətkarlar bizim qəlbimizdə yaşayır”.

Ümumiyyətlə hər bir yaradıcılığı ilə peşə bilicisi kimi tanınan İsmayıl Dağıstanlının fərdi yaradıcılığı orijinal zəmin üzərində yaranmış, özünəməxsus tərz və üslubda inkişaf etmişdir. Aktyorun digər ekran rolları, o cümlədən “Böyük dayaq” sosial dramındakı Kərəmoğlu, “Kölgələr sürünür” dram-macəra filmindəki Zahidov, “Qara daşlar” dram-macəra filmindəki Aslanov və digər rolları ekran əsərlərinin ideya-məzmununun tamamlanmasına, filmlərin maraqla izlənməsinə təkan verib.

Ömrünün 50 ildən çoxunu sənətə həsr edən, sənəti daim uca tutan aktyor bir neçə müddət pedaqoji fəaliyyət göstərib, Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Həmçinin o, bir neçə aktyor və teatr haqqında kitabların müəllifidir.

Görkəmli sənətkar sənətdə qazandığı uğurlarına görə 1940-cı ildə respublikanın Əməkdar artisti, 1949-cu ildə Xalq artisti, 1974-cü ildə isə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb. Xalq yazıçısı Ənvər Məmmədxanlının “Şərqin səhəri” pyesi əsasında hazırlanan tamaşadakı Kirov roluna görə Stalin mükafatı (1948), Xalq yazıçısı İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” dramındakı Böyük bəy roluna görə isə Dövlət mükafatı ilə təltif olunub (1972).

İsmayıl Dağıstanlı 1980-ci il aprelin 1-də vəfat edib.