Zəngin floraya malik Kəlbəcər rayonu Azərbaycanın arıçılıq sahəsində qədim və dəyərli ənənələrini yaşadan bölgələrindəndir. Füsunkar təbiəti, əlverişli iqlimi, zəngin bitki örtüyü burada arıçılığın inkişafını şərtləndirir. Bu torpaqlarda arıçılıq, sadəcə bir peşə deyil, nəsildən-nəslə ötürülən həyat tərzidir. İşğaldan azad olunan rayonda qədim təsərrüfat sahəsi yenidən dirçəlir, arıçılar doğma yaylaqlara qayıdaraq Kəlbəcər balının şöhrətini bərpa edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2021-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə arıçılıq təsərrüfatları hər il zəngin Kəlbəcər yaylaqlarına köçürülür.
“Xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin işğaldan azad edilmiş ərazilərə köçürülməsi” xidmətinə dair reqlamentə uyğun olaraq təkcə 2026-cı ildə Kəlbəcər rayonuna 3396 fermer tərəfindən 148 min 308 arı ailəsi gətirilib.
Uzun illərdir arıçılıqla məşğul olan Nizami Calalov da doğma yaylaqlara qayıdan arıçılardandır. O deyir ki, Kəlbəcər işğal olunmamışdan əvvəl də arıçılıqla məşğul olub, məcburi köçkünlük illərində isə təsərrüfatını digər rayonlarda davam etdirib: “Doğma torpaqlarımız azad edildikdən sonra, 2021-ci ildə arılarımızı yenidən Kəlbəcərə gətirdik. Azərbaycanda olan balverən bitkilərin əksəriyyəti Kəlbəcərdə mövcuddur. Arılar nəinki rəngarəng çiçəklərdən, eyni zamanda, mineral tərkibli bulaq sularından da faydalanır. Məhz buna görə Kəlbəcər balı keyfiyyətinə görə seçilir".
N.Calalov bildirib ki, bu il Kəlbəcərə 150 arı ailəsi gətirib.