Bakıda noyabr ayında baş tutacaq COP29 sammitində İqlim maliyyələşdirilməsi ilə bağlı əhəmiyyətli və ambisiyalı hədəflər qoyulur və biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) müsbət irəliləyiş gözləyirik.
Bu barədə Trend-ə özəl müsahibəsində Dünya İqlim Fondunun (World Climate Foundation — WCF) icraçı direktoru Yens Nilson məlumat verib.
Qeyd edək ki, WCF BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarının təşkilatçılarından biridir və dünya miqyasında "yaşıl" iqtisadiyyatın inkişafını sürətləndirmək məqsədilə hökumətlər, müəssisələr, investorlar və vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq təşkil edən əsas beynəlxalq platformadır.
“Bizim COP29 komandası ilə yaxşı əlaqələrimiz var, bu da əsas məsələlərindən biri iqlim maliyyələşdirilməsi olan COP29 gündəliyi üzrə işlərin səmərəli koordinasiyasını təmin edir. COP28-də Dubayda qəbul olunan mühüm qlobal qərarlardan sonra hazırda hökumət və biznes nümayəndələri ilə danışıqlarda böyük irəliləyiş müşahidə olunur. Lakin realda COP-dakı son məsləhətləşmələrin necə keçəcəyini proqnozlaşdırmaq həmişə çətindir, çünki burada dünyanın təxminən 200 ölkəsinin maraqlarından söhbət gedir”, - Y.Nilson bildirib.
Onun sözlərinə görə, "yaşıl" dünyanı inkişaf etdirmək üçün inkişaf etməkdə olan bazarları, məsələn, Afrika ölkələrini dəstəkləmək məqsədilə özəl sektordan daha çox maliyyə axınını cəlb etmək lazımdır.
“Biz inkişaf etməkdə olan bazarlar üçün dövlət və özəl maliyyələşmənin birləşməsinə ehtiyac duyuruq. Biz bu istiqamətdə ABŞ və digər inkişaf etmiş ölkələrin hökuməti ilə əməkdaşlıq edirik və buna davam edəcəyik. Fondumuz inkişaf etməkdə olan ölkələrdə özəl sektoru dəstəkləməyə ixtisaslaşıb, yəni konkret fəaliyyətlər və layihələr müzakirə olunur”, - Yens Nilson vurğulayıb.
Onun sözlərinə görə, WCF-nin müxtəlif ölkələrdən olan iri investorlarla apardığı danışıqlarda 2024-cü ilin sonuna qədər iqlim maliyyələşdirilməsi üçün 65 milyard ABŞ dolları cəlb etmək məqsədi qoyulub.
Məsləhətləşmələr sentyabrın 25-də Nyu-Yorkda davam edəcək. Burada COP29 rəhbərliyinin komandası və Azərbaycanın rəsmi şəxsləri ilə WCF tərəfindən təşəbbüs göstərilən qlobal iqlim sammiti keçiriləcək.
WCF-nin icraçı direktoru hazırda dünyada istixana qazlarının emissiyalarını azaltmaq üçün ən iri "yaşıl" investisiyaların bərpa olunan enerji obyektlərinin, məsələn, külək və günəş elektrik stansiyalarının yaradılmasına yönəldiyini bildirib.
“Eyni zamanda, tikinti, nəqliyyat və böyük istixana qazı emissiyaları olan sement, alüminium istehsalı kimi sənaye sahələrində də "yaşıl" texnologiyalar üzrə investisiyalara ehtiyac var. Biz bunu iqlim maliyyələşdirilməsi üzrə potensial tərəfdaşlarla danışıqlar zamanı müzakirə edirik”, – Y.Nilson bildirib.
O, Azərbaycanın COP29 sədri kimi 1 milyard ABŞ dolları büdcəsi olan İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (CFAF) yaratma təşəbbüsünü yaxşı bir fikir və düzgün yanaşma olaraq qiymətləndirib.
“CFAF Fondu çox vacibdir, çünki "yaşıl" enerji keçidinə kömək edə bilər. Bu fond dünya üzrə neft-qaz istehsalçıları tərəfindən emissiyalara kompensasiya olaraq bir sıra ödənişləri yığa bilər və bu vəsaitlər iqlim gündəliyi üzrə öhdəliklərini yerinə yetirmək üçün ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə kömək etmək məqsədilə istifadə oluna bilər. Bu, yaxşı bir fikir və düzgün yanaşmadır”, - o, əlavə edib.
WCF-nin icraçı direktoru Yens Nilson bu həftə Bakıda mütəxəssislərin 11-ci texniki dialoqunda və COP29-un hazırlanması üzrə xüsusi işçi qrupunun 3-cü iclasında iştirak edib, burada iqlim maliyyələşməsi üzrə "yeni kollektiv kəmiyyət hədəfi (NCQG)" ilə bağlı səylərin dəstəkləndiyi ifadə olunub.
Qeyd edək ki, Bakıda 11-22 noyabr tarixıərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.