Xəzər dənizi vasitəsilə Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb

Xəzər dənizi vasitəsilə Azərbaycana 510 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər dənizində keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb.

Sentyabr ayının 27-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizində naməlum hədəf aşkar edilib.

Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri tərəfindən təqibetmə əməliyyatına başlanılmış, sahil nəzarəti bölmələri sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirib.

Azərbaycan ərazi sularında və sahilboyu ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində üzmə vasitəsinin saxlanılması məqsədilə "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq atəşi açılıb, üzmə vasitəsi Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilə yan almağa məcbur edilib.