Yaxın Şərqdə hərbi toqquşmaların yenidən intensivləşməsinə baxmayaraq, təklifin artması və ABŞ-də xam neft ehtiyatlarının çoxalması dünya bazarında neftin qiymətinin aşağı düşməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, “Brent” markalı neftin bir barelinin qiyməti 92 dollar səviyyəsinə yaxınlaşıb, “Light” nefti isə 85 dollardan aşağı qiymətə satılır.
Küveyt və Bəhreyn öz ərazilərinə yönələn hücumların qarşısının alındığını açıqlayıb. Bununla yanaşı, Hörmüz boğazı ətrafında gəmilərə qarşı yeni hücumlar barədə məlumatlar yayılıb. Çərşənbə axşamı isə İranın daha əvvəl Bəhreyni hədəf almasından sonra ABŞ hərbi təyyarələri İranın Keşm adasında yerləşən raket buraxılış məntəqəsinə zərbə endirib.
Bölgədə gərginliyin artmasına baxmayaraq, qlobal neft bazarında təklifin kifayət qədər yüksək olduğunu göstərən əlamətlər çoxalıb. Beynəlxalq Enerji Agentliyi və “Goldman Sachs” da qlobal miqyasda neft təklifi profisitinin formalaşdığına diqqət çəkib.
Bu arada, ABŞ-nin Neft İnstitutu ötən həftə ölkədə xam neft ehtiyatlarının 5,3 milyon barel artdığını açıqlayıb. Hesabat dövründə benzin və distillə edilmiş neft məhsullarının ehtiyatlarında da artım qeydə alınıb. Ehtiyatlara dair rəsmi məlumatların isə çərşənbə günü açıqlanacağı gözlənilir.
Ekspertlər bildirirlər ki, Körfəzdə son 9 ay ərzində vaxtaşırı baş verən gərginlik artıq bazar üçün adi hala çevrilib və bu hadisələrin neft qiymətlərinə təsiri zaman keçdikcə azalıb. Genişmiqyaslı müharibə yenidən başlamadığı təqdirdə, neft bazarı regionda baş verən bu cür hadisələrə uyğunlaşmağa davam edir.