Yekaterinburqda məhkəmə daha bir azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçib, digər azərbaycanlının da məhkəməsi olacaq

Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində 22 günlük həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, o, şübhəli şəxs qismində tanınır.

xxx

12:43

Məhkəmə zalına iş üzrə təqsirləndirilən daha bir şəxs - 1963-cü il təvəllüdlü Akif Səfərov gətirilib.

Trend-in məlumatına görə, o da digər saxlanılanlar kimi 2000-ci illərin əvvəlində Yekaterinburqda baş vermiş hadisələrlə bağlı şübhəli bilinir.

İstintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə iclası qapalı rejimdə keçirilir.

 

İlkin məlumata görə, A.Səfərov Yekaterinburqda fəaliyyət göstərən “Kaspiy” kafesinin direktorudur. O, evlidir və yetkinlik yaşına çatmış övladları var.

xxx

12:07

Rusiyanın Yekaterinburq şəhərində zor tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlı ilə bağlı məhkəmə prosesində Məzahir Səfərov barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Trend-in məlumatına görə, o, və daha bir neçə azərbaycanlı sifarişli qətllərdə ittiham olunur. Onlardan bəzilərinin barəsində bu gün qətimkan tədbiri seçiləcək.

Məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı baş konsulunun vəzifəsini icra edən Şöhrət Mustafayev və Yekaterinburqdakı Azərbaycan diasporuna rəhbərlik edən “Azərbaycan-Ural” ictimai təşkilatının sədri Şahin Şıxlinski də iştirak edirlər.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.