Azərbaycanın 2027-ci il dövlət büdcəsinin gəlirlərinin 60,6 faizinin qeyri-neft sektorunun hesabına formalaşacağı proqnozlaşdırılır. Gələn il dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat, xərclərinin isə 42,4 milyard manat təşkil edəcəyi gözlənilir.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, 2027-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) nominal həcminin 141 milyard manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı illə müqayisədə real ifadədə 2,7 faiz artım deməkdir.
"Qeyri-neft sektoru üzrə ÜDM-i 109,1 milyard manat məbləğində proqnozlaşdırırıq. Bu da cari illə müqayisədə 4,4 faizlik real artım deməkdir", – deyə Sahil Babayev bildirib.
Onun sözlərinə görə, 2023–2027-ci illəri əhatə edən beşillik dövrdə qeyri-neft sektoru üzrə ÜDM-in nominal həcmi 30,1 milyard manat və ya 38,1 faiz artacaq. Nazir bunu iqtisadiyyatın şaxələndirilməsi və gəlir mənbələrinin genişləndirilməsi baxımından mühüm göstərici kimi qiymətləndirib.
2027-ci il üçün xam neftin bir barelinin orta illik qiyməti 65 dollar, orta illik inflyasiya 5,3 faiz, manatın ABŞ dollarına qarşı məzənnəsi isə 1,7 manat səviyyəsində proqnozlaşdırılır.
Dövlət borcunun ÜDM-ə nisbəti 20,4 faizi keçməyəcək
Sahil Babayev bildirib ki, dövlət borcunun ÜDM-ə nisbətinin 2026-cı ilin sonuna 19,5 faiz, 2030-cu ilin sonuna isə 20,4 faiz təşkil edəcəyi gözlənilir.
"Bu o deməkdir ki, ortamüddətli dövrdə dövlət borcunun ÜDM-ə nisbəti sabit saxlanılacaq və Azərbaycan bu göstərici üzrə dünyanın ən yaxşı nəticələrinə malik ölkələrindən biri olaraq qalacaq", – deyə nazir vurğulayıb.
O qeyd edib ki, dövlət borcunun portfelində 16,2 milyard manatlıq daxili, 7,7 milyard manatlıq xarici dövlət borcu mövcuddur. Beləliklə, ümumi dövlət borcunun təxminən 68 faizi daxili borcun payına düşür.
Nazirin sözlərinə görə, daxili borcun üstünlük təşkil etməsi dövlət borcunun məzənnə və xarici maliyyə bazarlarında baş verən dəyişikliklərə həssaslığını azaldır.
"İstiqrazların ortamüddəti artıq 3,6 ilə çatmışdır. Portfelimizdə 7 illik və 10 illik istiqrazların payı 44 faiz təşkil edir. Bu da əsas hədəflərimizdən biridir ki, ortamüddəti mərhələlərlə uzadaraq dövlət borcunun həm bazar risklərinə, həm də ümumi likvidlik göstəricilərinə görə optimallaşdırılmasını təmin edək", – deyə Sahil Babayev bildirib.
Strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələyir
Nazir bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları oktyabrın 1-nə 89 milyard ABŞ dolları təşkil edib.
"Bu da xarici dövlət borcumuzu təqribən 20 dəfə üstələyir", – deyə o qeyd edib.
Sahil Babayevin sözlərinə görə, Dövlət Neft Fondunun 2027-ci il üzrə gəlirlərinin 7,8 milyard dollar, xərclərinin isə 7,1 milyard dollar olacağı proqnozlaşdırılır. Bu hesablamalar neftin bir barelinin 65 dollar qiyməti əsasında aparılıb.
Nazir bildirib ki, Fondun büdcəsində növbəti il ən azı 1,2 milyard manat profisit yaranacağı gözlənilir.
2027-ci ildə Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertinin 7 milyard dollar olması nəzərdə tutulur. Bu, cari ilin proqnozu ilə müqayisədə 550 milyon dollar azdır.
"Ümumilikdə ortamüddətli dövrün sonuna illik transfert məbləğinin 5,5 milyard dollara azaldılması planlaşdırılır. Bu, cari ilin 7,5 milyard dollarlıq göstəricisindən 2 milyard dollar aşağıdır", – deyə maliyyə naziri vurğulayıb.
Büdcə gəlirlərinin 60,6 faizi qeyri-neft sektorunun hesabına formalaşacaq
2027-ci il dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 645 milyon manat çoxdur.
Sahil Babayev bildirib ki, gəlirlərin 23,8 milyard manatı qeyri-neft-qaz sektorunun, 15,5 milyard manatı isə neft-qaz sektorunun hesabına formalaşacaq.
"Beləliklə, artıq növbəti ildən dövlət büdcəsinin ümumi gəlirlərinin 60 faizindən artığının məhz qeyri-neft sektorunun hesabına təmin edilməsinə nail olacağıq", – deyə nazir bildirib.
Onun sözlərinə görə, qeyri-neft gəlirləri 2026-cı illə müqayisədə 1,6 milyard manat artacaq. Qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbətinin isə 21,8 faiz olacağı gözlənilir.
İcmal büdcənin gəlirləri 47,6 milyard manat proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 5,19 faiz artım deməkdir. İcmal büdcə gəlirlərində qeyri-neft gəlirlərinin payının 64,5 faizə çatacağı gözlənilir.
İcmal büdcənin xərcləri 50,4 milyard manat təşkil edəcək. Bu, 2026-cı illə müqayisədə 1,5 milyard manat və ya 3,1 faiz çoxdur.
Dövlət büdcəsi xərclərinin 44,2 faizi sosial istiqamətlərə yönəldiləcək
2027-ci ildə dövlət büdcəsinin xərclərinin 42,4 milyard manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 696,4 milyon manat çoxdur.
Cari xərclər 26,4 milyard manat, əsaslı xərclər isə 13,8 milyard manat nəzərdə tutulur. Beləliklə, dövlət büdcəsi xərclərinin 32,5 faizinin investisiya və əsaslı xərclərə yönəldilməsi planlaşdırılır.
Nazir Azərbaycanın büdcəsinin investisiyayönümlü xarakter daşıdığını vurğulayıb.
"Azərbaycanın büdcəsi növbəti il üzrə də regionda ən investisiyayönümlü büdcələrdən biri kimi xarakterizə olunur. Dövlət büdcəmizin 32,5 faizi investisiyayönümlüdür, yəni əsaslı xərclərdir", – deyə Sahil Babayev bildirib.
Onun sözlərinə görə, bu vəsaitlər müdafiə qabiliyyətinin gücləndirilməsi, Böyük Qayıdış proqramının həyata keçirilməsi, regionların inkişafı və digər infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
Sosial yönümlü xərclərin 18,7 milyard manat təşkil edəcəyi gözlənilir. Bu, dövlət büdcəsi xərclərinin 44,2 faizinə bərabərdir.
"2026-cı illə müqayisədə sosial yönümlü xərclərimiz 9,2 faiz artacaq. Mütləq rəqəmlə bu, 1,6 milyard manat deməkdir. Beşillik dövrə nəzər saldıqda isə sosial yönümlü xərclərin 30 faizlik artım göstərdiyini görürük", – deyə nazir qeyd edib.
Təhsil və elmə 5,4 milyard manat, səhiyyəyə 2,1 milyard manat ayrılacaq
2027-ci ildə təhsil və elm xərclərinin 5,4 milyard manat olacağı proqnozlaşdırılır. Bu, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 538 milyon manat və ya 11 faiz çoxdur.
Nazir bildirib ki, təhsil xərclərinin ÜDM-də payı 3,6 faiz, təhsil və elm xərclərinin birlikdə payı isə 3,8 faiz təşkil edəcək.
Səhiyyə xərclərinin dövlət büdcəsində 2,1 milyard manat olacağı gözlənilir. Bu, 2025-ci ilin icra göstəricisindən 808 milyon manat və ya 63 faiz çoxdur.
Sahil Babayev diqqətə çatdırıb ki, səhiyyə sahəsinin maliyyələşdirilməsi qiymətləndirilərkən icbari tibbi sığorta hesabına ayrılan vəsaitlər də nəzərə alınmalıdır.
"İcmal səhiyyə xərcləri növbəti ildə 4 milyard manat proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə 1 milyard manatlıq və ya 36 faizlik artım deməkdir", – deyə nazir bildirib.
Sosial müdafiə və sosial təminat xərclərinin dövlət büdcəsində 4,9 milyard manat təşkil edəcəyi gözlənilir. İcmal büdcə üzrə isə bu istiqamətdə xərclər 12,9 milyard manat proqnozlaşdırılır.
Nazirin sözlərinə görə, icmal sosial təminat xərcləri 2025-ci illə müqayisədə 2,2 milyard manat və ya 21 faiz artacaq.
Müdafiə və milli təhlükəsizliyə 8,8 milyard manat ayrılacaq
2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinin 8,8 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, dövlət büdcəsi xərclərinin 20,8 faizinə bərabərdir.
Sahil Babayev bildirib ki, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə bu istiqamət üzrə xərclər 748 milyon manat artacaq.
"Ümumilikdə beşillik dövrə nəzər salsaq, 2023–2027-ci illərdə müdafiə və milli təhlükəsizlik xərclərində 3 milyard manatlıq və ya təqribən 50 faizlik artım nəzərə çarpır", – deyə o qeyd edib.
Məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclərin 3,4 milyard manat olacağı gözlənilir.
İqtisadi fəaliyyət xərcləri 8,19 milyard manat proqnozlaşdırılır. Bu məbləğ dövlət büdcəsi xərclərinin təxminən 21 faizinə bərabərdir. İqtisadi fəaliyyət xərclərinin tərkibində dövlət əsaslı vəsait qoyuluşu üçün 5,3 milyard manat nəzərdə tutulub.
Aqrar sahəyə dəstək artırılır, Naxçıvanın dotasiyası azalır
Nazir bildirib ki, 2027-ci ildə aqrar sektora ayrılan vəsaitlərin kənd təsərrüfatı üzrə ÜDM-in 15,8 faizinə çatacağı proqnozlaşdırılır.
"Artıq demək olar ki, 16 faizlik bir rəqəmə çatacağıq. Bu da region üzrə müqayisədə yüksək göstəricidir və eyni zamanda aqrar sahəyə dövlətin diqqətinin bariz nümunəsidir", – deyə Sahil Babayev vurğulayıb.
O, regionların büdcədən asılılığının azaldığını, rayonların dotasiyadan asılılığının aradan qalxdığını da bildirib.
Naxçıvan Muxtar Respublikasına ayrılacaq dotasiyanın 198 milyon manat olacağı proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 6,4 faiz azdır.
Nazirin sözlərinə görə, azalmanın əsas səbəbi muxtar respublikanın yerli gəlirlərinin xərclərini qarşılamaq imkanlarının genişlənməsidir.
Qeyri-neft baza kəsiri 17,1 faizə enəcək
2027-ci il büdcə siyasətinin əsas hədəflərindən biri də neft gəlirlərindən asılılığın azaldılması və fiskal dayanıqlığın gücləndirilməsidir.
Sahil Babayev bildirib ki, gələn il qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz proqnozlaşdırılır. Bu, 2026-cı illə müqayisədə 1,7 faiz bəndi azdır.
"Əgər 17,1 faizlik qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətini reallaşdıra bilsək, bu, fiskal qayda tətbiq olunandan indiyədək əldə ediləcək ən yaxşı göstərici olacaq", – deyə nazir bildirib.
Onun sözlərinə görə, bu göstəricinin 2029-cu ildə 13 faizə, 2030-cu ildə isə 12 faizə endirilməsi hədəflənir.
Digər mühüm istiqamət cari xərclərin qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsidir. 2027-ci ildə bu xərclərin qeyri-neft gəlirləri ilə örtülmə səviyyəsinin 90,1 faizə çatacağı proqnozlaşdırılır.
"Ortamüddətli dövrün sonuna əsas hədəflərimizdən biri cari xərclərin 100 faiz qeyri-neft gəlirləri hesabına örtülməsini təmin etməkdir. Bu, büdcə dayanıqlığı, fiskal intizam və makrofiskal sabitlik baxımından çox önəmli nəticə olacaq", – deyə Sahil Babayev vurğulayıb.
Büdcə kəsiri 3,1 milyard manat proqnozlaşdırılır
2027-ci ildə dövlət büdcəsinin kəsirinin 3,1 milyard manat, icmal büdcənin kəsirinin isə 2,8 milyard manat olacağı gözlənilir.
Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2,2 faiz, icmal büdcə kəsirinin isə təxminən 2 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Nazir bildirib ki, büdcə layihəsi ölkənin sosial-iqtisadi prioritetlərini, müdafiə və təhlükəsizlik ehtiyaclarını, investisiya proqramlarını və əhalinin rifahının yüksəldilməsi istiqamətində tədbirləri maliyyə baxımından təmin etməyə yönəlib.
"Ümumilikdə rəqəmlərə və dinamikaya nəzər saldıqda görürük ki, 2027-ci il üzrə dövlət və icmal büdcələrimiz dövlətin prioritetlərinə tam uyğun şəkildə formalaşdırılıb. Həm sosial təminat xərcləri ciddi şəkildə artırılır, həm də investisiya xərclərimiz qorunur", – deyə Sahil Babayev əlavə edib.