Qışda ağacda saxlanılan narın şöhrəti Kanadaya çatıb

Qış mövsümü olmasına baxmayaraq, sabirabadlı fermer bağındakı nar məhsulunu təbii şəkildə ağacda qoruyub saxlayır. Sorağı Kanadadan gələn bu narlar öz keyfiyyəti və dadı ilə seçilir. Təsərrüfat sahibi builki məhsul yığımı zamanı da ənənəsinə sadiq qalaraq, narların bir qismini ağacda saxlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad rayonunun Muradbəyli, Yuxarı Axtaçı, Əsgərbəyli və Qasımbəyli kəndləri nar bağları ilə tanınır. Hər il bu kəndlərdən daxili bazarla yanaşı, xaricə də məhsul çıxarılır.

Bəzi bağbanlar narı qış mövsümündə də ağacların üzərində qoruyub saxlayır. Əsgərbəyli kəndindən olan fermer Nahid Soltanzadə də artıq illərdir bu sahədə təcrübə qazanıb: “Öküzburun” sortu olan narlar dadı və görünüşü ilə diqqət çəkir, həm də çox məhsuldardır. Bu narlara tələbat çoxdur. Avqust ayında yığıma başlayırıq, oktyabr ayında demək olar ki, yığım bitir. Ağaclarda əvvəlcədən seçdiyimiz narları saxlamaq üçün onu örtüyə alırıq və həmin narlar dekabrın sonuna qədər ağacda qalır. Burada əsas şərt narların düzgün seçilməsidir, bu da təcrübə tələb edir. Belə yolla məhsulu elə ağacda təravətli şəkildə saxlaya bilirik. Bu il məhsulumuz bol oldu. Payızda məhsul ucuz olduğu üçün, əsasən qışa saxlamağa üstünlük veririk. Hətta bu il Kanadaya da satış həyata keçirdik və çox bəyənildi. Artıq “Öküzburun” narı Azərbaycan brendinə çevrilir. Tələbat var və ixracı artırmaq üçün yük şirkətləri ilə işi daha da genişləndirməyi planlaşdırırıq".

Əsgərbəyli kəndində örtüklə qorunan narlara digər bağlarda da rast gəlmək olur. Mirbağır Həşimzadə deyir ki, narlar ağacda nə qədər çox qalarsa, dadı da o qədər ləzzətli olur. “Narları örtüyə almaqda məqsəd onları yağışdan, quşlardan qorumaqdır. Nar ağacda qaldıqca dənələri böyüyür, tumları da kiçilir. Qışda narın qiyməti də münasib olur. Ona görə də bağda daha çox nar saxlamağa çalışırıq”, - deyə o əlavə edib.