Azərbaycan işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı böyük addımlar atır. Bu istiqamətdə görülən işlər nəticəsində 30 ilə yaxın yurd həsrəti çəkən insanlar öz doğma torpaqlarına, evlərinə qayıdır. Bu prosesin – Böyük Qayıdışın təməli hələ 2016-cı ildə qoyulub. Belə ki, həmin ilin aprelində baş vermiş dördgünlük döyüşlər nəticəsində Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın bir hissəsini işğaldan azad edərək şanlı Zəfər səhifəsini yazdı. Aprel döyüşlərinin tarixi əhəmiyyəti sırasında, həmçinin həmin vaxtdan başlayaraq Böyük Qayıdış prosesinə start verilməsini xüsusi qeyd etmək olar. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verildi. Beləliklə, Cocuq Mərcanlı Böyük Qayıdışın ilk ünvanı oldu. Böyük Qayıdışın başlanğıcı olan bu kəndin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər bir daha təsdiqləyirdi ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması uğrunda son ana qədər mübarizə aparacaq.

Məhz elə də oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən dərhal sonra işğal dövründə Ermənistan tərəfindən vandallığa məruz qalan doğma ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı. Bərpa prosesinin səmərəli və mərkəzləşmiş şəkildə təşkili və qeyd edilən məqsədlərə çatmaq üçün Azərbaycan Hökuməti bütün zəruri tədbirləri gördü. Belə ki, müharibədən dərhal sonra - 2020-ci ilin noyabrında Əlaqələndirmə Qərargahı və onun tərkibində də İdarələrarası Mərkəz yaradıldı. Bu mərkəzin nəzdində isə müxtəlif məsələlər üzrə 17 işçi qrupu formalaşdırıldı. İşçi qruplarının bütün istiqamətlər üzrə planlı və kompleks şəkildə fəaliyyətinin həyata keçirilməsi üçün isə Strateji Fəaliyyət Planı hazırlandı.

Eyni zamanda, 2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Sənəddə bu prioritetin uğurla reallaşdırılması üçün iki məqsəd müəyyən edilib: dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya. Bu məqsədlərin həyata keçirilməsi ilə regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməli və azad edilmiş ərazilərin ölkə üzrə iqtisadi fəaliyyətdə payı işğaldan əvvəlki vəziyyətə çatdırılmalı və daha sonra artırılmalıdır. Elə məhz buna görə də əminliklə deyə bilərik ki, azad edilmiş ərazilərin bərpası təkcə Qarabağ regionunun deyil, bütünlükdə Azərbaycan iqtisadiyyatının inkişafı baxımından da böyük əhəmiyyət daşıyır.

Vətən müharibəsindən ötən müddətdə işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb. Azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə də xüsusi əhəmiyyət verilir. Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” elan edilməsi, bu ərazilərin bərpası və inkişafında strateji hədəflərdəndir. Ərazidə günəş, su, külək elektrik stansiyalarınln tikilməsi üçün lazım olan imkanlar araşdırılır, bu istiqamətdə tərəfdaş ölkələrlə əməkdaşlıq edilir. Qarabağ və Şərqi Zəngəzurun işğaldan sonra Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Göründüyü kimi, Qarabağ iqtisadi rayonunun və Şərqi Zəngəzur iqtisadi rayonunun çox geniş inkişaf potensialı var və burada sürətli işlər həyata keçirilir. Təbii ki, bu işlərin vaxtında və yüksək keyfiyyətlə icra olunmasında insan amili mühüm rol oynayır.

Görülən işlərin ilkin nəticəsi olaraq 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurdlarına qayıdışı baş tutdu. Məcburi köçkün həyatı yaşayan insanların bir hissəsi öz doğma dədə-baba yurdlarına qayıtdı və orada həyat yenidən başladı. Bütün Azərbaycan xalqı bu sevincli anları qürur və sevinclə izlədi. Bunun ardınca isə 2022-ci il avqustun 12-də Prezident İlham Əliyev regionlara növbəti səfəri çərçivəsində Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində növbəti qayıdış sevincini müjdələdi: “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq”. Beləliklə, həmin vaxtdan etibarən keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi prosesi davam edir. İnsanlar böyük sevinc və qürurla işğaldan azad olunmuş torpaqlara köçür, həmin ərazilərin bərpasında, inkişafında, dirçəldilməsində yaxından iştirak etmək istəyirlər.
Rəşadətli Ordumuzun 2023-cü il sentyabrın 19-da Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri hərb tariximizə daha bir parlaq səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu. Prezident İlham Əliyev müqəddəs bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı.

Qurucu Liderimiz, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün yüksək qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. Bu günədək işğaldan azad olunmuş ərazilərimizə 9 minə yaxın keçmiş məcburi köçkün köçürülüb. Prezident İlham Əliyev cari il sentyabrın 30-da Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimində çıxışı zamanı xalqımızın əyilməz ruhunu belə ifadə etmişdi: “Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi”.

Təbii ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan məcburi köçkünlərin sayı ilə məhdudlaşmır. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işlərinin miqdarı bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bundan əlavə, Xankəndidə Qarabağ universitetinin fəaliyyətə başlaması ilə orada həm tələbələrin, həm də professor-müəllif heyətinin məskunlaşması təmin edilib. Həmçinin inşası başa çatdırılmış obyektlərdə də çalışan yüzlərlə insan var. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır ki, bu da indiyədək burada məskunlaşan əhalinin sayının 9 min deyil, ondan dəfələrlə artıq olduğunu göstərir. Qeyd olunan rəqəmləri ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb. Üstəlik, azad olunmuş ərazilərə yerli və əcnəbi turistlərin səfərlərinin sayının getdikcə artması orada həyatın tezliklə əvvəlki axarına düşəcəyini deməyə tutarlı əsaslar yaradır. Qeyd etməliyik ki, tamamilə dağıdılmış ərazilərimizdə qısa zaman kəsiyində bu qədər insanın məskunlaşdırılması əlbəttə ki, dövlətimizin qurub-yaratmaq əzmini göstərir, keçmiş köçkünlərə diqqət və qayğını əks etdirir, eyni zamanda, ölkəmizin öz tarixi köklərinə və doğma yurda bağlılığının təcəssümüdür. Bu, həmçinin verilən sözün imza qədər dəyərli olduğunun təzahürüdür.

Müharibənin başa çatmasından çox az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması, eyni zamanda, Azərbaycan dövlətinin qətiyyətini və gücünü göstərir. Bu ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi isə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. İşğaldan azad edilmiş ərazilərdə Dövlət Proqramı çərçivəsində insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır.
Düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası hazırda sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində böyük addımlar atılır. Azad olunmuş şəhərlərə və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu isə, eyni zamanda, ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir.
