Ələtdə neft koksu emalı müəssisəsi yaradılacaq

Ələtdə neft koksu emalı müəssisəsi yaradılacaq.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda deyib.

Valeh Əsgərovun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) xarici investorlarla əməkdaşlıq çərçivəsində məlumat mərkəzinin (data mərkəzinin) yaradılması nəzərdə tutulur. Layihə üçün 11,5 hektar ərazi ayrılıb və onun layihələndirilməsi və tikintisinə yaxın aylarda başlanılması gözlənilir.

O bildirib ki, ƏAİZ-in inkişafının birinci mərhələsi çərçivəsində 60 hektar ərazidə işlər 2023-cü ilin iyununda başa çatdırılıb. Həmin vaxtdan etibarən zonaya investorların cəlb edilməsi istiqamətində işlər aparılır.

V.Ələsgərovun sözlərinə görə, azad zonada öz müəssisələrini yaratmaqda maraqlı olan şirkətlərin sayının artması səbəbindən əlavə 138 hektar ərazidə tikinti işlərinə təxminən 18 ay əvvəl başlanılıb və iki ay əvvəl başa çatdırılıb. Hazırda həmin ərazidə bir neçə şirkət qeydiyyatdan keçib.

O qeyd edib ki, qeydiyyatdan keçən şirkətlərdən biri 23 hektar ərazidə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə başlayıb.

 

“Bundan əlavə, həmin ərazidə xarici investorlarla birgə məlumat mərkəzinin yaradılması üçün 11,5 hektar sahə ayrılıb. Əminəm ki, bir neçə aydan sonra bu məlumat mərkəzinin layihələndirilməsi və tikintisinə başlanılacaq. Paralel olaraq daha iki məlumat mərkəzinin yerləşdirilməsi ilə bağlı da işlər aparılır”, - deyə o bildirib.

İdarə Heyətinin sədri əlavə edib ki, investorların tələbatı nəzərə alınaraq ağır sənaye üçün ayrılmış 366 hektar ərazinin baş planı hazırlanıb və burada daxili infrastrukturun yaradılması üzrə işlərə başlanılıb.

“Bu ərazidə artıq ikinci investor tərəfindən neft koksunun emalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Gələcəkdə burada təkcə neft koksu emal edilməyəcək, həm də alüminium sənayesində istifadə olunan koks anodları istehsal olunacaq. Bununla da Azərbaycanda alüminium sənayesinin genişləndirilməsi üçün zəmin yaradılacaq”, - deyə V.Ələsgərov vurğulayıb.

O, həmçinin ƏAİZ-də fəaliyyət göstərən investorlar üçün maliyyə və qeyri-maliyyə güzəştləri paketinin təqdim edildiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, investorlar bütün növ vergilərdən, o cümlədən korporativ vergilərdən, azad zonaya idxal və zonadan ixrac zamanı vergilərdən və gömrük rüsumlarından azad edilirlər. Eyni zamanda, valyuta əməliyyatlarına və mənfəətin repatriasiyasına heç bir məhdudiyyət qoyulmur.

V.Ələsgərov qeyd edib ki, biznes layihələrinin qiymətləndirilməsi, lisenziyaların verilməsi, qeydiyyat və digər xidmətlər dövlət və hökumət qurumlarının iştirakı olmadan, birbaşa zonada “bir pəncərə” prinsipi əsasında həyata keçirilir. Bu güzəştlər ƏAİZ-in xarici investorlar üçün cəlbediciliyinin artırılmasına xidmət edir.