İtaliyanın maliyyə qurumu "Cassa Depositi e Prestiti" (CDP) Azərbaycanla iqtisadi əməkdaşlığın, o cümlədən istehsal sahəsinə investisiyalar, ixrac, infrastruktur və yeni texnologiyalar istiqamətlərində genişləndirilməsi üçün böyük potensial görür.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda "Cassa Depositi e Prestiti" (CDP) təşkilatının Beynəlxalq bazarların inkişafı departamentinin rəhbəri Loran Frankiozi deyib.
Onun sözlərinə görə, İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr getdikcə möhkəmlənir və ikitərəfli ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi enerji sektorunun payına düşür.
“İtaliyanın Azərbaycana ixracı hələlik nisbətən kiçik paya malikdir və məhz bu sahədə böyük artım imkanları görürük. Söhbət yalnız ticarət dövriyyəsinin artırılmasından deyil, həm də istehsal sahəsinə investisiyalardan, texnologiyalardan və şirkətlər arasında əməkdaşlığın genişləndirilməsindən gedir. Ölkələr artıq birgə layihələrin həyata keçirilməsi təcrübəsinə malikdir. Bunlara İtaliyanın Snam və Saipem şirkətlərinin iştirak etdiyi Trans-Adriatik Qaz Boru Kəməri (TAP), eləcə də "Ansaldo" və "Azersun Energy" arasında əməkdaşlıq daxildir. "WeBuild" və "Valvitalia" şirkətləri də CDP qrupunun ekosisteminə daxildir və iki ölkə arasında mövcud sənaye tərəfdaşlığının nümunələridir”, - deyə o bildirib.
Onun sözlərinə görə, növbəti vəzifə əməkdaşlığı neft-qaz sənayesinin ənənəvi sahələrindən kənara çıxarmaqdır.
“Buraya qabaqcıl istehsal, maşınqayırma, kritik xammal, infrastruktur, perspektivdə isə yeni texnoloji istiqamətlər daxildir. CDP ikitərəfli iqtisadi əlaqələrin inkişafında xüsusi rol oynaya bilər. Belə ki, təşkilat yalnız maliyyə qurumu kimi deyil, həm də iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərini birləşdirən platforma kimi çıxış edə bilər. CDP şirkətlərin ixracını və beynəlmiləlləşməsini dəstəkləyir, sənaye investisiyalarının həyata keçirilməsində onlara dəstək göstərir, layihələrin reallaşdırılması üçün kapital cəlb edir. Bundan əlavə, beynəlxalq tərəfdaşlarla birlikdə regionda strateji infrastruktur layihələrini nəzərdən keçirə bilərik. Biz həmçinin şirkətlərə bir-birini tapmaqda kömək edirik, çünki investisiyaların həyata keçirilməsi üçün ilk addım çox vaxt uyğun tərəfdaşın müəyyənləşdirilməsi olur”, - deyə Frankiozi bildirib.
Sənaye və maliyyə sahələrində əməkdaşlığın perspektivlərindən danışan Frankiozi Azərbaycan İnvestisiya Holdinqi və onun idarəetməsindəki şirkətlərlə, xüsusilə də SOCAR ilə əməkdaşlıq potensialını qeyd edib. Onun sözlərinə görə, bu əməkdaşlıq ixrac və tərəfdaşlıq üçün yeni imkanlar açır.
Bundan əlavə, Frankiozi CDP-nin regional nəqliyyat və enerji bağlantılarının inkişafında maraqlı olduğunu vurğulayıb. O, xüsusilə Orta Dəhlizin infrastrukturu və Qara dənizlə Xəzər dənizi arasında enerji bağlantılarının digər maliyyə institutları ilə mümkün əməkdaşlıq formalarının nəzərdən keçirilməsi baxımından maraq doğurduğunu bildirib.