Antalya-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinə lazer ilə təxribat edilib

Antalya-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsi eniş üçün alçalarkən naməlum şəxs və ya şəxslər tərəfindən lazer işığına tutulub.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, PC-4022 nömrəli Antalya-İstanbul reysini həyata keçirən Airbus 320 tipli sərnişin təyyarəsi dünən axşam saatlarında Sabiha Gökçen hava limanına eniş zamanı lazer şüalarına məruz qalıb.

Qeyd edilib ki, təyyarənin pilotu Hava Hərəkətini İdarəetmə dispetçeri ilə əlaqə saxlayaraq təxribat barədə məlumat verib.

Hava Hərəkətini İdarəetmə dispetçeri isə durumu müvafiq orqanlara çatdırıb. Sərnişin təyyarəsi baş verən hadisədən sonra hava limanına problemsiz eniş edib.