Heydər Əliyev Fondunun dəstəyi ilə üç dildə hazırlanan “İmadəddin Nəsimi. Mən bu cahana sığmazam” kitabının martın 17-də Bakı Kitab Mərkəzində təqdimatı keçirilib.
Layihənin rəhbəri Maya Dzirkvelişvilidir. Kitab, layihənin həmmüəllifi Taleh Ziyadovun təşəbbüsü ilə hazırlanıb. Nəşrin sponsorları Gürcüstanın "Wondernet Express Investment Group" şirkəti və Dimitri Abduşelişvilidir.
Üç dildə - Azərbaycan, ingilis və rus dillərində hazırlanan kitabın xüsusi bölməsində 47 il ömür sürmüş dahi şairin 47 seçilmiş əsərinə yer verilib. Bununla yanaşı, Nəsiminin həyat və şəxsiyyəti ilə bağlı aşkar edilmiş yeni faktlara, Nəsiminin türkdilli poetikası, o cümlədən Azərbaycan dilində poeziyanın inkişafına verdiyi töhfə, Nəsiminin təfəkkür düşüncələri və fəlsəfi baxışları, şairin istifadə etdiyi məxfi dil ("quş dili"), hürufilik cərəyanı, eləcə də Şirvanşahlar dövlətində elm və mədəniyyətin inkişafına dair məqalələr öz əksini tapıb. Kitabda, həmçinin Nəsiminin yaradıcılığında ən çox rast gəlinən xüsusi termin və isimlər də göstərilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində gürcüstanlı həmfikirləri adından çıxış edən Mamuka Murjikneli kitabın nəşrinin Azərbaycan xalqı və mədəniyyəti üçün böyük nailiyyət olduğunu qeyd edib: "Burada olmaq mənim üçün böyük şərəfdir. Bizim üçün böyük şans oldu ki, dostlarımız və həmkarlarımızla birlikdə işləməyə icazə aldıq".
Kitabın tərtibatında fəal iştirak etmiş, Nəsimi irsinin araşdırıcısı, yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin sözlərinə görə, son illərdə Azərbaycanın bütün ədəbi elmi təşkilatlarında klassik ədəbiyyatla bağlı çoxsaylı layihələr, tədbirlər həyata keçirilir ki, bu da bizim min illik tarixi olan ədəbi irsimizə böyük hörmət, diqqət və qayğının göstəricisidir: "Kitabın üç dildə nəşri bizi çox sevindirdi, həm də çox böyük çətinliklər yaratdı. Çünki Nəsimi irsi o qədər simvolik, o qədər rəmzlərlə, dərin fəlsəfi məsələlərlə zəngin olan xəzinədir ki, onu başqa dillərə çevirəndə necə alınacağı bizi çox düşündürdü. Ona görə məsləhətləşdik ki, həddən artıq qəliz məzmunlara getməyək ki, tərcüməçilər bu işin öhdəsindən gələ bilsinlər".
Filologiya üzrə fəlsəfə doktoru professor Səadət Şıxıyeva Nəsimi irsinə çox gözəl bir töhfənin hazırlandığını, ilk dəfə belə nəfis nəşrin şahidi olduğunu deyib: "Bu gün təqdim olunan kitabın çox böyük əhəmiyyət daşıyır. İndiyə qədər Nəsimi haqqında olan kitablardan heç biri üç dildə, bu qədər böyük həcmdə, bu qədər nəfis şəkildə hazırlanmayıb. Həmin kitabın ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə, Heydər Əliyev Fonduna təşəkkür edirik".
Layihənin koordinatoru, tarixçi-alim Səbuhi Əhmədov Nəsimi irsinin təbliği ilə bağlı görülən işlərdən danışıb və bunların dahi şairin xatirəsinə layiqli bir töhfə olduğunu bildirib. Kitabın Nəsimi irsinə qayıtmaq üçün unikal bir fürsət olduğunu qeyd edən S.Əhmədov fikirlərinə belə davam edib: "Bu istiqamətdə işə başlayanda bir az tərəddüd etdik. Nəsiminin ədəbi irsi, fəlsəfi düşüncəsi o qədər zəngin idi ki, əvvəlki kitablardan fərqli bir iş ortaya çıxarmaq üçün çalışdıq. Bu layihə bizi Nəsiminin bioqrafiyası, xüsusilə Yaxın Şərqdə olan həyat və fəaliyyəti ilə bağlı yeni faktlarla tanış etdi. Kitabın tərtibatında gürcü dostlarımızın çox böyük rolu oldu. Ən yaxşı nəşriyyat, ən yaxşı dizayn qrupu, ən tanınmış tərcüməçilər bu işə cəlb olundu və ortaya gözəl bir iş çıxdı".
Tədbir bədii hissə ilə davam edib. Sonda kitablar qonaqlara paylanılıb.