İnnovasiya ekosisteminin inkişafı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və bilik əsaslı yanaşmanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə startap mühitinin formalaşması, yeni texnoloji həllərin ortaya çıxması və yerli mütəxəssislərin qlobal rəqabətə çıxışı ilə bağlı proseslər diqqət mərkəzindədir.
SABAH.HUB-ın icraçı direktoru Rəhim Bayramlı AZƏRTAC-a müsahibəsində qurumun əsas missiyası, investisiyaların cəlb olunması, SABAH.city və gələcək planlar barədə danışıb.
- SABAH.HUB-ın əsas missiyası və strategiyası nədən ibarətdir? Bu gün təşkilat hansı prioritet istiqamətlər üzrə ölkənin innovasiya ekosistemində boşluğu doldurmağı hədəfləyir?
- SABAH.HUB-ın əsas missiyasından danışsaq, komanda olaraq hər zaman bu mövzuda düşünürük və nəticəyə gəlirik ki, Azərbaycanın bu gün iqtisadiyyatında əsas prioritet qeyri-neft sektorunun inkişafıdır. Biz SABAH.HUB komandası olaraq düşünürük ki, əsas məqsədimiz məhz həmin qeyri-neft sektorunun inkişafına töhfə verməkdir. Biz inanırıq ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafında bilik iqtisadiyyatının rolu çox böyük olacaq. Bilik iqtisadiyyatı dedikdə, insan kapitalı üzərində qurulan, yüksək potensiala malik insanlarımızın texnoloji həllər yaradıb onları şirkətə çevirməsi, bu şirkətlərin əvvəlcə regionda, daha sonra isə dünya bazarlarında yer alması nəzərdə tutulur. Biz də SABAH.HUB olaraq bu prosesə dəstəkdə öz rolumuzu görürük və layihənin uğur qazanmasını vacib hesab edirik.
- İnkubasiya və akselerasiya proqramlarınız startaplara hansı üstünlükləri verir? Proqramdan keçmiş layihələrin inkişafında hansı konkret nəticələr müşahidə olunur?
- İlk növbədə istəyirəm izah edim ki, inkubasiya və akselerasiya nədir və fərqləri nədən ibarətdir. Dünyanın müxtəlif yerlərində bu terminlər fərqli cür istifadə olunur. İnkubasiya dedikdə, bizim təsəvvürümüzdə ideya mərhələsində olan komandanı götürmək və həmin komandaya məhsulu hazır vəziyyətə gətirməkdə dəstək göstərmək dayanır. Akselerasiya isə daha çox inkubasiyanın məzunları ilə işləyir, artıq məhsulu olan komandalara bazara çıxmaq, məhsulu təqdim etmək və uğurlu halda ilkin dövriyyə, ilkin vəsait və ilk müştəri kütləsini əldə etmək üçün dəstək göstərir. Həm inkubasiya, həm akselerasiya üzrə əsas hədəflərimiz var. Birinci faktor odur ki, Azərbaycanın reallığında vençur ekosistemi çox yeni bir konseptdir. İsrail və ABŞ kimi inkişaf etmiş ölkələrdə çox adam startap nədir, necə formalaşır, klassik biznesdən fərqi nədən ibarətdir, şirkətdə pay bölgüsü necə olmalıdır, bazara çıxış necə təmin olunur – bunları bilir. Azərbaycanda isə bu mədəniyyət hələ yeni formalaşır. Ona görə də bu proqramların əsas hədəflərindən biri həmin bilikləri gənc istedadlara çatdırmaqdır.
İkinci amil düzgün icma qurmaqdır. Bu işlə məşğul olan insanlar öz fikirlərini oxşar düşüncəli şəxslərlə bölüşmək istəyirlər. Yəni bir icma yaratmaq lazımdır ki, orada insanlar həmfikirləri, potensial tərəfdaşları ilə bir araya gələ bilsinlər.
Üçüncü məqam ilkin nəticələrdən sonra vençur investisiyaların davamlı inkişafını təmin edəcək və prosesin mexanizmlərini anlayan investor mühitinin formalaşdırılmasıdır. Bu çərçivədə fərdi investorlar və vençur fondları arasında əlaqələndirmə aparılır, inkubasiya və akselerasiya proqramlarının məzunlarının onlarla birbaşa ünsiyyət quraraq investisiya cəlb etmək imkanları genişləndirilir.

- SABAH.HUB investisiya üçün prioritet sahələr seçərkən hansı meyarlara diqqət yetirir və bu sahələrin Azərbaycan innovasiya bazarı üçün əhəmiyyəti nədir?
- İnvestisiyaya baxanda hər zaman axırdan əvvələ gedirik. Çünki reallıq budur ki, bir şirkətin uğurla bazara çıxması üçün böyük həcmdə yatırım lazımdır. Hər bir investorun özünə verdiyi ilk sual budur: “Mən buraya yatırım edirəm, burada pay alıram — mənim çıxışım (exit) necə təmin olunacaq? Bu payı kimə və necə sata biləcəyəm?” Buna görə birinci sualımız odur: bazar nə qədər böyükdür? Həmin sahənin bazar həcmi nədir və nə qədər iqtisadi dəyər yarada bilər? İkinci məsələ: bazarda böyük alıcılar varmı? Yəni bu şirkət uğurlu olsa, onu almağa maraqlı tərəflər olacaqmı? Üçüncü faktor isə budur: niyə məhz bu şirkət? Bu komandanın hansı üstünlüyü var ki, bazara çıxanda digərlərindən fərqlənsin?
Üstünlüklərə nümunə gətirə bilərəm. Məsələn, səhiyyə texnologiyaları sahəsində artıq uğurlu bir layihəmiz – “Push30” – var. Bu o deməkdir ki, biz həmin bazarı daha yaxşı anlayırıq, əlaqələrimiz və reputasiyamız formalaşıb. Bu isə həmin sahədə yeni layihələrə fokuslanmağı daha rahat edir. Eynilə təhsil və maliyyə texnologiyaları Azərbaycanda böyük potensiala malik sahələrdir. Əmlak bazarı da çox böyükdür, hər il milyardlarla dollar dövriyyə var, amma texnoloji həllər çox azdır. Ona görə bu sahə də maraqlıdır. Amma dediyim kimi, hər şey üç amilə dayanır: böyük bazar, böyük alıcılar və bizim həmin bazarda real üstünlüyümüz.
- Hazırda investisiya almış startaplar ölkə ekosistemində hansı nümunəvi rolu oynayır? Onların uğur hekayələri digər gənc sahibkarlara necə təsir edir?
-İnvestisiya almış startapların uğur hekayələri risk etməyə hazır olan istedadlı gənclər üçün motivasiya və ilham mənbəyinə çevrilir. Mən deyərdim ki, ən vacib faktor istedadlı insanların bu yola üz tutmasıdır. Tarixən ölkəmizdə insanlar daha çox sabit gəlir və təhlükəsizlik təmin edən sahələrə – xüsusilə dövlət qurumlarına, bank sektoruna və digər ənənəvi iş yerlərinə üstünlük veriblər. Amma dünyada iqtisadi artım daha çox risk götürən insanların olduğu ölkələrdə sürətlənir. Öz işini yaradan insanlar yeni dəyər formalaşdırırlar. Hər dəfə hansısa startapın 50 min, 100 min dollar yatırım qaldırması, yeni bazara çıxması cəmiyyətdə bir siqnal yaradır: deməli, bu mümkündür. Deməli, Azərbaycanda vençur ekosistemi formalaşır və uğurlu nümunələr çoxalır. Bu da daha çox gəncin bu yolu seçməsinə səbəb olur.
-Gələcək planlarınız hansı istiqamətləri əhatə edir? İnnovasiya mədəniyyətinin inkişafı və startapların qlobal bazara çıxışı üçün hansı yeni təşəbbüslər planlaşdırırsınız?
- Hazırda komanda ilə növbəti üç ili planlaşdırırıq və özümüzə sual veririk: bilik iqtisadiyyatı və vençur ekosisteminin yaranmasında bizim rolumuz nə olmalıdır? Bizim strategiyamız dörd istiqamətdən ibarətdir. Birinci istiqamət – təməl biliklər, bacarıqlar və infrastrukturun yaradılmasıdır. Elm və Təhsil Nazirliyi ilə birlikdə Yüksək Texnologiyalar Parkının nəzdində SABAH.city innovasiya şəhərciyi fəaliyyətə başlayır. Məqsəd startaplar, investorlar, tədqiqat mərkəzləri və ali təhsil müəssisələrini bir araya toplamaqdır. İkinci istiqamət – süni intellekt texnologiyalarının inkişafıdır. Azərbaycanın vençur ekosisteminin formalaşması süni intellekt bacarıqları olmadan mümkün deyil. Bunun üçün AI Texnologiya İnstitutunun yaradılması üzərində işləyirik. Üçüncü istiqamət – “venture studio”dur. Burada şirkətlərlə bir araya gəlib onların problemlərini öyrənir, həmin problemlərdən real startap ideyaları formalaşdırır və onları həyata keçiririk. Dördüncü istiqamət – maliyyə alətlərinin yaradılmasıdır. Hazırda ümumi dəyəri artıq 25 milyon dollar olan SABAH.fund fəaliyyət göstərir. Bununla yanaşı, məqsədimiz həm də beynəlxalq fondları Azərbaycana cəlb etməkdir ki, ölkədə illik investisiya həcmi 100 milyon dollara çatsın. Bu istiqamətlər həm startapların inkişafını, həm də ölkənin innovasiya ekosisteminin davamlı güclənməsini təmin edəcək.
Azərbaycanda güclü innovasiya ekosistemi formalaşdırmaq istəyiriksə, burada ən həlledici element kapitalın əlçatanlığıdır. Biz çox yaxşı anlayırıq ki, böyük həcmli texnoloji şirkətlərin yaranması təkcə ideyadan və yaxşı komandalardan deyil, həm də ciddi maliyyə resurslarından asılıdır. Əgər məqsədimiz beynəlxalq ölçüdə rəqabət aparan, regionda söz sahibi olmağı bacaran startapların yetişməsidirsə, bu şirkətlərin inkişaf trayektoriyasını dəstəkləyəcək davamlı maliyyə axını olmalıdır.
Bu gün Azərbaycanda adambaşına düşən illik vençur sərmayəsi hələlik bir dolların altındadır. Son illərdə müəyyən artım olsa da – məsələn, illik investisiya həcmi bir milyon dollardan üç-dörd milyon dollara yüksəlib – bu rəqəm hələ böyük məqsədlərə uyğun səviyyədə deyil. Qlobal təcrübə göstərir ki, bilik iqtisadiyyatı qurmaq istəyən ölkədə vençur investisiyaları ən azı adambaşına 10 dollar olmalıdır. Biz də öz hesablamalarımızı bu prinsipə əsasən aparırıq.
Azərbaycanın innovasiya ekosisteminin real şəkildə güclənməsi və beynəlxalq rəqabətə çıxacaq texnoloji şirkətlərin formalaşması üçün ölkəyə illik minimum 100 milyon dollarlıq vençur yatırımı cəlb olunmalıdır. Bu hədəf təkcə bir rəqəm deyil; həm ekosistemin inkişaf tempi, həm də qabaqcıl ölkələrin təcrübəsindən çıxarılan obyektiv nəticədir.
Bu vəsait həm startapların yaranmasının sürətini artıracaq, həm də artıq formalaşmış komandalara məhsulu geniş bazarlara çıxarmaq, texnoloji həlləri kommersiyalaşdırmaq, beynəlxalq tərəfdaşlıqları genişləndirmək və qlobal iqtisadi dövriyyəyə inteqrasiya etmək imkanı verəcək.
Bizim baxışımız budur ki, dövlət strukturları, iri korporasiyalar, beynəlxalq fondlar və regional investorlar bu prosesə daxil olduqca, kapitalın həcmi artacaq və Azərbaycan tədricən yalnız istehlakçı deyil, həm də yaradıcı texnoloji mərkəzə çevriləcək. Məqsədimiz bu keçidi sürətləndirmək və ekosistemi növbəti mərhələyə daşımaqdır.
- “Baku ID” layihəsi innovasiya ekosistemində hansı rolu oynayır və SABAH.HUB bu platforma vasitəsilə startaplara hansı imkanlar təqdim edir?
- Dünyada müxtəlif innovasiya tədbirləri keçirilir və hər birinin öz məqsədi, yanaşması var. “Baku ID” tədbiri isə üç əsas funksiyanı yerinə yetirir. Bu, önəmli investisiya platformasıdır. Burada startaplar sərmayə cəlb edir. Dörd il öncə Bakıda keçirilmiş ilk “Baku ID” tədbirində startaplarımız 90 min avro yatırım almışdı, bu il isə artıq 4 milyon dollardan çox vəsait toplanıb.
Bizim ikinci məqsədimiz - icma yaratmaqdır. Startaplar, investorlar, texnoloji şirkətlər və potensial tərəfdaşlar bir araya gəlir, fikir mübadiləsi aparır və ekosistemdə əməkdaşlıq mədəniyyəti güclənir. Gələcəkdə bu icmanı SABAH.city-də ilin 365 günü fəaliyyət göstərən bir ekosistemə çevirmək kimi bir hədəfimiz var.
Bizim üçün şəffaflıq və hesabatlılıq çox önəmlidir. Bizə dəstək verən qurumlar sırasında Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “PAŞA Holdinq”, SOCAR və digər tərəfdaşlar yer alır. Layihənin nəticələrini izləyən həmin qurumlara bizim tərəfimizdən şəffaf və davamlı hesabatlar təqdim olunur.
Bütün bu amillərin fonunda, “Baku ID” bu gün həm sərmayə, həm əlaqələndirmə, həm də hesabatlılıq baxımından Azərbaycan innovasiya ekosisteminin əsas sütunlarından birinə çevrilib.