Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb - RƏSMİ

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

O qeyd edib ki, qarşı tərəfin 7 ədəd hərbi nəqliyyat vasitəsi, 1 ədəd tankı, 4 ədəd minaatanı, 2 ədəd piyada döyüş maşını qənimət olaraq götürülüb.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.