Təhminə Bədəlova: Nizami Gəncəvinin Türkiyədə təbliği istiqamətində mühüm addımlar atılır

Azərbaycan mədəniyyət siyasətinin mühüm tərkib hissəsi olan dahi Nizami Gəncəvinin dünyada, o cümlədən Türkiyədə təbliği və əsərlərinin daha dərindən tədqiqi istiqamətində mühüm addımlar atılır.

Bu fikirləri Ankarada AZƏRTAC-a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova deyib.

Onun sözlərinə görə, Nizami Gəncəvi Orta əsrlərdən başlayaraq Anadoluda Şərq ədəbiyyatı mütəfəkkiri kimi tanınıb. Ancaq son əsrlərdə xalqların differensasiyası prosesi fonunda dahi Azərbaycan şairinin əsərləri yazıldığı dil əsas alınaraq, xüsusilə ali təhsil olacaqlarının fars dili və ədəbiyyatı kafedralarında öyrənilib. Filoloji sahədə təhsil alan gənclərin əksəriyyəti isə Nizamini ya heç tanımayıb, ya da fars şairi bilib. Türkiyənin elmi dairələrində də Nizaminin fars şairi olduğuna dair yanlış fikir formalaşıb.

Həm bu kimi məsələlərin elmi əsaslarla aydınlaşdırılmasında, həm də ümumiyyətlə Nizami Gəncəvinin həyatı və yaradıcılığı ilə bağlı digər problemlərin həlli istiqamətində müsbət dönüş isə 2021-ci ildən sonra yaranıb. “Belə ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamı bütün dünyada, o cümlədən Türkiyədə Nizami irsinin təbliğinə güclü təkan verib. Qardaş ölkə alimləri ilə yanaşı, həqiqəti deməkdən çəkinməyən, siyasi oyunlardan uzaq olan dünya şərqşünasları da Nizaminin türksoylu Azərbaycan şairi olduğunu bəyan ediblər. Hətta fars alimləri arasında da bunu birmənalı şəkildə dilə gətirənlər var”, - deyən T.Bədəlova, buna misal kimi Nizami əsərlərindən “türk ətri gəldiyini” yazan Səid Nəfisini göstərib.

Bəşəri ideyaların təbliğatçısı olan Nizami Gəncəvinin əsərlərində türk millətinə qarşı xüsusi sevginin özünü açıq-aydın göstərdiyini vurğulayan dosent T.Bədəlova, “Dahi şairin bütün millətlərə tolerant və multikultural münasibəti olsa da, türklərə ayrı bir sevgisi vardı. Onun əsərlərində “türk” demək “ədalətli”, “doğru”, “dürüst” və “gözəl” insan olmaq deməkdir”, - deyə o qeyd edib.

Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinin prioritet istiqamətinin ədəbiyyatımızın və incəsənətimizin, ədəbiyyat və mədəniyyət xadimlərimizin qardaş dövlətdə tanıdılması, öyrədilməsi və təbliğ olduğunu vurğulayan Nizamişünas alim, “Azərbaycan Mədəniyyət Mərkəzinin səyləri nəticəsində qıza müddət ərzində Türkiyədə böyük işlər görüldüyünü bildirib.

Mədəniyyət Mərkəzinin uğurlu layihələri arasında dahi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orijinaldan türk dilinə tərcüməsi və nəşrinin olduğunu xüsusi ilə qeyd edən T.Bədəlova, bildirib ki, Ərzurum Atatürk Universiteti fars dili və ədəbiyyatı bölümünün müdiri, professor Nimet Yıldırımın səyləri ilə “Xəmsə”yə daxil olan üç əsər (“Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “İskəndərnamə”) artıq nəzm və nəsrin növbələşdiyi bir üslubda, ilkin mənbələr və əlyazmalar əsasında akademik səviyyədə türk dilinə tərcümə edilərək geniş oxucu auditoriyasına təqdim edilib.

“Bu əsərlər heç bir ödəniş olmadan Türkiyədəki kitabxanalara və universitetlərə paylanılıb. Beləliklə, türk gənclərinin Nizami irsi ilə tanış olmaq imkanı yaranıb”, - deyə Nizamişünas alim ifadə edib.

Türkiyədə Azərbaycan mədəniyyətinə həsr olunan tədbirlərdə fəal iştirak edən T.Bədəlova, universitetlərdə, məsələn, Ankara Hacı Bayram Vəli Universitetində gənclərlə də görüşdüyünü qeyd edib: “Təbii ki, Nizami kimi dühanın yaradıcılığı haqqında bir saatlıq görüşlər zamanı müfəssəl məlumat vermək mümkün deyil. Ancaq bizim məqsədimiz odur ki, ən azından qardaş ölkədə filoloji təhsil alan hər bir tələbəyə Nizami Gəncəvi kimdir? sualı ilə müraciət edəndə, o cavab verə bilsin və Nizami Gəncəvinin XII əsrdə yaşamış böyük Azərbaycan şairi olduğunu desin. Universitetlərin Türk dili və ədəbiyyatı bölümlərinin tələbələri ilə bu səpkidə görüşləri davam etdirmək arzusundayam”.

T.Bədəlova, Ankara və Yıldız Texnik Universitetlərinin nümayəndələri ilə cari il ərzində Nizami irsinə dair seminarların və dərslərin təşkili ilə bağlı danışıqlar apardığını deyib.

Azərbaycanlı alim Nizaminin “Xəmsə”sinə daxil olan seçmə hekayələrin türk dilinə tərcüməsinin Azərbaycan Mədəniyyət Mərkəzinin xətti ilə 2026-cı ildə çapının planlaşdırıldığını da qeyd edib.

“Hamse`den Seçme Hikayeler” adlı yeni nəşrə ümumilikdə 12 hekayə daxil olacaq. Onlardan beşi böyük yazıçımız, alim və pedaqoq Mir Cəlal Paşayev tərəfindən nəsrə çevirilmişdir. Daha yeddisini isə özüm nəsrə çevirərək türk dilinə tərcümə etmişəm”, - deyə o qeyd edib.

Daha bir təşəbbüsü ilə bağlı məlumat paylaşan alim, “XI-XIX Yüzyıl Azerbaycan Sahası Türk Şiirı” adlı tədqiqat əsərini Türkiyə universitetlərinin Türk ləhcələri və ədəbiyyatları bölümündə Azərbaycan dili və ədəbiyyatı üzrə təhsil alan tələbələrə ədəbiyyatımız ilə bağlı yardımçı vəsait kimi hazırladığını, bundan başqa, 2012-ci ildə Bakıda “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş “Nizami Gəncəvi yaradıcılığında “Kəlilə və Dimnə” motivləri” kitabının da Türkiyə türkcəsinə tərcüməsi üzərində işlədiyini qeyd edib.