Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Jalə Rüstəmovanın “Kitabi-Xavərnameyi-türki” dastanının filoloji tədqiqi və transfoneliterasiyası” kitabı işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təqdim olunan “Kitabi-Xavərnameyi-türki” dastanı möminlərin əmiri Həzrət Əlinin (ə) və tərəfdarlarının İslamı yaymaq uğrundakı qəhrəmanlıq və şücaətindən bəhs edir. Dastanın Əlyazmalar İnstitutunda saxlanılan VI-407/2288 şifrli daşbasma nüsxəsi üzərində elmi-paleoqrafik və filoloji araşdırma aparılmaqla, transfoneliterasiya və fotofaksimilesi ilk dəfə oxuculara təqdim edilir. Dövrünün mütərəqqi fikirli pedaqoqu və maarifçi ziyalısı Mirzə Sadıq Fani tərəfindən 1910-cu ildə yüksək peşəkarlıqla fars dilindən Azərbaycan türkcəsinə tərcümə olunan bu əsər ədəbiyyatşünaslıq elmimiz üçün faydalı bir mənbədir.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru dosent Aybəniz Rəhimova, rəyçisi dosent Lamiyə Rəhimova, redaktoru filologiya üzrə fəlsəfə doktoru Şəhla Xəlillidir. Kitab sözügedən dastanı ilk dəfə üzə çıxaran, onun elmi təhlilini tədqiqata cəlb edərək nəşrinin həyata keçirilməsini arzulayan, ömrünün 54 ilini Əlyazmalar İnstitutuna və əlyazmalara həsr edən mərhum dastanşünas-alim, Əməkdar elmi xadimi, professor Şamil Cəmşidova ithaf olunub.