Türkiyəli ekspertlər Gürcüstanda hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığı zonada işləri başa çatdırıblar

Türkiyəli mütəxəssislər Gürcüstanda C130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığı zonada işlərini başa vurub vətənə qayıdıblar.

Bu barədə AZƏRTAC-a noyabrın 24-də Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik qeyd edib ki, təyyarə qalıqlarının Kayseri əyalətindəki Türkiyə Hərbi Hava Qüvvələri bazasına daşınması prosesi davam edir.

Bundan əvvəl Türkiyənin müdafiə naziri Yaşar Güler 20 hərbçinin həyatına son qoyan faciənin səbəbləri ilə bağlı ilkin hesabatın hazırlanmasının ən azı iki ay çəkəcəyini bildirmişdi.

Bu müddət ərzində TUSAŞ-ın mütəxəssisləri təyyarənin uçuş məlumatlarını ehtiva edən qeyd cihazındakı qeydləri nəzərdən keçirəcək və qəza yerindəki mütəxəssislərdən hesabat alacaqlar.