İran, ABŞ, İsrail arasında yaşanan münaqişə dünyanın üzləşdiyi ən pis enerji böhranını yaradır.
Trend xarici mediaya istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol Fransanın yerli radiostansiyalarından birinə müsahibəsində deyib.
“Bu, həqiqətən də tarixin ən böyük böhranıdır. Rusiya ilə bağlı neft və qaz böhranının təsirlərini də buna qatsaq, vəziyyət artıq son dərəcə ciddidir”, – o bildirib.
Birol bu ayın əvvəlində bildirmişdi ki, qlobal enerji bazarlarında mövcud vəziyyət 1973, 1979 və 2022-ci illərdəki böhranların məcmu təsirlərindən daha ağırdır.
Qeyd edək ki, Yaxın Şərqdəki müharibə qlobal neft və mayeləşdirilmiş təbii qaz axınlarının beşdə birinin keçdiyi Hörmüz boğazında dəniz nəqliyyatını ciddi şəkildə məhdudlaşdırıb.
Xatıladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.