İranın zənginləşdirilmiş uranın ABŞ-yə təhvil verilməsi məsələsi danışıqlar zamanı heç vaxt müzakirə olunmayıb və ya qaldırılmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Beqai mətbuat konfransında deyib.
“İranın zənginləşdirilmiş uran ehtiyatlarının ABŞ-yə və ya başqa bir ölkəyə təhvil verilməsi məsələsi nə hazırkı, nə də əvvəlki danışıqların heç bir mərhələsində qaldırılmayıb. Prinsip etibarilə, bu variant gündəmdə deyil”, - deyə o bildirib.
Qeyd edək ki, aprelin 17-də ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehranın zənginləşdirilmiş uranı İrandan çıxarmaq üçün birlikdə çalışacaqlarını və İslam Respublikasının Birləşmiş Ştatlardan heç bir dondurulmuş aktiv almadan nüvə proqramını qeyri-müəyyən müddətə dayandırmağa hazır olduğunu iddia edib. ABŞ lideri, həmçinin İranla potensial razılaşmanın əksər şərtlərinin artıq razılaşdırıldığını vurğulayıb.