Not dəftərinə yazılanlar

O, yağışı çox sevirdi. Həmişə yağış yağanda əllərini göyə qaldıraraq yağışın altında islanmağı xoşlayırdı. Atası onun bu hərəkətinə əsəbiləşərək çağırardı:

- Əbi, niyə özünü isladırsan, bala?

O isə atasına belə cavab verərdi:

- Ata, yağışın altında islanmaq başqa bir şeydir, adama rahatlıq verir.

Uzaq illərin arxasında qalan bu hadisəni indi də Balaş kişi xatırlayanda kövrəlir. “Əbi” deyə çağırdığı Əbülfəzin hər hərəkəti, o illərdə qalan çoxlu hadisələr gəlib gözlərinin önündə durur...

Əbülfəz ailənin kiçiyi olsa da, hamının sevimlisi idi. İki bacının yeganə qardaşı olan sarışın saçlı göygöz oğlanı hamı ”Əbi” deyə çağırar, əzizləyərdi. Getdikcə o, təkcə ailədə yox, kənddə el-obanın, tanıyanların hamısının sevimlisinə çevrildi.

O, 1996-cı il noyabrın 1-də Kürdəmir rayonunun Mollakənd kəndində doğulmuşdu. Bir yaşına çatmamış ailələri Bakının Nardaran kəndinə köçüb, bir müddət orada yaşadıqdan sonra atasının işi ilə əlaqədar yaşayış yerini Xətai rayonunun NZS qəsəbəsinə dəyişmişdilər. Onda Əbülfəz 3 yaşında idi. Böyüyüb məktəb yaşına çatdı, nizam-intizamı, ədəb-ərkanı ilə şagird yoldaşlarının, müəllimlərinin hörmətini qazandı. 2014-cü ildə Xətai rayonunda yerləşən 165 nömrəli tam orta məktəbi bitirdikdən sonra həmin ilin oktyabrında həqiqi hərbi xidmətə çağırıldı.

Hərbi xidmətdə nümunəvi əsgər olub. Komandirləri, əsgər yoldaşları ondan razılıq ediblər, xətrini çox istəyiblər. Hətta bölük komandiri Vətən məhəbbəti, yurd sevgisi ilə böyütdüyü övlada görə atası Balaş kişi ilə görüşüb, ona təşəkkür etmək istəyirmiş. 2016-cı ilin aprelində hərbi xidmətini başa vurub, evə qayıtmağa hazırlaşanda Aprel döyüşləri başlayıb. O, Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində böyük Qələbəsinin müjdəçisi olan 4 günlük döyüşlərdə də iştirak edib və şücaətlə vuruşub. Hərbi xidmətdən evə xüsusi təşəkkürnamə ilə qayıdıb.

Əbülfəzi tanıyanlar onu qalib Ordunun əsgəri kimi qarşılayıblar. Lakin sən demə, əsl qalibiyyət hələ sonra imiş....

Balaş kişi xatırlayır: “Hərbi xidmətdən qayıdandan bir müddət sonra Bakıdakı şadlıq saraylarından birində videooperator işlədi. Lakin bir müddət sonra öz işindən ayrılmalı oldu və fərqli sahələrdə çalışdı. Nəhayət, qısa müddətdə aşpaz peşəsinin sirlərinə yiyələnərək paytaxtın ən nüfuzlu restoranlarından birində işləməyə başladı. Əbülfəz bir yerdə işləməklə kifayətlənmir, ailəsinə kömək etməyə çalışırdı. Hər gün sübh tezdən yuxudan oyanıb Zığdakı çörək və un məmulatları istehsalı müəssisəsinə gedir, orada hazırlanan lavaşları Bakının müxtəlif ərazilərindəki mağazalara paylayır, günorta evə qayıdır, nahardan sonra digər iş yerinə yollanır və yalnız gecə saat 2-3-də evə gəlirdi. Çətinliklə, zəhmətlə başa gəlsə də, aylıq qazancı ilə ailəyə əməlli-başlı vəsait gətirirdi”.

Əbülfəz zəhmətkeş ailədə böyümüşdü. Böyrək xəstəsi olsa da, atasının fəhləlik etməsinə, ağır işlərə getməsinə razı olmurdu: “Bu vaxtadək çox əziyyət çəkmisən, indi sən dincəl, mən işləyəcəyəm”, - deyirdi...

Bacısı Leylanın Əbülfəz haqqında xatirələri ürək parçalayır: “Bir dəfə qızım Rəhimə ilə xəstəxanada yatırdım. Qardaşım ata-anamla bizi ziyarətə gəlmişdi. Uşağın əynində niyə gödəkcə olmadığını soruşdu. Dedim ki, xəstəxanadayıq, burada gödəkcəyə nə ehtiyac var? Susdu, heç nə demədi. Səhəri gün anamgil xəstəxanaya gələndə onlardan Rəhimə üçün aldığı gödəkcəni göndərmişdi. Anamdan soruşdum ki, bunları haradan, necə aldınız? Dedi ki, Əbülfəz özünə kamera almaq üçün 72 manat pul yığmışdı, həmin pulu verdi ki, uşağa pal-paltar alaq. Onda hələ 7-ci sinifdə oxuyurdu. Böyüyəndən sonra hər gün işdən gələndə mütləq bizə baş çəkər, vəziyyətimizlə maraqlanardı. Aprel döyüşlərindən qayıdandan sonra mənə balaca, qara bir not dəftəri verdi. Dəftəri açıb, oxumaq istəyəndə dedi ki, tələsmə, vaxtı çatanda deyərəm, oxuyarsan. Mən də onu qatlayıb bir kənara qoydum...”

Anası Mətanət oğlunu kövrək notlarla xatırlayır: “O, kiçik yaşlarından halal zəhmətlə yaşamağa öyrənmişdi. Həmişə yaşlılara, imkansızlara, körpə uşağı olanlara kömək etməyə, yardım əli uzatmağa çalışırdı. Çox mərhəmətli, yardımsevər qəlbi var idi. Müharibəyə getməzdən iki gün əvvəl özünə şalvar, kofta, ayaqqabı almışdı. Hətta minik avtomobili də almışdı. Nə avtomobilin sükanı arxasına oturmağa vaxt tapdı, nə də aldığı təzə paltarları geyinmək qismət oldu...”.

Əbülfəz evlənməyə hazırlaşırdı, sevdiyi qız da var idi. Atası ilə ev tikmək barədə söhbət edib, plan cızmışdı. Bunun üçün nə lazımdısa almışdı. Əvvəlcə ev tikmək, sonra nişanlanmaq və toy etmək istəyirdi...

Son vaxtlar öz arzularından və planlarından tez-tez danışırdı. Amma Vətənin çağırışı bu arzulardan daha vacib oldu: 2020-ci il sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsindən Eyvazovlar ailəsinə zəng gəldi. Əbülfəz hərbi təlimlərə getməli idi. O, bu çağırışa çox sevindi. Aprel döyüşlərinin iştirakçısı kimi, torpaq uğrunda ədalətli savaşın xalqımızın qələbəsi ilə bitəcəyinə ürəkdən inanırdı.

Ailəsi Əbülfəzlə sonuncu dəfə sentyabrın 28-də danışdı. O, özü zəng etmişdi, əhvali-ruhiyyəsi çox yaxşı idi, heç bir çətinliyinin olmadığını söyləmişdi. Amma elə bil ürəyinə danıbmış. Anası ilə danışanda “buralar çox gözəl yerlərdir, torpaqları azad edək, mən də torpaq alıb, burada qalacağam”, - demişdi.

Həmin zəngdən bir gün sonra Balaş kişi yenidən cəbhəyə yollandı. Həm oğlundan xəbər tutmaq, həm də əsgərlərimizə dəstək olmaq istəyirdi. Füzuli istiqamətində qızğın döyüşlər getdiyi günlərdə oğlundan heç bir məlumat ala bilməyən Balaş Eyvazov narahat olmağa başlayır. Qoşunların təmas xəttindəki postlara gedib-gələn döyüşçülərin çoxu Əbülfəzi şəxsən tanısalar da, onun haqqında dəqiq məlumat verə bilməyəcəklərini söyləyirdilər.

Oğlundan xəbər tutmaq üçün Balaş kişi, nəhayət, hərbçilərlə birlikdə axtarışa çıxır. Yalnız düşmən qüvvələri məğlubiyyətə uğrayıb, geri çəkildikdən sonra irəliyə getmək, döyüş meydanında qəhrəmancasına həlak olan əsgər və zabitlərin nəşini oradan çıxarmaq mümkün olur. Oktyabrın 28-də döyüş mövqeyindən çıxarılan şəhidlərin arasında Balaş kişi oğlunu tanıyır. Əbülfəz Füzulidə ermənilərin “Ohanyan səddi” adlandırdıqları “bunker”in azad edilməsi uğrunda gedən döyüşdə son nəfəsinədək düşmənlə vuruşmuş, canını qurban vermişdi.

Leyla yenə xatırlayır: “Sonuncu dəfə onunla 53 saniyə danışa bildim. Dedi ki, biz gedirik, ola bilsin ki, daha telefonla danışmaq imkanım olmayacaq. Ola bilər, sənə zəng edə bilmərəm. Anamı darıxmağa qoyma, bir-birinizə əmanət olun, uşaqlardan muğayat ol... Əbülfəz şəhid olandan sonra onun mənə verdiyi not dəftərini axtarıb tapdım. Dəftərin birinci səhifəsində yazılmışdı: Darıxma, ata, ana, bacı. Mən şəhid olsam, ağlamayın...”.

Oktyabrın 29-da onun nəşini əvvəlcə Füzuli rayonunun Əhmədbəyli kəndindəki hospitala, oradan isə Bakıya gətirirlər. Ertəsi gün bu Vətən fədaisi Suraxanı rayonu ərazisindəki “Dədə Qorqud” qəbiristanlığında dəfn edilir. Həmin xiyabanda indi 20 şəhid uyuyur.

Noyabrın 1-də 24 yaşı tamam olacaqdı. Amma həmin gün Əbülfəzin şəhadətə qovuşmasının üçüncü günü idi...

Əbülfəz Eyvazov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra ”Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.