Qazaxıstanda ikinci AES Balxaş gölünün sahilində inşa edilə bilər

Qazaxıstanın ikinci atom elektrik stansiyasının (AES) Balxaş gölünün sahilində inşa edilməsi planlaşdırılır.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev məlumat verib.

O bildirib ki, layihə ilə bağlı qərar artıq verilib və üç perspektivli sahə nəzərdən keçirilir. Stansiyanın işçi adı Moyinkum AES-dir.

Onun hər biri 1200 MVt gücündə iki blokdan ibarət olması planlaşdırılır. Çinin CNC şirkəti tikinti üzrə prioritet tərəfdaş hesab olunur.

Xatırladaq ki, Qazaxıstanın ilk atom elektrik stansiyası Balxaş gölünün sahilində, Almatı vilayətinin Jambıl rayonunda inşa edilir.