Minatəmizləmə əməliyyatlarında yerli istehsal olan maşınlarımızdan istifadə edirik

İşğaldan azad edilmiş ərazilərin minatəmizləmə əməliyyatlarında yerli istehsal olan maşınlarımızdan istifadə edirik.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Sədr bildirib ki, artıq xaricdən minatəmizləyən maşınlar alınmır.

“Yerli istehsal olan maşınlar kifayət qədər yaxşı və keyfiyyətli maşınlardır.

Minatəmizləməyə cəlb edilən itlərə gəldikdə isə onlar bizə həmişə lazımdır. İtlər də canlı varlıqlardır. Onların da xəstələnəni və öləni olur. Əməliyyatların miqyası genişləndikcə mütəmadi olaraq itlərin də sayı artırılır” ,- deyə V. Süleymanov qeyd edib.

Qeyd edək ki, 2020-2024-cü illər ərzində ümumilikdə Şərqi Zəngəzur və Qarabağ ərazisində 379 nəfər mina qurbanları olub. Bunlardan da 70 nəfəri həyatını itirib. 309 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Şərqi Zəngəzur və Qarabağ ərazisində bu günə qədər 161 min hektar ərazidə təmizləmə işləri aparılıb. Bu günə qədər 157 min ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.