1918-ci ildə yaradılan Moskva Dövlət Şərq Muzeyinin inventar kitablarına daxil edilən ilk eksponat XIX əsrə aid Qarabağ qrupuna məxsus Azərbaycan xalçası olub.
Bu barədə AZƏRTAC-a müsahibəsində muzeyin elmi əməkdaşı, sənətşünas Mariya Filatova məlumat verib.
O qeyd edib ki, Azərbaycan incəsənəti muzeyin kolleksiyasında mühüm yer tutur. “Azərbaycan muzeyimizin kolleksiyasında təsviri və dekorativ-tətbiqi incəsənət nümunələri ilə təmsil olunur. Dekorativ-tətbiqi incəsənət bizim üçün həm mədəni, həm də bədii əhəmiyyət daşıyır. Ən maraqlısı isə Azərbaycan xalçasının Dövlət Şərq Muzeyinin tarixində və yaranma kontekstində əhəmiyyətə malik olmasıdır”, - deyə o bildirib.
Mariya Filatovanın sözlərinə görə, 1918-ci ildə fəaliyyətə başlayan muzey “Ars Asiatica” adlanırdı: “O zaman açılan inventar kitabında məhz Qarabağ qrupuna aid XIX əsr Azərbaycan xalçası birinci xalça kimi qeyd olunub. Zaman keçdikcə muzeyin kolleksiyası xeyli genişlənib. Azərbaycana aid eksponatlar həm tamaşaçılar, həm də bizim üçün – elmi əməkdaşlar və tədqiqatçılar üçün çox maraqlıdır, çünki onlar azərbaycanlıların müxtəlif dövrlərdə həyat tərzini əks etdirir”. Muzeyin daimi ekspozisiyasının Qafqaz zalında Azərbaycana həsr olunmuş ayrıca guşə var. Burada xalçalar, mis üzərində döymə üsulu ilə hazırlanmış məmulatlar və tikmələr nümayiş etdirilir. Maraqlı eksponatlardan biri də XIX əsrə aid səfir süfrəsidir. “Əslində bu cür süfrələr masa örtüyü kimi istifadə olunmurdu. Onlar hörmətli qonaqlara hədiyyə edilirdi, hədiyyələr həmin süfrələrə bükülürdü. Yəni bu, bir növ diplomatik ənənənin elementi idi”, - deyə Maiya Filatova bildirib. O əlavə edib ki, səfir süfrələrinin hazırlanma üsulu olduqca mürəkkəb idi: “Onları kişilər tikirdilər. Çünki süfrələrin tikilməsində qızıl saplardan istifadə olunurdu və hesab edilirdi ki, qadın əlinin toxunuşundan qızıl solur”.

Ekspozisiyada həmçinin Qafqazda öz sənətkarlıq ənənələri ilə tanınan Lahıc qəsəbəsində hazırlanmış məişət əşyaları da nümayiş etdirilir. XIX əsrdə Lahıcda təxminən iki yüzə yaxın emalatxana və dükan fəaliyyət göstərib. Hətta sadə küplər, kasalar və sinilər belə forma və işlənmə baxımından çox zərifdir.
Qarabağ qrupuna aid xalçalar muzeyin ekspozisiyasının yaraşığı sayılır. 2010-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan xalçaçılıq sənəti nümunələri zəngin simvolika və bədii ənənələri ilə fərqlənir.
Maraqlı eksponatlardan biri də XIX əsrə aid Qarabağ xalçasıdır. “Bu, klassik saray xalçasıdır. Burada Azərbaycan miniatür sənətinin xalça sənətində tətbiqini görmək mümkündür”, - deyə həmsöhbətimiz vurğulayıb.
Ekspozisiyada təqdim olunan Qarabağ qrupuna aid xalçalar yun materialdan xovlu toxuma texnikası ilə ərsəyə gəlib və təbii boyalardan istifadə olunub: “Boyalar həmin ərazidə bitən bitkilərdən əldə edilirdi. Buna görə də rənglər çox dolğun və təbii görünür”. M.Filatova qeyd edib ki, xalçalar azərbaycanlıların gündəlik həyatının bir hissəsidir: “Xalçalar azərbaycanlıların həyatının bütün mərhələlərində mövcud olub. Məsələn, xalça torbaları – məfrəşlar bir növ mebel rolunu oynayırdı. Belə “mebelin” çox uzun müddət qorunub saxlanılması və nəsildən-nəslə ötürülməsi ziyarətçiləri həmişə heyrətləndirir”.
Onun sözlərinə görə, muzeyə gələn bir çox ziyarətçi Azərbaycan mədəniyyəti ilə ölkəmizə səyahətlər zamanı da tanış olurlar: “Rusiyalılar səyahət etməyi çox sevirlər. Onların bir çoxu Azərbaycanda, Bakıda olduqda muzeyləri ziyarət edib. Buna görə də ekspozisiyamızdakı əşyalar onlara tanış gəlir”, - deyə muzeyin əməkdaşı qeyd edib.
Həmsöhbətimiz xatırladıb ki, 2018–2019-cu illərdə Şərq Muzeyi Azərbaycan Xalça Muzeyi ilə birlikdə iki böyük sərgi təşkil edib. Bu, xalçalara və interyer elementlərinə həsr olunmuş “Məkanın harmoniyası” sərgisi və erkən sovet dövrünə aid tikmələr və xalçalar barədə ekspozisiya idi: “Son onilliklərdə biz Heydər Əliyev Fondu, fondun Rusiya nümayəndəliyi və Azərbaycan Milli Xalça Muzeyi ilə sıx əməkdaşlıq edirik. Məhz Milli Xalça Muzeyinin əməkdaşları sayəsində bəzi xalça qruplarını daha dəqiq müəyyənləşdirə bildik, çünki bəzən hansı xalçanın hansı qrupa aid olduğu və tarixinin dəqiqləşdirilməsi ilə bağlı suallar yaranırdı. Biz 1920–1930-cu illərə aid nadir tikmələr kolleksiyamızla da fəxr edirik. Onları Bakıdan olan həmkarlarımızla birlikdə araşdırmış və çox yaxşı bir albom nəşr etmişik”, - deyə M.Filatova əlavə edib.