Şimal bölgəsində qayıq düzəldən yeganə usta şabranlı Rüstəm Məhərrəmovdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 43 yaşlı Rüstəm usta 25 ilə yaxındır müxtəlif ölçülü qayıqlar düzəldir. O, bölgədə taxta qayıq istehsalı ilə məşğul olan peşəkar kimi tanınır. R.Məhərrəmovun emalatxanası Şabran şəhərində yerləşir.
Sənətkarlığı atasından öyrənən Rüstəm usta deyir ki, bu iş ona ailəsindən miras qalıb: “Gözümü açandan bu işin içində olmuşam. Həyətimizdə atam, əmim, rəhmətlik dayım qayıq hazırlayıblar. Mən uşaq vaxtı əyri mıxları düzəldir, sonra da yavaş-yavaş sənəti öyrənirdim. İndi bu ənənəni yalnız mən davam etdirirəm”.
Onun sözlərinə görə, atası Feyruz usta bölgədə ən tanınmış sənətkarlardan biridir. Təxminən 35 il bu işlə məşğul olub. Yaşla əlaqədar artıq işləyə bilmir.
Usta bildirir ki, qayıq sifariş edildikdən sonra proses düzgün taxtanın seçilməsi ilə başlayır. Əsasən quru və düyünsüz şam ağacının taxtasından istifadə olunur. Keyfiyyətli yapışdırıcı, bolt və şruplar isə istehsalın ayrılmaz hissəsidir. İlk mərhələdə dayaq konstruksiyası – ustaların “qayığın qabırğaları” adlandırdığı hissə hazırlanır. Daha sonra həmin konstruksiya üzərində gövdənin yan və alt hissələri yığılır. Qayıqların ölçüləri təyinatına görə dövlət qurumlarının müəyyənləşdirdiyi standartlara uyğun olmalıdır. Balıqçılıq üçün başqa, göldə gəzinti üçün başqa ölçülər tətbiq edilir.

“Bu günə qədər hazırladığı qayıqların dəqiq sayını bilmirəm. Amma təxminən 25 ildə 500-ə yaxın qayıq hazırlamışam. Əvvəllər balıqçı qayıqları sifarişləri çox olardı. Bir vaxtlar ildə 50-yə qədər qayıq hazırlanırdısa, indi bu rəqəm xeyli azalıb. İl ərzində cəmi 3–4 sifariş olur. Son illər daha çox gəzinti üçün yüngül konstruksiyalı qayıqlar sifariş edilir. İstirahət məkanları üçün çardaqlı, içərisində yemək stolu olan gəzinti qayıqları hazırlamışam. Ətraf rayonlarda göl kənarında yerləşən turizm məkanlarından sifarişlərim olub”, - deyə R.Məhərrəmov söyləyib.
Hazırda emalatxanada uzunluğu 4 metrdən 10 metrə qədər olan müxtəlif tip qayıqlar hazırlanır. Usta deyir ki, emalatxana geniş olsa, daha böyük – yaxta tipli qayıqlar da yığa bilər. İndi üzərində çalışdığı qayıq 5,5 metr uzunluğa, 2 metr enə malikdir. Bu qayıq göldə qarmaqla balıq tutmaq və ya gəzinti üçün nəzərdə tutulub.
“Əvvəllər 10 metrlik böyük balıqçı qayıqları hazırlayırdıq. Həmin qayıqlara güclü matorlar quraşdırılır ki, bu da dənizdə uzaq məsafələrə üzmək üçün nəzərdə tutulur. Amma indi böyük qayıq sifarişləri yoxdur. Axırıncı dəfə 10 metrlik qayıq 5-6 il əvvəl hazırlamışam. Yeni qayıq hazırlamaqla yanaşı, təmir işlərini də görürəm. Köhnə qayıqların təmiri üçün tez-tez müraciət alıram”, - deyə usta bildirib.

Beşmetrlik qayığın hazırlanmasına 7–10 gün, daha iri qayıqlara isə 15 gün – 1 aya qədər vaxt tələb olunur. Qayıqların qiyməti ölçü və materialdan asılı olaraq 1000 manatdan başlayıb 10 min manatadək dəyişir. Amma son illər R.Məhərrəmovun bahalı sifarişləri yoxdur.
Usta qayıq hazırlayarkən təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verir. Qayıq hazırlanarkən ölçülərdə xırda çatışmazlıq sonradan faciə ilə nəticələnə bilər: “Hazırladığım qayıqlara hər zaman həssaslıqla yanaşıram. Məsələn, qayığın burun hissəsi düzgün layihələndirilməyəndə dənizdə dalğaları yara bilmir və batma riski artır. Bu vaxta kimi mənim hazırladığım heç bir qayıq batmayıb”.
Rüstəm Məhərrəmov deyir ki, sifarişlərin azalması səbəbindən qayıq hazırlamaq əvvəlki kimi sərfəli sahə deyil. Bu səbəbdən övladlarına sənəti öyrətməyib. Onun sözlərinə görə, bölgədə taxta qayıq istehsalı ilə məşğul olan ustalar qalmayıb və bu peşə tədricən unudulan sahələr sırasında yer almaqdadır. Mövcud vəziyyət davam edərsə, qayıq hazırlamaq şimal bölgəsində yaxın illərdə yalnız yaddaşda qalan sənətlərdən birinə çevriləcək.