Antalyada COP31 çərçivəsində Azərbaycanla beynəlxalq əməkdaşlıq iqlim gündəliyinin daha da irəli aparılması üçün yeni imkanlar yaradır.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Səlim bin Məhəmməd əl-Malik COP31 çərçivəsində Antalyada jurnalistlərə açıqlamasında bildirib.
“Biz noyabrın 14-də saat 13:00-da keçirilməsi planlaşdırılan sessiyalardan birində iştirak etməkdən çox məmnunuq. Əminik ki, həmişə olduğu kimi, Azərbaycanla birgə iştirakımız bu dəfə də çox uğurlu olacaq”, – deyə o qeyd edib.
Türkiyənin və COP31-in beynəlxalq ictimaiyyətə çatdırmaq istədiyi əsas mesajdan danışan ICESCO-nun baş direktoru iqlimlə bağlı vədlərdən praktiki tədbirlərə keçidin zəruriliyini vurğulayıb.
“Düşünürəm ki, ətraf mühitdə və iqlimdə baş verən dəyişikliklərə uyğun olaraq müəyyən qədər yenilənsə də, bütün COP konfranslarının əsas mesajı, ümumilikdə, eyni olaraq qalır. Ümid edirəm ki, bu konfransın bütün iştirakçıları iqlim dialoqunu konkret addımlara çevirə biləcəklər. Həmçinin bütün ölkələrin və təşkilatların vədlərdən əməli addımlara keçmək öhdəliyini üzərlərinə götürəcəklərinə ümid edirəm”, – deyə o bildirib.
Qeyd edək ki, 2026-cı il 9-20 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyəti tədbir çərçivəsində keçirilən müzakirə və tədbirlərdə fəal iştirak edərək, ölkəmizin müvafiq sahədə həyata keçirdiyi siyasəti və əldə etdiyi nailiyyətləri təqdim edir.
COP31 çərçivəsində Azərbaycanın “Dialoq Dəhlizi” konsepsiyası əsasında hazırlanmış milli pavilyonu fəaliyyət göstərir. Pavilyonda Azərbaycanın bərpa olunan enerji potensialı, “Yaşıl enerji dəhlizləri” ekspozisiyası, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl enerji layihələri, ilk batareya əsaslı enerji saxlanc sistemi, eləcə də Xəzər dənizinin biomüxtəlifliyinin qorunması istiqamətində görülən işlər təqdim olunur. Pavilyonda 40-dan artıq tədbir, panel müzakirəsi və görüşün keçirilməsi nəzərdə tutulur.
COP31 Prezidentliyinin üç əsas prinsipi dialoq, konsensus və fəaliyyətdir və fərqli ölkələr arasında səlahiyyət bölgüsü baxımından yeni yanaşma tətbiq edir – təşkilati rəhbərlik Türkiyəyə, danışıqlar prosesinə rəhbərlik isə Avstraliyaya həvalə olunub.
BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 31-ci sessiyasının prioritetləri arasında süni intellekt də yer alır – “Antalya Süni İntellekt öhdəliyi”. Gündəlikdə həmçinin sıfır tullantı, dəniz və okean ekosistemlərinin qorunması, ərzaq təhlükəsizliyi, iqlimə dayanıqlı şəhərlər, iqlim fəaliyyətinin həyata keçirilməsi mexanizmləri, gənclər və təhsil, yaşıl sənayeləşmə, təmiz enerjiyə keçid məsələləri yer alır.
COP31 Azərbaycanın COP29-a ev sahibliyi ilə qazandığı təcrübənin bölüşülməsi, Bakı irsinin davam etdirilməsi və qlobal iqlim gündəliyinə töhfələrinin təqdim edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.