İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanların son vəziyyəti açıqlandı (FOTO/VİDEO) (YENİLƏNİB)

Dron hücumları nəticəsində, Naxçıvan Hava Limanında xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Babək rayon Nəhrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin qiymətləndirilməsi məqsədilə tibbi müayinələr aparılır.

Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov da hadisə zamanı xəsarət alıb. Onun çiyin nahiyəsində yaralanma qeydə alınıb. Yaralıya tibbi müdaxilə olunub və zəruri müalicə tədbirləri görülüb. Hazırda müalicəsi davam etdirilir.

Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Hazırda onun müalicəsi davam etdirilir.

Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb. Ona tibbi yardım göstərilib və müalicəsi davam etdirilir.

Həkimlərin verdiyi məlumata əsasən, yaralıların vəziyyəti stabildir, həyati təhlükə yoxdur. Səhiyyə müəssisələri tərəfindən zəruri tibbi tədbirlər görülür və xəstələrin vəziyyəti nəzarətdə saxlanılır.

Səhiyyə Nazirliyi ictimaiyyəti yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etməyə çağırıb.

xxx
14:10

İranın Naxçıvana dron hücumu ilə bağlı Naxçıvan Səhiyyə Nazirliyinə dörd nəfərdən müraciət daxil olub.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib.

 

Onun sözlərinə görə, xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir:

"Onlardan iki nəfərə baş-beyin travması, digər iki nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Hazırda hər biri müvafiq şöbələrə yerləşdirilib və müalicələri davam etdirilir".