Azərbaycan və İtaliya kritik xammal sahəsində birgə müəssisə yaratmağı planlaşdırır

Azərbaycan və İtaliya kritik xammal sahəsində əməkdaşlığı genişləndirmək, o cümlədən Afrika və dünyanın digər regionlarında layihələrin həyata keçirilməsi üçün birgə müəssisələr yaratmaq niyyətindədirlər.

Trend-in müxbirinin məlumatına görə, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

Onun sözlərinə görə, tərəflər daha əvvəl kritik xammal üzrə ilk anlaşma memorandumunu imzalayıblar. Bu gün isə əldə olunmuş razılaşmaların icrasını nəzərdə tutan və birgə müəssisələrin yaradılmasını ehtiva edən sənədin imzalanması planlaşdırılır.

"Roma şəhərində nazir ilə keçirdiyimiz görüşdən sonra kritik xammal üzrə ilk anlaşma memorandumunu imzalamağımızı mühüm hesab edirəm. Bu gün isə həmin razılaşmanın icrasını nəzərdə tutan, o cümlədən Afrikada və dünyanın digər regionlarında birgə fəaliyyət göstərmək üçün müəssisələrin yaradılmasını ehtiva edən sənədi imzalayırıq. Kritik xammal məsələsi sənaye rəqabətqabiliyyətliliyi baxımından fundamental əhəmiyyət daşıyır", - deyə o qeyd edib.

 

Tayani, həmçinin Azərbaycanı İtaliyanın strateji tərəfdaşı adlandırıb və son illərdə İtaliya Prezidenti Serco Mattarella və Baş nazir Corcia Meloninin Azərbaycana səfərlərinin ikitərəfli tərəfdaşlığın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan-İtaliya biznes forumunda birgə dəvətə müsbət cavab verən 200-dən çox İtaliya şirkəti iştirak edir.

Tayani forumun iki ölkə arasında iqtisadi əməkdaşlığı yeni səviyyəyə yüksəldəcəyinə və onun praktiki nəticələrinin genişlənməsinə imkan yaradacağına ümidvar olduğunu bildirib.